“Son ağlımıza” müraciətimiz düşmənlərimizi qorxuya salır
Azərbaycanda qalaqlanmış problemlərin həlli AXC-Müsavat iqtidarının süqutundan sonra start götürməyə başlamışdır. Bu tarixi missiya ümummilli lider Heydər Əliyevin üzərinə düşmüşdü. Ümummilli lider paytaxta qədəm basan kimi işə başlamışdı. Bir sözlə, iş işbilənə həvalə olunmuşdu. O da qısa vaxt ərzində böyük işlər gördü. Atalarımız "Çörəyi ver çörəkçiyə, birini də üstəlik" demişlər. Problem onu həll etməyi bacarana tapşırılmışdı. Nəticə də göz qabağındadır. Problem pillə-pillə, qanunauyğun bir tərzdə öz həllini tapmışdı.
1993-cü ilin iyun ayının 9-dan sonraya nəzər salsaq, ilbəil irəliləyişin dairəsinin genişlənməsi müşahidə edilər. Qısa vaxt ərzində sabitliyin bərpa olunması həm də AXC-Müsavat iqtidarı nümayəndələrinin ayrı-ayrı partiyalar daxilində fəaliyyətə başlamalarına zəmin yaratmışdır. Ancaq sonrakı illərdə müxalifət partiyalarının funksionerləri xalqın dəstəyini qazanmağa nail olmadılar. Əksinə, xalq onun mənafeyini müdafiə edən, ümummilli liderin bünövrəsini qoyduğu dövləti dəstəkləmək qərarını qəbul etmişdi.
Xalq 1993-cü ilin iyununadək, ötən beş il ərzində, onun adından istifadə edib, xarici ölkələrin kəşfiyyat orqanları və maliyyə qurumlarına xidmət edənlərin fırıldağına bir daha aldanmağı lazım bilmədi. Deyir bir daha aldanan xalq ona vəd verənə ikinci dəfə şans verir. İkinci aldanışdan sonra üçüncü, dördüncü və beşincinin təkrarına yol verilmir. Ümummilli liderin bərpa etdiyi sabitlik işığına yığışmış AXC-Müsavat iqtidarının ayrı-ayrı funksionerləri xalqdan elə bir sərt təpki aldılar ki, bundan sonra onlar indiyədək özlərinə gələ bilmirlər. Sözsüz ki, bundan sonra da gələ bilməyəcəklər. Onların bugüngü fəaliyyətsizliyi və daxili qarşıdurması buna parlaq misal ola bilər.
Mənfur ermənilər İrəvana, Qarabağa və ərazilərimizin digər bölgələrinə köçdükdən sonra adət-ənələrimizlə tanış olmuş və verdiyimiz son qərarı çox bəyənmişdilər. "Kaş müsəlmanın sonrakı ağlı məndə olaydı" ifadəsini də bu cür yaradıblar. Biz 1988-1993-cü illərdə "əvvəlki ağlımız"la iş görmüşük. Əvvəl Aqanbeqyanın Paris bəyanatına, sonra Topxanada ağaclarına qırılmasına haqlı etirazımızı bildirmişik. Ancaq aramızda ermənilərə dəstək verən ölkələrin rəsmi orqanları ilə əməkdaşlıq əlaqəsi yaradanlarımızın əleyhimizə işlədiklərindən gec xəbər tutmuşuq. Onlar da bizi gözübağlı 20 Yanvar, Xocalı faciələrindən keçirdilər, Dağlıq Qarabağ və onun ətrafında yerləşən şəhərlərimizi və yaşayış məntəqələrimizi düşmən tapdağı altından qoydular. Nəticədə bir milyondan çox qaçqınımız evsiz-eşiksiz qaldı.
Azərbaycanda müxalifət partiyası adı altında Əlikram Hümbətov, Surət Hüseynov, Rəhim Qazıyev, Fəhmin Hacıyev, Rövşən və Mahir Cavadov qardaşları və onların dəstəkçiləri qismində cinayətkar qruplaşmalar yaranmışdı. Biz yalnız bundan sonra "ikinci ağlımızı" işə salmalı olduq. Bu, siyasət məsələsi ilə məşğul olmağı siyasətçiyə tapşırmaq idi. Xalqın əsil dəstəkçiləri yeganə əlacın ümummilli lider Heydər Əliyevi paytaxta dəvət etmək olduğunu bildirdilər. Ümummilli liderin Bakıya qayıdışı iyunun 9-na təsadüf edirdi.
Ayaz Mütəllibovdan hakimiyyəti zorakı yolla təhvil alan AXC-Müsavat iqtidarı beş ilin hakimiyyət yolunun birinci ilinin axırlarında kökü kəsilmiş ağac kimi yıxılmışdı. Bacardıqları 1993-cü il iyunun 4-də bu iqtidarın bəzi mənsubları ölkəni vətəndaş müharibəsinə sürükləmələri oldu. Xalqın "sonrakı ağlı" işə düşdükdə, hakimiyyətə işbacaran gəldi, nəticədə bu tör-töküntülər qaçıb-dağılışmaq yolunu tutdular.
Hazırda ümummili liderin 1993-cü ilin yayından etibarən bünövrəsini qoyduğu siyasət 16 ildir ki, uğurla yürüdülməkdədir. Biz isə həmişə "sonunca ağlımız"ın gücünə arxalanmalıyıq. O zaman nə ermənilər, nə də onların havadarları torpaqlarımıza göz dikə bilməzlər. Elə ki, unutqanlığa yol verib, "birinci ağlımız"ın diqtəsinə boyun əydik, o vaxt siyasətbazların güdazına gedib, ermənilərin torpaq iştahası üstündə köklənən bədxah dövlətlərin buyruğu ilə oturub-durmağa başlayacağıq. Allah bizi "sonrakı ağlımız"dan məhrum etməsin.