PDF Oxu

Köşə

  • 13

Barak Obama bin Ladenin hədəfində

Barak Obama bin Ladenin hədəfində
Keçənlərdə bir müdrik qoca varmış. Yolun qırağında oturub, qabağına ayrı-ayrılıqda dörd yekə daş qoyub, deyərmiş ki, söz satıram. Bir çoxları da bu müdrik adama təəccüblə baxıb, yanından keçər, ona lağ edərmişlər. Ölkənin hökmdarı həmin yol ilə keçərkən, bu müdrik adamın qabağına dörd daş qoyub oturduğunu görür. Hökmdar qocaya yaxınlaşır ki, görsün bu qoca nə deyir, fikri nədir. Hökmdar qocaya yaxınlaşıb, hal-qəziyyəni öyrənir. Qoca deyir ki, bu dörd daşın altında dörd sirli söz var. Hökmdar öz-özünə fikirləşir ki, qoy bunun sirrinin axırına çıxım. Bəli, hökmdar qoca ilə razılaşıb, onu razı salır. Müdrik qoca birinci daşı qaldırıb deyir ki, birinci sirr budur ki, heç vaxt qadına sirr vermə. Qadına sirr verdin, oldun onun qulu. İkincisi odur ki, hər zaman səbrli ol, yoxsa bəlaya düşərsən. Üçüncü sirr budur ki, dilini dinc saxla. Dünyada insanın başına gələn bütün bəlalar onun dilindən gəlir. Dördüncüsü isə, odur ki, heç vaxt hökmdara həddən artıq yaxın olma. Çünki hökmdar da günəş kimidir, çox yaxın olsan, səni yandırar. Hökmdar bu sözlərdən o dərəcədə təsirlənir ki, həmin gündən müdrik qocanı özünə vəzir təyin edir.
İndi, ABŞ-ın prezidenti Barak Obamanın başı yaman dərddədir. Sadəcə, kişinin dili başına bəla olub. Qara dərili prezidentin müsəlman dünyasına yönəlik "Salam aleykum" deməsi nəinki onun üçün, bütün ABŞ üçün problemə çevrilib. Keçən il ABŞ-dakı prezident seçkilərinin yaman qızğın vaxtları idi. ABŞ prezidentliyinə namizəd Barak Obama seçkiqabağı çıxışlarında müsəlman dünyası ilə əlaqələrini möhkəmləndirmək, ABŞ-ın ondan əvvəlki prezidenti bala Buşun müsəlman dövlətləri ilə münasibətdə buraxdığı "quşları" aradan qaldırmaq üçün yenilik yolu tutmuşdu. Çoxları sensasiya kimi B.Obamanın ABŞ-ın ilk qaradərili prezidenti seçilməsini yox, məhz onun müsəlman dünyası ilə olan münasibətləri yoluna qoymaq üçün verdiyi bəyanatları göstərirdilər. Düzdür, B.Obama sonradan ABŞ-ın ilk qaradərili prezidenti də seçildi, hətta özünün Şərqdəki əsas müttəfiqi olan və Rusiya ilə yaxınlaşıb, ona üz çevirməyə çalışan Türkiyəyə gələrək önəmli mesajlar da verdi.
Amma məsələ burasındadır ki, onun İstanbul məscidində söylədikləri müsəlman dünyasında tamam başqa cür qarşılanmışdı. O vaxt, yəni, o vaxt deyəndə iki-üç ay bundan əvvəl Ağ Ev sahibinin verdiyi bəyanatlar yerinə düşmədi və demək olar ki, müsəlman ölkələrinin əksəriyyətində bunu bir "siyasi manevr oyunu" kimi qəbul etdilər və üstündən vaz keçdilər. Bir neçə gün əvvəl isə ABŞ prezidenti Misirə gəldi və Qahirədəki məsciddə bütün müsəlman dünyasına səslənərək sülh və birlik çağırışı etdi. Etməyinə etdi də, amma onun çağırışı Ağ Ev sahibi üçün ciddi problemlər də meydana çıxartdı. Sən demə, qarabala B.Obamanın müsəlman dünyasına yönəlik fikirləri istədiyi reaksiyanı verməyib və əvəzində, onu müsəlman dünyasını ələ salmaqda və müsəlmanlarla "məzələnmək"də itiham edirlər. Özü də bu kim ola, kim olmaya, Üsəma bin Laden! Öz ənənəvi videoyazı müraciəti ilə çıxış edən bu adam, açıqca bildirib ki, B.Obamanın sözləri saxtadır və onlara qarşı sərt mübarizə aparmaq lazımdır.
Paho, elə bu, bəs imiş ki, B.Obamaqarışıq bütün Amerika camaatı təşfişə düşsün. ABŞ rəhbərlərindən tutmuş vətəndaşlara qədər hamı düşüb bu Obamanın üstünə ki, a kişi, başına iş qəhətdir, dilini dinc saxla da. O dəqiqə də hamının yadına göydələnlərin bir anlığa külə çevrilməsi, yüzlərlə amerikanlının torpağa qarışıb məhv olması düşür və okeanın o tayında bunu yaxşı xatırlayırlar. Çətin ki, bu amerikalıların yadından çıxmış olsun. Bin Laden ABŞ üçün, sadəcə, bir qorxu kabusudur ki, var. İndi Obamanın işi yaman "fırıqdır". Ağ Ev sahibinin "Əl-Kaida" liderinin hədələrinə cavab olaraq, hansı addımı atacağı məlum olmasa da, əsası odur ki, Vaşinqton ciddi bir problemə girdiyinin fərqindədir. Budur, Obamanın prezidenti olduğu ABŞ-ı daima hədəfə alan, onu müsəlman dünyasına qarşı qırğın aparmaqda ittiham edən Üsamə bin Laden əməlli-başlı qarabala Obamanı necə qaralayıbsa Ağ Ev sahibi açıqca Qahirədəki sözlərinə düzəlişlər etməyə və bin Ladeni öz səmimiliyinə inandırmağa çalışır. Obama deyir ki, o öz çağırışında səmimidir. Amma qarşı tərəf də deyir ki, bəs bu illər ərzində prezidenti olduğun ABŞ-ın yaxın Şərqdə tökdüyün müsəlman qanını kimin ayağına yazaq?
Bir sözlə, Obama bir çağırışa görə özünü yaman işə salıb. Ah, Obama, Obama. İncimə, səndən qabaqkılar o qədər müsəlmanların başına bəla açıblar ki, tay Şərqdə sənə inanan qalmayıb! Get Ağ Evin bağçasında uşaqlarınla voleybol oyna. Çünki nə bu dünya daimidir, nə də prezidentlik.

Digər xəbərlər