PDF Oxu

Köşə

  • 7

15 iyun - yaddaşlarda yaşayan tarix

15 iyun - yaddaşlarda yaşayan tarix
1993-cü ildə ümummilli lider Heydər Əliyevin Bakıya qayıtması Azərbaycanın bir neçə yerə parçalanmasının qarşısını aldı. Qəribəsi o idi ki, 1988-ci ildən sonra hakimiyyət kürsüsünü tutanlar güclü dövlətlərdən birinə arxalanmağa üstünlük verirdi. Əbdürrəhman Vəzirov və Ayaz Mütəllibov qeyd-şərtsiz çökmüş sovetlərdən qalan Moskva məmurlarına itaət edirdi. Hər biri iki il hakimiyyət kürsüsündə qala bildi.
Özünü xalqın tərəfdarı kimi göstərən AXC-çilər Ə.Vəzirov və A.Mütəllibovla qarşıdurma şəraitdə hakimiyyət kürsüsünə can atırdılar. Ə.Vəzirov gəlişi ilə 1988-ci il 17 noyabr - 5 dekabr fasiləsiz mitinqləri dağıtdı, gedişi ilə 20 Yanvar faciəsini törətdi. A.Mütəllibov Ə.Vəzirovun axıtdığı qan üstündən keçərək hakimiyyət kürsüsünü tutdu, gedənə kimi 26 fevral Xocalı soyqırımının törədilməsinin qarşısını almadı, Şuşanın, Laçının və Kəlbəcərin, eləcə də digər ərazilərimizin işğalına rəvac verdi.
Xocalı soyqırımından sonra A.Mütəllibov hakimiyyət kürsüsündən uzaqlaşdırılmış, prezident səlahiyyətləri Yaqub Məmmədova verilmişdi. A.Mütəllibov üç ay götür-qoy etdikdən sonra, prezident səlahiyyətini özünə qaytarmaq qərarına gəldi. Bunun üçün o, mayın ortalarında Ali Sovetin binasına gəlib, estafeti Y.Məmmədovdan deputatların köməyi ilə almağı planlaşdırmışdı. Ən münasib gün 1992-ci ilin 15 mayı hesab edilmişdi. İki həftə əvvəldən A.Mütəllibovu burada Hacı Əbdülün qoçu dəstəsi gözləyirdi.
Təyin olunan gün A.Mütəllibov Ali Sovetin binasına gəldi. Ancaq AXC-nin "Sahil" bağından etdiyi yürüş Hacı Əbdülün qoçu dəstəsinin arzusunu gözündə qoydu. AXC-çilər Ali Soveti mühasirəyə alıb, A.Mütəllibovu qovdular. "Bir günlük xəlifəlik" tragikomik ab-hava ilə başa çatdı. A.Mütəllibov Rusiyaya qaçdı. Hakimiyyətə gələnədək AXC-çilər daxili parçalanmaya məruz qalıb, bir neçə qütbə bölünmüşdülər. Burada ABŞ-a, Rusiyaya və Avropanın ayrı-ayrı ölkələrinə stavka edənləri tapmaq olardı. AXC-nin bir illik hakimiyyəti dövründə Rəhim Qazıyev Rusiyanın maraqlı dairələri ilə əlaqəsini kəsməmişdi. Arif Hacıyev isə Milli Məclisdəki çıxış zamanı təmsilçisi olduğu iqtidarın "doqquz ölkəyə xidmət etdiyini" bildirmişdi.
Hər bir dövlət məmurunun bu və ya digər dövlətin diqtəsi ilə işləməsi bir yana, hakimiyyətlərinin bir ili ərzində AXC-çilər dövlət səviyyəsində ciddi bir iş görməyi lazım bilməmişdilər. Yəni nə hüquq-mühafizə sistemində bir dəyişiklik yaratdılar, nə də iqtisadi sahədə islahatlar apardılar. Konstitusiya müddəalarının qəbul edilməsi də heç kəsin yadına düşmədi. Xülasə, vəzifə pilləsi tutan hər bir məmur böyük acgözlüklə cibişdanını doldurmağa çalışırdı.
Bir ilin tamamına yaxın AXC iqtidarı təmsilçiləri hücum edib, Xankəndini almaqla, özlərini doğrultmağa cəhd etdilər. Bu yerdə bədxahlarımız Surət Hüseynov faktorunu ortaya atdılar. S.Hüseynov da Gəncədəki Rusiya ordusunun qalıqlarının xidmətindən istifadə etməklə rəqibi Ə.Elçibəyi, İ.Qəmbərov, P.Hüseynov və digərlərini cəzalandırmaq yolu tutdu. Prosesin davam etdiriləcəyi təqdirdə, bədxah supergüclərin təzyiqi ilə ölkə bir neçə tərkib hissəsinə bölünəcək və onların başında oturmaq istəyənləri isə çıraqla axtarmaq lazım gəlməyəcəkdi. Əlikram Hümbətov pis bir nümunə göstərərək, Muğan, Lənkəran və Lerik zonasında "Talış-Muğan Respublikası" yaratdığını elan etmişdi. Başqa məkrli niyyətlər də gerçəkləşdirilə bilərdi.
Proseslərin qarşısını almağın ən münasib variantı Heydər Əliyevin Bakıya gəlişi oldu. Bundan sonra onun gördüyü işlər nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən xilas oldu. Bu iş ümummilli liderin yuxusuz gecələri hesabına başa gəldi. Buna görə hər bir Azərbaycan vətəndaşı ulu öndər Heydər Əliyevə borclu olduğunu yadda saxlamalı və vətənin hər qarışı uğrunda qəsbkarlarla mübarizə aparmaq üstündə köklənməlidir. Biz daim xatırlamalıyıq ki, vətənimizi bizə bütöv halda ümummilli liderimiz ərməğan etmişdir.
Qədirbilən xalqımız hər il iyunun 15-ni Milli Qurtuluş Günü kimi qeyd edərək, dahi öndərimiz Heydər Əliyevin xidmətlərini unutmadıqlarını xatırladırlar. Ümummilli liderimiz isə bizə hava-su kimi lazım olan siyasi sabitlik bəxş etmişdir.

Digər xəbərlər