Radikalların mövqelərində haçalanma müşahidə edilməkdədir
"QRUH"-da birləşən altı partiyanın payızda keçiriləcək bələdiyyə seçkilərinə birlikdə gedəcəkləri şübhə doğurmaqdadır. Çünki sədr postu üçün xaricdən müəyyən edilmiş maaş kifayət qədər yüksəkdir və "altılar"ın hər biri həmin pulları məhz özlərinin qazanmasını istərdilər. Hələ ki, "QRUH"-çular sədr problemini aradan qaldırmaq üzərində baş sındırmaqdadırlar.
Onu da xatırlatmaq istərdik ki, "QRUH" daxilindəki partiyalar ayrılıqda öz şəxsi problemlərini yaşamaqdadırlar. Radikallardan kənar partiya və qurumlar da iyrəncikliklərə göz yuma bilmirlər. Məsələn, "ANİF" prezidenti Eldar Namazov radikallarla birgə işləməkdən imtina etməli olmuşdur. Müsavat partiyasında, Rauf Arifoğlu getdikdən sonra, hələ də ehtiraslar səngiməmişdir. Müsavat funksionerləri Vurğun Əyyubov, Qabil Hüseynli, Gülağa Aslanlı və digərləri İ.Qəmbərovun başqanlıq postundan istefasını tələb edirlər. İ.Qəmbərov isə iki ayağını bir başmağa dirəyib, könüllü olaraq sədrlik postunu tərk etməyəcəyini və partiyadan getmək istəyənlərin yollarının açıq olduğunu bildirir. Onun əleyhdarları İ.Qəmbərovun yola salınmasının başqa üsulları üzərində baş sındırırlar.
"QRUH" daxilində bələdiyyə seçkilərinə getməyin qeyri-mümkün olacağı təqdirdə, Müsavat seçkilərə öz dar dairəli ətrafı ilə təklikdə getmək niyyətindədir. "Azadlıq" bloku seçkilərə tək gedəcək və Müsavatın onlara qoşulacağı təqdirdə, blok bu partiyanı "əsil müxalifət partiyası" kimi tanıyıb, onlarla əməkdaşlıq edəcəkdir. Müsavatın mərkəzi aparatının rəhbəri Arif Hacıyev isə "Azadlıq" blokunu Müsavata qoşulmağa çağırır. Özü də onların qarşısına şərt qoyur: "Azadlıq" bloku yalnız siyasi və ideoloji formatda təmizləndikdən sonra Müsavatla konsesus yarada bilər".
"ACP" daxilində isə funksionerlərin əksəriyyəti partiya sədri Akif Şahbazovun əleyhinə çevrilmişdir. Sədr müavini Zəminə Dünyamalıyeva ən çox sevdiyi "qarayara" kəlməsini A.Şahbazova doğru yönəltmişdir. Onun dediyinə görə, "A.Şahbazov partiya üçün sağalmaz "qarayara"ya çevrilmişdir. "ACP" funksionerləri Rəsul Quliyevin də sədrləri haqda mənfi fikirdə olduqlarını bildirib, A.Şahbazova qarşı çıxmışlar. Deyilənə görə, o, R.Quliyevin göndərdiyi pulları sağa-sola xərcləyir və mərkəzi qərargahda az-az görünür. A.Şahbazov isə bölgələrdəki rayon təşkilatlarına gedib, yığıncaqlar keçirdiyini bildirir. "ACP" öz problemləri ilə yaşayır və seçkilərə getmək haqda az düşünür.
"MBH" lideri "QRUH"-a üzv olsa da, Əvəz Temirxanla münasibətlərini tənzimləyə bilmir. Lalə Hacıyeva müavinini özündən uzaqlaşdırmağa çalışır. O, "QRUH"-un dağılmayacağı təqdirdə, seçkilərə bu qurumla getmək istəyir. Ə.Kərimov, L.Hacıyeva və Ə.Əliyev bələdiyyə seçkilərinə "Azadlıq" bloku daxilində gedə bilərlər. Bəs Müsavat və "DUİ"-nin "QRUH"-dankənar fəaliyyətləri necə nəzərə çarpır?
"DUİ" Müsavatdan fərqli olaraq "QRUH"-un üzvü deyil. "Demokratiya Uğrunda İttifaq"a beş partiya daxildir: "KAXCP", "Azadlıq" partiyası, "BAP", "MDP" və AXP. Bu partiyalar bələdiyyə seçkilərinə "DUİ" daxilində gedəcəklər. Onlar radikal mətbuat vasitəsilərində, bu partiyaların funksionerlərini dönə-dönə xatırladırlar. Bəs Müsavat neyləyəcək?
Əgər İ.Qəmbərov partiyadaxili narazılığa son qoya bilsə, bələdiyyə seçkilərinə "QRUH" sədri kimi gedəcəkdir. Əgər bu niyyət baş tutmasa, o zaman "babalı əleyhdarların boynuna". Xatırlatmaq istəyirik ki, nə Müsavat, nə də müsavatçılar fil qulağında yatmamışlar və zaman-zaman öz ətraflarını möhkəmləndirməyin qayğısına qalmışlar. Bu gün Müsavat ətrafında üç kiçik partiya möhkəm dayanmışdır. Birincisi, Bədrəddin Quliyevin sədri olduğu "CXP", ikinci Vaqif Hacıbəylinin sədri olduğu "Əhrar" partiyası, üçüncü isə Mirfazil Həmidin sədri olduğu "Demokratik Birlik Partiyası"dır. Xatırladırıq ki, adları çəkilən partiyalar bir vaxt Müsavatın nəzdində fəaliyyət göstərən "Bizim Azərbaycan" blokundan qalmadırlar.
"QRUH"-un iflas olacağı təqdirdə, Müsavat bu azlıqla da bələdiyyə seçkilərinə gedə bilər. Ümumiyyətlə, götürdükdə isə, radikallar bələdiyyə seçkilərinə getməyə da bilərlər. Bir də görün, bir-iki mitinqinin baş tutmadığını bəhanə gətirən hər hansı bir radikal partiya bələdiyyə seçkilərini boykot etmək yolu tutdu. Radikalların fəaliyyətinin hamar və cilalanmış olduğunu zənn edənlər yanıla bilərlər. Onların hərəkətləri məntiqi yox, şəraitdən doğan emosionallıqla bağlıdır. Beş dəqiqə əvvəl israrla bir fikri müdafiə edən radikallar, qısa vaxt ərzində tamamilə başqa mövqeni eyni çılğınlıqla dəstəkləyə bilərlər. Yəni bələdiyyə seçkilərindən üz döndərib, deyə bilərlər ki, parlament seçkilərinə üstünlük veririk və s.