“QRUH” sədrliyi mübahisə mövzusuna çevrilib
"Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı" ("QRUH") üzvləri bələdiyyə seçkilərində birlikdə getmək fikrindədirlər. Ancaq hər birinin ağzından bir avaz gəlir. Məsələn, İsa Qəmbərov deyir ki, o, "QRUH"-un sədr kürsüsünü tutmaq istəyir. Əli Kərimov isə seçki komissiyasına başçılıq etmək istəyir. Əlbəttə, Lalə Hacıyeva və Sərdar Cəlaloğlu onların bu fikirləri ilə bölüşmürlər. ADP sədri belə hesab edir ki, "QRUH"-a İ.Qəmbərov və Ə.Kərimov yox, neytral şəxs başçılıq etməlidir. S.Cəlaloğlu özünü və L.Hacıyevanı məhz neytral şəxs hesab etdiyini bildirir. İqbal Ağazadə və Əli Əliyev isə heç bir əsas gətirmədən "QRUH"-a ancaq özlərinin layiq olduqlarını bildirirlər.
"QRUH"-daxili qarşıdurma get-gedə güclənməkdədir. Bəs mübahisəyə səbəb nədir? Nə səbəbə "QRUH" üzvləri öz aralarında ümumi razılıq əldə edə bilmirlər? Bu və ya digər suallara cavab tapmaq üçün partiyaların qərargahlarına yollandıq. Hər partiyanın bir neçə funksioneri ilə fikir mübadiləsi apardıqdan sonra maraqlı nüanslar üzə çıxardıq.
Yəqin etdik ki, "QRUH"-daxili didişmələrin real əsasları vardır. "QRUH"-un vəzifə pillələrində daha yüksək yer tutmaq istəyinin əsasında maddi maraq dururmuş. Bu səbəbdən də, "altılar"ın hər bir lideri daha yüksək posta iddia irəli sürürmüş. Mübahisə bu gün də davam etdirilməkdədir. Ayrı-ayrı funksionerlərin dediklərinə görə "QRUH"-un fəaliyyətini maliyyələşdirməyi boynuna götürən "SOROS" fondu hər ay qurum sədrinə 2000, müavinlərə 700-1000, seçki siyahılarına başçılıq edənlərə isə 1500 dollar maaş verəcəyini vəd etmişdir. Fond hərəkatın xeyli təmsilçisinə ay ərzində 300 dollar verəcəkdir.
Fond bununla işini başa çatdırmayıb, əməli iş üçün pul buraxacağını bildirmişdir. "SOROS"un başlıca şərti "QRUH" üzvlərinin daha çox icazəsiz aksiya keçirmələri, hüquq-mühafizə orqanları ilə qarşıdurmalar yaratmaları, iğtişaşlar törətmələridir. İlk vaxtlar ay ərzində bir, daha sonra isə bir neçə etiraz aksiyası keçirmək, son məqamlarda isə əks həmləyə keçirmək nəzərdə tutulur. Bu tələblərə əməl edilməyəcəyi təqdirdə, "QRUH" liderləri fondun dəstəyindən məhrum ediləcəklər.
Hələlik, "altılar" sədr vəzifəsinin kimə həvalə olunması məsələsində razılıq əldə etməmişlər. İ.Qəmbərovun "QRUH" sədri postunu tutması çoxlarını qane etmir. Deyirlər ki, Müsavat başqanının nüfuzu olsaydı, ona öz partiyasında hörmətlə yanaşardılar. Rauf Arifoğlunun İ.Qəmbərovdan, Qulamhüsyen Əlibəylinin isə Ə.Kərimovdan ayrılması həm Müsavat, həm də AXCP (i) liderlərinin siyasi reytinqinə ciddi zərbə vurmuşdu. Odur ki, "QRUH"-un digər üzvləri bu şəxslərin sədr postuna yaxınlaşmalarına yol verməyəcəklərini bildirirlər. Ancaq həm İ.Qəmbərov, həm də Ə.Kərimov saman çöpündən də yapışmağa hazır vəziyyətdə dayanıb, öz namizədliklərinin reallığını ön plana çəkirlər.
"MBH" lideri Lalə Hacıyeva və ADP sədri Sərdar Cəlaloğluna gəldikdə, onların da namizədliyini sual altına alanlar kifayət qədər çoxdur. L.Hacıyevaya deyirlər ki, uzun müddət Əvəz Temirxanla öküzün dərisini birlikdə soymaqda davam edib bıçağı quyruğunda sındırmaqla radikal siyasətdə reytinqə nail olmaq qeyri-mümkündür. S.Cəlaloğlunu isə R.Quliyevlə əlaqəni qırmaqda və nəticədə ADP-ni yarım güclə işlətməkdə ittiham edirlər. Lalə və Sərdarın yalançı neytrallıqlarına gəldikdə, bunun "QRUH"-da vacib rol oynamadığını bildirirlər.
"Ümid" sədri İqbal Ağazadə və "VİP" sədri Əli Əliyevə gəldikdə, çoxları bunlara xüsusi diqqət göstərməyi lazım bilmirlər. "QRUH"-da "VİP"-lə "Ümid" sonuncu pillədə dayanan partiyalar kimi təqdim edilir. "VİP" sədri Ə.Əliyev uzun müddət "Azadlıq" blokunda təmsil olunan Ə.Kərimov və L.Hacıyevanın quyruğunda sürünmüşdü. İ.Ağazadəyə gəldikdə, o öz "Ümid"i ilə həmişə radikalların arxa cəbhələrində sülənmişdi. Sürünənlərin və sülənənlərin isə "QRUH" sədrliyinə qalxmaları, hətta nəzəri cəhətdən də mümkün deyil.