PDF Oxu

Köşə

  • 14

Çiçəklənən Azərbaycana doğru

Çiçəklənən Azərbaycana doğru
Azərbaycan Demokratik Respublikasının elan olunmasının 91 ili mayın 28-də tamam olmuşdur. Bu səbəbdən, 28 may ölkəmizdə Respublika Günü kimi qeyd edilir. Müstəqilliyin ilk təməl daşlarını qoyanlar Birinci Dünya müharibəsinin sonlarında çar Rusiyasının Almaniyaya uduzmasından səmərəli surətdə yararlanmağı qət etmişlər. 1918-ci il martın əvvəllərində Almaniya ilə Brest sülh müqaviləsini Leninin başçılığı ilə kommunstlər imzalamışlar. Müqavilə Belorusiya, Ukrayna, eləcə də Rusiyanın şərq hissəsinin almanlara verilməsi şərti ilə imzalanmışdı. Bu cür biabırçı şərtləri ancaq Rusiya kommunistləri qəbul edə bilərdi.
O vaxt Cənubi Qafqazda xaos və dərəbəylik baş alıb gedirdi. Rusiya kommunsitləri çox zəif idi. Bakı neftini isə alman və ingilis silahlı dəstələri ələ keçirmək istəyirdilər. Bakıda silahlanmağa nail olmuş ermənilər sənaye şəhəri Bakı ətrafına toplaşmış ağqrvardiyaçıların qalıqları ilə birləşərək, Bakıda və ətraf Quba, Şamaxı, Salyan və digər rayonların dinc əhalisinə divan tutmağa başladılar. Qardaş Osmanlı ordusunun vaxtında köməyə yetişməsi erməni silahlı dəstələrinin məhvi ilə nəticələndi.
Bu gün bir çoxlarına elə gəlir ki, Türkiyə ordusunun Bakıya yürüşünə heç bir maneçilik törədilməmişdir. Əslində, Almaniya və İngiltərə dövlətləri Türkiyəni bu hücumdan çəkindirməyə çalışmışdır. Türklər isə bu və ya digər maneələri dəf edərək Bakıya yürüş edib erməni və havadarlarını pərən-pərən salmışdı. Türkiyə ordusunun qardaş köməyi nəticəsində Lənkərandakı vəhşi diviziya əsasında Azərbaycan ordu quruculuğunun formalaşmasına zəmin yaranmışdı. Bu sahədə Mehmandarov, Şıxlinski və digər hərbi komandanlarımızın xidməti danılmazdır.
Azərbaycan Xalq Cümhuriyyətinin bu sipər üzərində bərqərar olması və o vaxt ucaldılan bayrağın düz 23 ay enməməsi bünövrənin möhkəmliyindən xəbər verirdi. Ancaq Xanxoyskinin başında durduğu hökumət 1920-ci ilin 28 aprelində süqut mərhələsinə qədəm qoydu. 11-ci qırmızı ordunu paytaxtımıza şimal küləyi gətirmişdi. Tezliklə Gürcüstan və Ermənistan respublikaları da sovetləşdi. 1991-ci ilin 18 noyabrında Azərbaycan Respublikasının müstəqilliyi elan edilənədək, 71 il sosializm cəmiyyətində yaşayıb, kommunizmin "işıqlı gələcəyi"nə doğru addımladıq. Kommunizmin bir ölkə daxilində qələbəsinin mümkünlüyünü əsaslandıran Leninin fikrincə, "kommunizm 1980-ci ildə bərqərar" olmalı idi. 73 il ərzində bu ideya gerçəkləşmədi. Deməli, yanlış ideya idi. Sovet İttifaqı Kommunist Partiyasının baş katibi postunu Qorbaçov tuturdu. Ondan əvvəl bu postu qısa müddət ərzində Andropov və Çernenko tutmuşdu. 1965-ci ildən etibarən bu postda 18 il Brejnev oturmuşdu.
Qorbaçov Brejnevin hakimiyyət illərini "durğunluq" dövrü kimi xarakterizə edib, özünün "qlastnostu" şəraitində "perestroyka" islahatlarını həyata keçirirdi. Əgər Brejnev xalq və kənd təsərrüfatını dövlət strukturlarının köməyi ilə həll etmək istəyirdisə, Qorbaçov Sovet İttifaqının sütunlarını laxladırdı. Cəmi bir neçə il ərzində Qorbaçov "perestroyka"sı beşiyində boğuldu. Bu çöküm Cənubi Qafqaz respublikalarının müstəqilliklərinin elan edilməsi ilə nəticələndi. Ermənilər 20-ci əsrin ilk rübündə olduğu kimi, yenə Kremlə sığınaraq Azərbaycana qarşı ərazi iddiası irəli sürməyə başladı.
Müstəqilliyimizin qısqanclıqla müşayiət olunaraq, 20 Yanvar qırğını, Xocalı soyqırımı, 7 inzibati rayonumuzun işğalı, 20 min oğul və qızlarımızın şəhid edilməsi və bir milyondan çox qaçqını ilə didərgin düşməsi ilə davam etməsi sanki tale nəsibimiz olmuşdu. Azərbaycan öz müstəqilliyinin 91-ci ildönümündə də canavarlar əhatəsində yaşamaqdadır. Ümummilli lider Heydər Əliyev ideologiyası və Onun siyasi varisi ölkə Prezidenti İlham Əliyev cənablarının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan əbədi olaraq yüksək inkişaf göstəriciləri ilə öz mövcudluğunu qoruyub saxlayacaqdır. Xəbis erməni siyasətbazları və onların xristian havadarlarına isə, karvan ötüb keçdikdən sonra uzaq ulduzlara baxıb ulamaq qalacaqdır.
Azərbaycanın hazırkı iqtisadi yüksəlişi və məğlubedilməz müsəlləh ordusu erməni havadarlarının kürklərinə birə salmaqdadır. Azərbaycan iqtidarı rəqiblərimizə gözdağı olan bu birələrin daha da böyüməsinə və xalqın güzəranının daha da yaxşılaşmasına zəmin yaradacaqdır.

Digər xəbərlər