PDF Oxu

Köşə

  • 11

Ayaz Mütəllibov qayıdıb, hüquq-mühafizə orqanlarına təslim olmaq istəyir

Ayaz Mütəllibov qayıdıb, hüquq-mühafizə orqanlarına təslim olmaq istəyir
Bakıda 20 Yanvar qığını üstündən keçib, hakimiyyət kürsüsünü tutan, ancaq faciəyə obyektiv siyasi qiymət verməyən Ayaz Mütəllibov daha sonra Xocalı soyqırımına rəvac verdi, nəhayət, Şuşa və Laçının işğalında xüsusi canfəşanlıq göstərdi. O, həmişə xalqın, dövlətin mənafeyini SSRİ rəhbərliyinin ermənipərəst istəklərinə qurban vermişdi. Quyruğu qapı arasında qalanda, moskvalı himayədarlarına sığınmalı olmuşdu.
ASDP üzvlərinin verdikləri məlumata görə, düz 17 il Moskvaya sığınan və Rusiya Dövlət Duması tərəfindən müdafiə edilən A.Mütəllibov Azərbaycan paytaxtına qayıtmaq fikrindədir. Bəs nə üzlə? ASDP funksionerləri onun üzüörtülü gəlməyə də razı olduğunu bildirmişlər. A.Mütəllibovun üzüaçıq dönüşü qeyri-mümkündür. Çünki o, 1990-1992-ci illərdə xalqının qanına susayanlara xidmət etmişdi.
Bir çoxları A.Mütəllibovun gəlişinin nə ilə əlaqədar olduğunu bilmək istəyirlər. ASDP-dən aldığımız məlumata görə, A.Mütəllibov Moskvada insidentlə üzləşmişdir. Hadisə bu cür olmuşdur. A.Mütəllibov mayın 25-də Moskva küçələrində gəzişərkən, Kaputnı rayon milis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, dörd saat ərzində təcridxanaya salınmışdır. Nəhayət, o, yüz min dollar ödədikdən sonra azadlığa buraxılmışdır. Kaputnı rayon milis idarəsinin rəisi Vladimir Mironov ondan əlavə bir milyon dollar istəyib. Bunun üçün o, A.Mütəllibova üç ay vaxt verib.
A.Mütəllibov axşam radələrində saxlanıldığından gecə milis idarəsində qalmalı olmuşdur. Onun V.Mironovla vətənpərvərlik mövzusunda söhbəti də olmuşdur. O, rəisə yarınmaq üçün Azərbaycanda hakimiyyətdə olduğu müddətdə ruspərəst siyasət yeritdiyini və daim Rusiyanın maraqlarını qoruduğunu bildirmişdi. V.Mironov isə onun bu hərəkətinə qətiyyən haqq qazandırmamış, A.Mütəllibovu satqın və xain adlandırmışdır. V.Mironov demişdir ki, öz xalqına və millətinə xəyanət edən adam başqa ölkəyə fayda verə bilməz.
İldə bir neçə və ya bir neçə ildə bir dəfə bu cür insidentlərlə üzləşən A.Mütəllibov artıq bu cür pul ödəncləri verməkdən təngə gəlmişdir. Milis idarəsini tərk etdikdən sonra, o, Bakıdakı sosial-demokrat dostları ilə əlaqə saxlamağa cəhd etmişdi. ASDP həmsədri Araz Əlizadə həmkarından nə istədiyini soruşmuşdu. ASDP həmsədrləri Ayazla Araz arasında çox qısa bir dialoq olmuşdu. Ayaz Bakıya qayıtmaq istədiyini bildirmiş, Araz isə ona Moskvada qaxılıb oturmağı məsləhət bilmişdi. A.Əlizadə ASDP-nin mühacir həmsədrinə ağır oturub batman gəlməyi, vermirlərsə yeməməyin, döymürlərsə qaçmamağın ən düzgün hal olduğunu qeyd etmişdi. A.Mütəllibov içərisinin ASDP funksionerni, çölünün isə onu milyarder hesab edən Rusiyanın hüquq-mühafizə orqanı rəhbərliyini yandırdığını vurğulayıb, "Azərbaycana qayıdıram" demişdir. Araz Əlizadə: "Qalsan, əsəb xəstəliyinə tutulacaq, gəlsən, cəzanı çəkəcəksən" demişdir.
A.Mütəllibov A.Əlizadədən münasib cavab almadığı üçün Müsavat başqanı İsa Qəmbərov və AMİP lideri E.Məmmədovla telefon əlaqəsi yaratmışdır. Hər iki partiya başçısı "Burada bizim əlimiz bala batıb, sən gəlib çatan kimi yağa batacaq" cavabı verib, A.Mütəllibova rişxənd etmişlər. Ancaq A.Mütəllibov özünü adları çəkilən radikallardan daha bədbəxt hiss edir. Hakimiyyət kürsüsü tutduğu vaxt xalqına və dövlətçilik ənənələrinə qənim kəsilənin ən yüngül cəzası belə olmalıdır.
Bir vaxt A.Mütəllibovu dəstəkləyib, şəninə mədhnamələr qoşanlar da bir vaxt ətəyində namaz qılmağa hazır olduqları bu adamın heç adını da çəkməyi lazım bilmirlər. Hacı Əbdül A.Mütəllibovun sədr olması üçün yaratdığı liberal-demokratik partiyanın daşını atıb, öz hücrəsinə çəkilərək, tövbə yolu tutmaqdadır. Şeyx Əbdül isə A.Mütəllibovu dəstəkləyənlərin siyahı cədvəlini kənara tullayıb, tamaşaçılardan meyxanaçılara SMS göndərmələrini xahiş edir. Görünür, o zaman o siyahı qazanc gətirdiyi kimi, bu gün Şeyx Əbdülün qazancı SMS-dən çıxır. A.Mütəllibovun növbəti dəstəkçisi ASDP-dir ki, bu partiya da öz işini A.Mütəllibovun mühacirət həyatı keçirməsi üzərində qurub. Onlar üçün mühacir həmsədrlərinin Moskvada sülənməsi, Bakıya dönüşündən daha sərfəli görünür. Belə olacağı təqdirdə, A.Mütəllibovun dönüşü üçün ən azı 17 il vaxt lazım gələcəkdir.

Digər xəbərlər