Rusiyaya dair verdiyimiz proqnozlar özünü doğrlutmaqdadır. Mixail Qorbaçovun və Boris Yeltsinin vaxtlarında Rusiyanın əlindən çıxan, yaxud çıxarılan ərazilər və mövqelər yenidən geri "alınır". Özü də sürətlə. Məsələ burasındadır ki, hazırda Rusiyada hakimiyyət başında olan, həmçinin, siyasi elita baxımından gənc hesab edilən hakimiyyət komandası əməlli-başlı tarixi məsələlərə girişib. Xüsusilə, Dmitri Medvedev-Vladimir Putin cütlüyü, həddindən artıq böyük məsələlərə girişiblər və açıq şəkildə demək lazımdır ki, bu situasiya Rusiyanın gələcək tarixi və nəsilləri üçün böyük katalizator rolunu oynayır. Ən azı bu əsrin axırlarına qədər Rusiyanın gələcəyinin necə olacağı, dünya siyasətinə hökmranlıq edəcək, yaxud əl-ayaq altında qalacaq bir ölkə olacağı indiki işlərdən və onların nəticələrindən asılıdır.
Rusiyada hakimiyyət başında olan və şərti olaraq "Sankt-Peterburq cavanları" adlandırdığımız V.Putin-D.Medvedev koalisiyası Rusiyanı öz köhnə qüdrətinə qaytarmaq istəyirlər. Bu fakt artıq o dərəcədə real şəkildə gündəmə gəlib ki, artıq bu iş Qafqazlardan başlayaraq ta Yaxın Şərqə qədər gedib çıxmaqdadır. Bir vaxtlar, konkret desək, keçən əsrin 70-ci illərində SSRİ rəhbəri Leonid Brejnevin və ondan sonrakı Yuri Andropovun Qərbə və ABŞ-a qarşı xüsusi manevr dəhlizi kimi istifadə etdikləri Yaxın Şərq, yenidən Rusiya üçün həmin əhəmiyyəti kəsb etməyə başlayıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvanın Yaxın Şərqə dönməsi ilə bağlı açıq bəyanatları, İsrailə qarşı sərt ittihamlar və "HƏMAS"-ı müdafiə edən fikirlərlə çıxış etməsi, onu göstərir ki, Rusiya istənilən halda "böyük oyun"a hazırdır və bu işdə israrlıdır. Düzdür, qətiyyən gözləmək lazım deyil ki, Qərb, xüsusilə, ABŞ Moskvanın son "genişlənmə planına" Avropa qəhvəsi içə-içə tamaşa etmir. Düzdür, bir həqiqət var ki, son beş il ərzində Avropa ölkələri ilə ABŞ arasında maraqlar açıq şəkildə toqquşur və hərənin öz maraqları var. Fransa, Almaniya, Böyük Britaniya artıq Vaşinqtonun əmrlərinə tabe olmur və daha çox iqtisadi maraqları üçün çapalayır.
Deməli beş-altı il bundan əvvəl beş-on dövlətlə İraqın üstünə hücum edən ABŞ, indi həmin ölkələrin nifrət hədəfinə çevrilib. Niyə? Ona görə ki, əvvəlcə müttəfiqlərinə İraq neftindən böyük pay söz verən ABŞ, sonradan onlara iki barmağının arasını göstərəndə Avropa ölkələri onunla "haqq-hesabı" birdəfəlik kəsdi. Vaşinqton "nüvə silahı axtarmaq" adı ilə taladığı İraqın sərvətlərini avropalılara vermədi və nəticəsini indi-indi açıq şəkildə hiss edir. Yəni, onların yenidən aldanıb ABŞ-ın əl oyuncağına çevrilmələri gözlənilən iş deyil. Həm də bir fakt var ki, indi DÜNYA SİYASƏTİ DAHA ÇOX İQTİSADİ MARAQLAR ÜZƏRİNDƏ QURULUB. Onlar da öz iqtisadi maraqları üçün çapalayır və bu proses Rusiyanın Yaxın Şərq siyasətində köməyinə gələ bilər. Yəni, Avropa ölkələri əvvəlki tək Ağ Evin maraqlarına görə Moskva ilə üz-üzə gələsi durumda deyillər.
Sözsüz ki, bu yerdə Kremlin ən bacarıqlı işi o olardı ki, Avropa ölkələrini iqtisadi plan əsasında özünün genişlənmə işində əsas amilə çevirsin. Avropa ilə iqtisadi tərəfdaşlıq Rusiya üçün gələcək planlar da az rol oynamır. Başqa bir yandan Moskvanın birbaşa xarici işlər nazirinin dili ilə "HƏMAS"-ı müdafiə etməsi, keçən əsrin 70-ci illərindəki SSRİ-nin Yaxın Şərq siyasətini xatırladır. Kim nə deyir-desin, Rusiya bütün cəbhə boyu hücuma keçib. Qafqazlardan başlamış ta Yaxın Şərqə qədər. Bəs Qərb Rusiyanın genişlənməsi qarşısında hansı addımları atacaq, bunu gələcək göstərəcək. Həm də ZAMAN ÇOX ŞEYİ YERİNƏ QOYACAQ. BİZ İSTƏSƏK DƏ, İSTƏMƏSƏK DƏ! Əgər nəzərə alsaq ki, Moskva hətta İsraillə də olan-qalan münasibətlərinin üstündən birdəfəlik xətt çəkməyi göz qarşısına alıb bu addımı atır, deməli, Moskva, sözün əsil mənasında "qayıdır".