PDF Oxu

Köşə

  • 6

ALP-də yoluxucu “qudurğanlıq” mərəzi

ALP-də yoluxucu “qudurğanlıq” mərəzi
Bu gün müxalifət daxilində ciddi qarşıdurmaların olmasını təsdiq etməkdə kimisə təəccübləndirmək qeyri-mümkündür. Müsavatla AXCP (i), "DUİ" ilə "QRUH" arasında ziddiyyətlərin kəskinləşməsi və eləcə də bu və ya digər radikal mövqeli partiyalar arasında funksionerlərin birinin digərinin sözünü eşitmək istəməməsi adi hal almışdır.
Lalə Hacıyeva ALP sədri postunu tərk edib "MBH" lideri kürsüsünə əyləşdikdən sonra da partiyasının ipini əlində möhkəm saxlamışdı. Diqqətli oxucularımız xatırlamış olarlar ki, Əvəz Temirxan uzun müddət ALP sədri kürsüsünə bir nəfər partiya üzvünü belə yaxın buraxmamışdı. Gənc liberalların liderləri Nuridə Turabovanı ALP sədri kürsüsünə oturmaq istəkləri baş tutmadı. Bir ildən çox davam edən mübahisə Ə.Temirxanın məhkəməyə müraciəti ilə nəticələndi. ALP-nin İcraiyyə Komitəsinin sədri olan Ə.Temirxan gənc Nuridəni məhkəmədə biabır etməkdən də çəkinmədi. Görünür, ALP sədri kürsüsündə özünün gözü vardı. Nəhayət, L.Hacıyeva bu vəzifəni Ə.Temirxana etibar etməli oldu.
Bu gün "MBH" lideri bu işə qol qoyduğuna görə özünü qınamaqdadır. Artıq həmkarlar arasında bir-birisinə qarşı etimadsızlıq yaranmışdır. L.Hacıyevanın Əvəz Temirxanı, Ə.Temirxanın isə L.Hacıyevanı görməyə gözü yoxdur. Vaxtilə aralarından su da keçməzdi. Doğrudanmı belədir? "MBH" liderinin dediyinə görə, Ə.Temirxanı heç vaxt qəbul etməmişdir. Bəs nə əcəb uzun müddət onunla liberal cəbhədə birləşib fəaliyyət göstərmişdir?
L.Hacıyevanın bu suala yeganə cavabı "əlacsızlıqdan" sözü ilə xarakterizə olunur. Deməli, "MBH" lideri, Ə.Temirxan sovet dövründə mühüm işlər üzrə müstəntiq işləyərkən, ona 20 min dollar borc vul vermişdi. Guya L.Hacıyeva bu pulu qaytara bilmədiyinə görə, Ə.Temirxanın təklifinə əməl edib, onu ALP sədri postuna təyin etməyə məcbur olmuşdu.
L.Hacıyeva bir neçə xarici ölkələrin şirkətləri ilə müştərək biznes əlaqəsi qurmuşdu. Xarici ölkə biznesmenləri ALP sədrinə ümumi qazancın 200 min dollar verəcəklərini vəd etmişdilər. Ancaq həmin biznesmenlər xeyli müddət işlədikdən sonra, böyük qazanc əldə edib, L.Hacıyeva ilə sağollaşmadan İtaliyaya qaçmışdılar. L.Hacıyeva hətta məhkəmə vasitəsi ilə də vəd olunan məbləği qaytara bilməmişdi. Onun dediyinə görə, Ə.Temirxandan aldığı 20 min dollar borcu, məhz biznesmenlərin verəcəkləri pulu aldıqdan sonra ödəmək niyyətində idi.
L.Hacıyeva mətbuat səhifələrində hadisə ilə əlaqədar bu fikirləri bildirmişdir: "Ən böyük səhv o oldu ki, ALP kimi partiyanın sədrliyinə Ə.Temirxanı gətirdim. Buna görə dərin təəssüf hissi keçirirəm. Ancaq bu addımı Ə.Temirxanın borcunu qaytara bilməməyim səbəbindən atmışam". "MBH" lideri öz əsəblərini Ə.Temirxanı "qudurmuş öküz" təhqiramiz ifadəsi ilə yamanlamaqla cilovlamağa çalışmışdır.
Ə.Temirxan isə L.Hacıyevanın ona ünvanladığı "qudurmaq" ifadəsini VHP sədri Sabir Rüstəmxanlıya doğru istiqamətləndirmişdir. Səbəb isə o olmuşdur ki, VHP sədri Lalə Hacıyeva haqda mətbuatda xoş sözlər işlətmişdir. Onun dediyinə görə, öz fəaliyyəti ərzində L.Hacıyeva həmişə Ə.Temirxanı dəstəkləmiş və əlində tutmuş olduğu gur məşəllə yüksəliş yolunu işıqlandırmışdır. Sən demə, sovetlər dövründə Ə.Temirxanın mühüm işlər üzrə müstəntiq işləməsində L.Hacıyevanın böyük xidməti olmuşdur. Ə.Temirxan VHP sədrinin fikirləri ilə tanış olduqdan sonra "Sabir Rüstəmxanlı qudurub" sözlərini deməklə kifayətlənmişdir.
Ə.Temirxan L.Hacıyevanın ittihamlarını da cavabsız qoymamışdır. Onun dediyinə görə, İ.Qəmbərov, Ə.Kərimov, E.Məmmədov və digər radikal mövqeli liderlərlə arasını öz ambisiyalı iddiaları ilə məhz L.Hacıyeva vurmuşdu. Ə.Temirxan ADP sədrliyindən könüllü surətdə imtina etməyəcəyini bəyan etmişdir. L.Hacıyeva isə başqa fikirdədir. O, ALP sədri postuna əvvəllər bu partiyanın üzvü olmuş ALDP sədri Fuad Əliyevi gətirmək istəyir. Hazırda bu yöndə danışıqlar aparılmaqdadır. Deyilənə görə F.Əliyev "böyük liberalizm" məcrasına qayıtmaq niyyətindədir. Hadisələrin bu cür inkişafı Ə.Temirxanın istəklərinin get-gedə daha çox dalana dirəndiyini nümayiş etdirməkdədir. L.Hacıyeva isə Ə.Temirxana qarşı ittihamlar səsləndirməkdə davam etməkdədir. Bu da Ə.Temirxanın barıt çəlləyi üstündə oturmasına işarədir.

Digər xəbərlər