Yeni Qafqaz savaşı başlanır (mı?)
Bakıda qonaq olan Mixeil Saakaşvilinin işi yaman "fırıqdır". Hörmətli qonağımızı Moskva yamanca, amma lap möhkəmcə "qaralayıb". Yenə Qafqazdan müharibə iyi gəlir, yenə Qafqaz barıt çəlləyinə dönəcək. Lənətə gələsən! Qafqaz 21 əsrin əvvələrində bir növ supergüclərin qapazaltısına çevrilib. Mən yazanda ki, qardaşım, bu Rusiya ilə Qafqazın göbəyində "məzələnmək", ona barmaq tuşlamaq Əzrayılla çilingağac oynamaq kimi bir şeydir, belədə mənə dodaq büzürdülər. Sonra da, keçən ilin avqustunda "nəticələrini gördülər", amma yaman pis gördülər. Rus "Zeniti"nə "Snikers" şokoladı tullamayacaqsan ki? Əlbəttə, yox. Başına bomba töküləndə avropalılar sənə üz də çevirməyəcəklər.
Artıq Moskva Tbilisinin naz-qəmzəsinə tab gətirmir və yaxın günlərdə rus əsgərinin çəkməsi yenə Gürcüstana çönəcək, rus bombaları isə yağış selinə dönəcək. Yazdıqmı? Bəli, yazdıq. Amma bu dəfə deyəsən, daha dəhşətli "bomba yağışı yağacaq". Çünki Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıq şəkildə deyib ki, Gürcüstan balaca da olsa "cızıqdan çıxsa", keçən ilin avqust ssenarisinə bu dəfə rəhmət oxuyacaq. Xüsusilə, NATO təlimlərinin yaxın qonşuluğumuzda keçirilməsi Kremli o dərəcədə əsəbiləşdirib ki, artıq Dmitri Medvedev Tbilisiyə "qulaqburması" vermək niyyətindədir. Hətta Vladimir Putinin hüquqi baxımdan Gürcüstanın ərazisi sayılan Abxaziyaya və Osetiyaya səfərə hazırlaşması artıq Kremlin, həqiqətən də, ciddi şəkildə Gürcüstanla "haqq-hesab" çəkməyə hazırlaşdığını göstərir. Yəni, builki bomba o dəfəkindən olmayacaq. Bir də bu dəfə yüz Qərb lideri də gəlsə, Gürcüstanı Rusiyanın əlindən qurtara bilməyəcək. S.Lavrovun açıqlamaları bu mənanı verirdi.
S.Lavrov bunu ona görə deyirdi ki, keçən il Qərb liderləri rus bombaları Tbilisiyə töküləndə, Qorinin yolunu tozanağa çevirmişdilər və məni o yandırırdı ki, Fransa prezidenti Nikolya Sarkozi özünü əməlli-başlı həlak edərək Kremldə D.Medvedevin qarşısında diz çökürdü. Əgər həmin hadisə Azərbaycana qarşı olsaydı, heç bir Qərb lideri qaşını da tərpətməzdi. Uzaqbaşı hovuzda fransız "ceyranları" ilə kef edə-edə "təəssüfləndirici" bəyanat verərdilər, VƏSSALAM! Bu tarixdir və bu fakt qətiyyən təkzib oluna bilməz. Rusiya da deyir ki, daha kim gəlirsə-gəlsin, lap müsyö N.Sarkozi fransız gözəlçəsini də özünə qoşub Qafqaza imdad üçün gəlsə, xeyri yoxdur! (Amma D.Medvedev bir az təvazökarsızlıq edir də. Necə yəni fransız gözəlinin qarşısında "əriməyəsən", heç olan işdir? Amma yox, Rusiyada hakimiyyətdə olan Sankt-Peterburq cavanları əməlli-başlı Rusiyanın taleyini həll etməyə girişiblər və indi onların gözünə fransız madmazelləri görünmür. Doğrudan da, Rusiyanın XXI əsrdəki gələcək taleyi, məhz bu Sankt-Peterburq cavanlarının işlərindən, yəni Kreml sükanını necə idarə etmələrindən asılıdır. Əhsən, Vladimir, əhsən, Dmitri! Sükanı belə saxla).
Deməli, 2009-cu ilin yayı da bir çox tarixi hadisələrlə zəngin olacaq. Kreml rəhbərlərinin dilindən eşidilən açıqlamalar bunu fakt kimi ortaya qoyur. Qısası, Rusiya deyir ki, Qafqaz həmişə mənim olub və bundan sonra da belə olacaq, heç kim gəlib dünyanın o başından burada mənə "oyun qaydaları" diqtə edə bilməz. Qərb isə M.Saakaşvilini Gürcüstanda hakimiyyətdə saxlamaqla, bir növ regionda öz "alınmaz qalasını" möhkəmləndirməyə çalışır. Amma bir məsələ də var ki, Rusiya bununla qətiyyən razılaşmır. Çünki heç uzağa getməyək, Rusiya cəmi-cümlətanı üç-dörd il bundan əvvəlki dövlət deyil. Bu, faktdır və D.Medvedev-V.Putin cütlüyü Rusiyanı əməlli-başlı genişləndirməyə, ən azı keçən əsrdəki mövqelərini geri qaytarmaq üçün işə başlayıblar. Bu, olduqca nostalji və rusiyalılar üçün qürurverici prosesdir.
İllər keçəcək, tarixçilər məhz Rusiyanın SSRİ-nin süqutundan sonrakı vaxtda dirçəlməyə doğru yön almasını bu insanların adı ilə bağlayacaq. Düzdür, hazırda Rusiyada sosial-iqtisadi durum kritikdir, kriminal situasiya xoşagələn deyil, amma qlobal baxımdan Rusiya DİRÇƏLİR! Deməli, Moskvanın Gürcüstana "göz ağartması" lap realdır. Qərb ya Moskva ilə toqquşmadan qaçıb Gürcüstanı bombalanmaqdan xilas etməli, ya da Tbilisini güdaza verib yüzlərlə gürcünü qanına qəltan ELƏTDİRMƏLİDİR, başqa yol yoxdur. Moskva isə heç kimə azacıq da olsun güzəşt etmir. İşin yamanca çətindir, Mişa!