Şeyx Əbdül həm də siyasi fəaliyyətlə məşğul olmuşdu
Artıq Şeyx Əbdül Mahmudbəyov siyasətdən danışmır. Görünür, papağını qarşısına qoyub, xeyli fikirləşdikdən sonra, siyasətlə məşğul olmağın ona fayda gətirmədiyini bütün çılpaqlığı ilə başa düşmüşdür. Çünki bacardığı işin qulpundan buraxıb, siyasət ümmanına baş vuran adam, uzun vaxt ərzində nail olacağını, qısa vaxt ərzində qazanmağın mümkünlüyünə daim aldanır. Bu gün Şeyx Əbdül bildiyi məsələlərdən danışır və bu sahədə itirilməkdə olan nüfuzunu asanlıqla qaytarmağa nail olur.
Bu gün Şeyx Əbdül siyasətlə məşğul olduğu məqamlara toxunmaq istəmir. Ümumiyyətlə, insan siyasətdən kənarda qala bilərmi? Məsələn, ANS telekanalında beş dəqiqəlik "zorxanası" olan "köhnə azərbaycanlı" Orxan Fikrətoğlu belə hesab edir ki, "əsil jurnalist siyasətdən kənar olub, quru informasiyalar verməklə vəzifəsini bitmiş hesab etməlidir". Ancaq onun özünün siyasətdən xali olduğu hiss olunmur. Ümumiyyətlə, heç bir peşə sahibi yaşadığı cəmiyyətin siyasi hadisələrindən uzaq olmaq imkanında deyildir. Hətta jurnalistlər də.
Bu gün Şeyx Əbdülün siyasi mövqeyini qabartmaması heç də onun siyasətdən kənar olduğuna dəlalət etmir. O, bu gün də siyasi proseslər daxilində nəfəs almaqdadır. Bizim narazılığımız Şeyx Əbdülün keçmiş siyasi fəaliyyətini açıb-ağartmaması və onun üstündən sükutla keçməsidir. Hətta dostları da onun keçmiş siyasi fəaliyyətindən bir kəlmə də olsa danışmırlar. Biz isə çoxlarının bildiyi bu faktı açıqlamağı, ağa ağ, qaraya isə qara deməyi məqsədəuyğun hesab edirik.
1988-ci il fasiləsiz mitinqlərindən əvvəl və sonra Şeyx Əbdül AXC sıralarına qoşulmamışdı. O, Əbdürrəhman Vəzirovu dəstəkləməsə də, ondan sonra Moskvanın barmağı ilə hakimiyyət kürsüsünə əyləşdirilən Ayaz Niyaz oğlu Mütəllibovu öz lideri kimi qəbul etmişdi. A.Mütəllibov hakimiyyətə 20 Yanvar faciəsi üstündən keçmişdi və Xocalı soyqırımının törədilməsində bilavasitə əli olmuşdu. Qaçanda da Azərbaycanın hansısa bölgəsinə yox, Moskvaya sığınmağı məqbul hesab etmişdi. Şərhsiz də başa düşmək mümkündür ki, A.Mütəllibovu qəbul edən hər bir şəxs, istisnasız olaraq, 20 Yanvar və Xocalı soyqırımına kumirinin göstərdiyi münasibəti göstərir.
Şeyx Əbdülə qədər A.Mütəllibova mədhnamə deyənlər kifayət qədər çox idi. A.Mütəllibovun ən çılğın müdafiəçisi Hacı Əbdül idi. Onun "Tövbə"si də, sonradan sədrini elan etmədən yaratdığı liberal mövqeli partiyası da A.Mütəllibovun tərifini göylərə qaldırırdı. Hacı Əbdülün kumiri önündəki ən "böyük" xidməti 1992-ci il mayın əvvəllərində Ayaz Mütəllibovu AXC-çilərin qəzəbindən qoruması olmuşdu. Hacı Əbdül bunu bacarmasa da, sözünün üstündə duraraq, hətta bir, iki və üç ildən sonra da A.Mütəllibovu nəzərdə tutaraq, "kişini gətirək, yerində - prezident kürsüsündə əyləşdirək" demişdi. Şeyx Əbdül A.Mütəllibovun ətəyindən bir qədər gec yapışdığından, kumiri önündə Hacı Əbdül qədər mədhnamə oxuya bilməmişdi.
Sosial-demokrat Zərdüşt və Araz Əlizadə qardaşları A.Mütəllibovla əməkdaşlıq əlaqəsini Hacı Əbdüldən də əvvəl qurmuşdular. Qardaşlardan ikincisi bu gün də öz mövqeyindən dönməmişdir. Əlbəttə, Şeyx Əbdül A.Mütəllibovu Əlizadə qardaşları səviyyəsində də təbliğ etməmişdi. Mütəllibovçuların siyahısı bununla bitmir.
Vaxtilə İqbal Ağazadə də mütəllibovçu olmuşdu. Ancaq o, A.Mütəllibovu dəstəkləyən "VBP" sədri Sabir Hacıyevdən ayrılıb, özünün müstəqil "Mühafizəkarlar" partiyasını yaratmışdı. S.Hacıyev öz "VBP" qalığını "MKM"-in tərkibinə qoşmuşdu. Bu vaxtlar Şeyx Əbdül "Ayaz Mütəllibovun hüquqlarını müdafiə komitəsi" yaradıb, kumirini sevənlərin siyahısını tərtib etməyə başlamışdı. Yalan-doğru, xeyli də ad toplamağa müvəffəq olmuşdu. O, səsini qaldıraraq qışqırmağa başladıqdan sonra, "VBP"-çilərin bir qismi S.Hacıyevdən ayrılıb, sosial-demokratlara qoşuldu.
Şeyx Əbdül bu uğuru öz adına çıxmışdı. O, daha sonra "komitə"sini buraxıb, Araz Əlizadəyə qoşuldu. Ancaq A.Mütəllibovun tərpənmədiyini görüb, mütəllibovçuluğun daşını atıb, siyasi fəaliyyətindən əl çəkdi və əvvəlki peşəsinə qayıtdı. O, həm də "Azad Azərbaycan" telekanalında aparılan meyxana verilişinin münsiflər heyətində əyləşir. Hansı işlə məşğul olması Şeyx Əbdülün demokratik hüququdur. Dost-tanışlarının da Şeyx Əbdül haqda xoş söz demələrinə müsbət münasibət göstəririk. Ancaq Şeyx Əbdül də, tanışları da onun siyasi fəaliyyətinin kölgələməməlidirlər.