PDF Oxu

Köşə

  • 11

“Cırtdan”ların blok yaratmaq istəyi radikalların rahatlığını pozub

“Cırtdan”ların blok yaratmaq istəyi radikalların rahatlığını pozub
Radikallar vahid bir blok yaratmağa nail olmasalar da, "Respublika və Qarabağ Uğrunda Vətəndaş Hərəkatı" təşviqat qrupundan ayrılmaq istəmirlər. Onlar bu məqsədlə "RQUH" ətrafında koordinasiya edilmiş bir blok yaratmaq və bütün müxalifəti təmsil etmək istəyirlər. Bu dəfə onlar bu blokun giriş və çıxışlarını bir qədər daraltmaq istəyirlər.
Müxalifət tarixində radikalların fəallığı müşahidə edilərkən, həmişə opponentləri də fəallaşmağa üstünlük vermişlər. Biz tarixə ekskurs etmədən, bu gün "cırtdanlar"ın radikallar əleyhinə birləşmək istəyindən danışacağıq. Bəli, "cırtdan" partiyalar sözləşib, güclü bir blok yaratmaq istəyirlər. "VAMBP" sədri Hacıbaba Əzimov, "AMDP" sədri Tufan Kərimov, "Əhrar" sədri Vaqif Hacıbəyli, "BMP" sədri Elşad Musayev, "Azadlıq" partiyasının sədri Əhməd Orucov və ümumilikdə, 30-dək partiya keçmiş "SİDSUH"-a oxşar bir blok yaratmaq haqda razılığa gəliblər.
"Cırtdan"ların yeni blokunun yaradıcıları H.Əzimova AMİP lideri Etibar Məmmədovu qurum rəhbərliyinə cəlb etmək tapşırığı vermişlər. "VAMBP" sədri bir neçə dəfə E.Məmmədovla əlaqə saxlayıb, yeni bloka sədr olmaq istəyinə münasibətini öyrənmişdir. Xeyli götür-qoy etdikdən sonra E.Məmmədov sədr postunu iki şərtlə qəbul etməyə razılıq verməyə hazır olduğunu bildirmişdir.
E.Məmmədovun birinci şərti "BMP" sədri Elşad Musayevin blokdan uzaqlaşdırılmasıdır. Bu şəxs AMİP Mərkəzi Şurasının baş katibliyindən istefa verərkən, E.Məmmədovun ünvanına təhqiramiz ifadələr səsləndirmişdir. "BMB" sədri E.Məmmədovu xarici qüvvələrə satqınlıq etməkdə, millətə xəyanətdə suçlandırmış və üstəlik, onu "hakimiyyətin nökəri" adlandırmışdır. Bu ifadələr E.Məmmədovun yaddaşından silinmədiyindən, o, indiyədək özünə gələ bilmir.
E.Məmmədovun ikinci şərti blokun maliyyə məsələsi ilə bağlıdır. Onun fikrincə, yeni bloku güc mərkəzinə çevirmək üçün, ilk növbədə, onun maliyyə problemi həll edilməlidir. H.Əzimov həmkarları ilə məsləhətləşdikdən sonra ikinci şərti qəbul etdiyini bildirmişdir. H.Əzimov bu məsələni onlara rəğbət bəsləyən yerli elitar dairələrin və xarici ölkələrin maliyyə təşkilatlarının yaxından köməyi ilə həll etməyin mümkünlüyünü vurğulayır. Onun fikrincə, E.Məmmədovun nüfuzu da maliyyə məsələsinin həllinə az kömək etməyəcəkdir. O ki qaldı "BMB" sədri Elşad Musayevin yeni yaradılacaq blokdan kənarlaşdırılması məsələsinə, H.Əzimov bu şərtin qəbuledilməz olduğunu bildirmişdir. Görünür, bu cür addımın atılması "cırtdanlar" arasında möhkəmlənməkdə olan zəncir həlqəsinin qırılmasına bərabər olardı.
Bu günlərdə "cırtdan" partiya təmsilçiləri bir araya gəlib məsələnin müzakirəsinə başlayacaqlar. "Cırtdanlar"ın xüsusi blok yaratmaları özləri üçün xoş xəbər olsa da, bu cəhdi mənfi qiymətləndirənlər də olmuşdur. "Azadlıq" siyasi bloku üzvləri və Müsavat partiyası funksionerləri "cırtdanlar"ın birləşmələrindən narahatlıq keçirməyə başlamışlar. İ.Qəmbərov, Ə.Kərimov və L.Hacıyeva bu amili nəzərə alaraq, müxtəlif üsullarla "cırtdanlar" daxilində parçalanma yaratmaq üçün cürbəcür planlar qurmağa başlamışlar. Radikalların "cırtdanlar"a münasibətdə bu cür təşviş keçirməsi qəribə səslənsə də, bu, həqiqətən, belədir. Qəribə cəhət isə odur ki, radikallar məhdud dairədə koordinasiya mərkəzlərini yaratmaq istədikdə, bu addımlarına haqq qazandırırlar. Bu mərkəzdən kənarda qalan "cırtdanlar" isə çoxluq formatında onların qarşısına çıxmaqla özlərinin mövcudluqlarını qorumaq və fəaliyyətlərini bundan sonra da inamla davam etdirmək istəyirlər.
Görünür, yaxın günlərdə Müsavat, AXCP (i) və "MBH"-nin kəşfiyyat şəbəkələri "otuzluğ"un blokadasını yarmağa cəhd edəcəkdir. O zaman radikallar iki üsula əl ata bilərlər. Ya yeni yaratdıqları koordinasiya mərkəzinin qapılarını açmalı, ya da vaxtilə Müsavatın nəzdində fəaliyyət göstərən "Bizim Azərbaycan" qurumuna oxşar bir blok yaratmalıdırlar. O vaxt "cırtdanlar"ın bəzilərinin bu tilova düşməsi ehtimalı yarana bilərdi. Ancaq o cür qurumların daxili mahiyyəti "DUİ"-yə məlumdur. İkinci bir tərəfdən H.Əzimov "cırtdanlar"ın möhkəm dayanacaqlarına əmindir.

Digər xəbərlər