Yeni koalisiya əvvəlki blokların uğursuzluq zolağından kənara çıxa bilməyəcək
Radikalların yuxarı dairələrində geniş dairəli koalisiyanın yaradılacağı haqda söz-söhbət gəzir. Deyilənə görə, bu koalisiya bütün müxalifət qüvvələrinin razılığı ilə yaradılacaqdır. Koalisiyada, əsasən, referendumdan əvvəl yaradılmış müxalifətin təşviqat qruplarına daxil olan partiyalar təmsil olunacaqdır. Müsavatın mərkəzi icra aparatının rəhbəri Arif Hacıyevin dediyinə görə, "Qarabağ və Respublika Uğrunda Hərəkat"ın bir neçə üzvü koalisiyada iştirak etməyə bilər. O, hərəkatda təmsil olmayan partiyaların nə koalisiyada təmsil olunmasının, nə də onlarla ayrıca koalisiya yaradılmasının nəzərdə tutulmadığını bildirmişdir.
"QRUH"-da təmsil olunan ALP-nin sədr əvəzi Əvəz Temirxanın dediyinə görə, yaranacaq koalisiyaya bundan sonra hər hansı bir partiya qəbul edilməyəcəkdir. Koalisiya ideyasını irəli sürən A.Hacıyev və Ə.Temirxanın dediklərindən belə başa düşmək olurdu ki, "Azadlıq" siyasi blokuna daxil olmuş AXCP (i), "MBH" və "VİP" koalisiyada qeyd-şərtsiz təmsil olunacaqdır. Yeni koalisiya bir növ İ.Qəmbərov, L.Hacıyeva, Ə.Kərimov və Ə.Əliyevin iştirakı ilə yaradılacaq bir blok olacaqdır.
Bəs "DUİ"-ni bu koalisiyanın sıralarına buraxacaqlarmı? Ə.Temirxanın dediyinə görə, referendum ərəfəsində "QRUH" yaranarkən, "DUİ"-yə onun sıralarına qoşulmaq dəfələrlə təklif olunmuşdu. Ancaq nə M.Fəttayev, nə Ə.Orucov, nə də "DUİ"-nin digər üzvləri bu təklifi qəbul etməmişdilər. Görəsən, AMİP-çilərin müraciət edəcəyi təqdirdə, onları yeni yaranacaq koalisiyanın sıralarına buraxardılarmı?
Ə.Temirxan referendum ərəfəsində həm "DUİ"-çilərlə, həm də E.Məmmədovla bu yöndə danışıqlar aparıldığını, ancaq müsbət nəticə əldə edilmədiyini bildirmişdir. Məlum olmuşdur ki, "DUİ"-çilər və AMİP-çilər iki ayaqlarını bir başmağa dirəyib, hərəkat adlanan təşviqat qrupunun sıralarına qoşulmaq istəməyiblər. Nə M.Fəttayev, nə də E.Məmmədov efir vaxtının bölüşməsi təklifini qəbul etməmiş, onlara daha çox vaxt ayrılmasını israr etmişlər. E.Məmmədov və M.Fəttayev hərəkatçılarla birgə kütləvi aksiyalar keçirmək, təşviqat aparmaq və müşahidə missiyası keçirməkdən imtina ediblər.
Ə.Temirxan yeni koalisiyaya qəbul olmağın yeganə bir yolu qaldığını bildirmişdir. Bu yeganə yol konsensusdan ibarətdir. Hər halda, hiss olunur ki, koalisiyapərəstlər heç də "DUİ" və AMİP-in tərəfdaşlığından imtina etmək niyyətində deyillər. Konsensus işığı isə bir o qədər də cəlbedici deyil. Çünki İ.Qəmbərov, Ə.Kərimov, S.Cəlaloğlu və digərləri E.Məmmədov və M.Fəttayevin "DUİ" və bu qurumdan əvvəlki blokların əks-təsiri ilə çox üzləşməli olublar. Bu amil bu gün də özünü göstərməkdədir.
M.Fəttayev hər bir parlament və prezident seçkisindən əvvəl yeni bir qurum yaradıb, yuxarıda adları çəkilən radikal liderlərin "üçlük" və "dördlük" kimi qruplaşmalarına qarşı ölüm-dirim mübarizəsi aparıb. Özü də çox vaxt təbliğatı onlarınkından güclü olub. M.Fəttayevin İ.Qəmbərov, Ə.Kərimov, R.Quliyev, S.Cəlaloğlu kimilərinə inanmamasının tarixi kökləri Müsavatpərəst "Bizim Azərbaycan" blokuna üzv olduğu dövrlərə gedib çıxır. Bu blok M.Fəttayev üçün fitnə və yalançılıq buxovuna çevrilmişdi. M.Fəttayevin "DUİ"-də təmsil olunması həm "Azadlıq" blokuna, həm Müsavata, həm də onların referendumdan əvvəlki hərəkatlarına ciddi zərbədir.
E.Məmmədova gəldikdə, bu adam 2003-cü il prezident, 2005-ci il parlament seçkilərindən sonra heç vaxt radikal bloklara qoşulmayacağını bəyan etmişdi. O, rəqiblərini səmimiliyinə inandırmaq məqsədilə, hətta AMİP sədri postunu da tərk etmişdi. Bir daha təkrar edirik ki, E.Məmmədov sabitliyin hökm sürdüyü bir vaxtda kütlələrin arxasınca qaçaraq, bu cür qazancı qəbul etmək istəmir.
A.Hacıyev və Ə.Temirxanın haqqında söhbət açdıqları geniş dairəli koalisiya yarandıqdan sonra məgər sabitliyə xələlmi gələcəkdir? Əlbəttə, yox! Qanunauyğunluğun nəticəsi kimi yaranmış sabitlik daimiliyini nümayiş etdirməkdədir. Deməli, yeni koalisiya yeni nəsə vəd etmək iqtidarında olmayacaqdır.