Bəlkə də, dünya öz tarixi boyu bu qədər sürətlə baş verən çəkişmələrin və intiriqaların şahidi olmamışdı. Bəli, dünya əməllicə çalxalanır və bu gedişlə böyük partlayış qarşısındadır. Heç kim heç kimin "kitabını oxumur". Nə urf qalıb, nə adət, kim nə istəyir edir. Özü də dünyadakı son proseslər elə sürətlə cərəyan edir ki, papağını qaldırıb boylanmağa belə macal tapmırsan. Rusiya keçmiş SSRİ vaxtındakı mövqelərini yenidən geri qaytarmaq üçün "soyuq müharibə"yə əməlli-başlı start verib və bu işi uğurla həyata keçirir. Özü də bu iş elə sürtlə və geniş çevrədə aparılır ki, ABŞ-ın və Qərb ölkələrinin Kreml qarşısında tab gətirə biləcəkləri və onun genişlənməsini durdura biləcəkləri qətiyyən inandırıcı deyil. Meksikadan başlanan "donuz qripi" adlanan virus bütün dünyanı başına alıb gedir. Gürcüstan çalxalanır, Mixail Saakaşvili isə bu günlərdə əsil "son döyüş" mahnısını oxuyur. Mişanı müxalifət əməllicə küncə sıxıb o da bu məsələdə Moskvanın "barmağını" axtarır. Amma Moskva daha Mişa kimilərinin ittihamlarına cavab verəcək qədər xırda işlərlə məşğul olmur, axı.
Neçə müddət idi ki, Rusiya özünü tamamilə itirmişdi. Bəli, bu tarix təxminən 1991-ci ildən 2000-ci illərin ortalarına qədər davam etdi. Boris Nikolayeviç Yeltsinin vaxtında Qərb artıq Rusiyanı "həzm" etdiyini düşünürdü. Hətta artıq o vaxtkı NATO rəhbərləri belə bu prosesin pik nöqtəyə çatdığını, Qərb üçün artıq Rusiya deyilən rəqib amilinin qalmadığını və Kremlin NATO sıralarına qəbul edilməsinin vaxtının çatdığını bəyan edirdilər. Amma situasiya elə şəkildə dəyişdi, 1999-cu ilin 31 dekabrında Kreml sarayına girən Vladimir Putin Qərbə elə sifət göstərdi ki, artıq hamı Rusiyanın Peterburq cavanlarının əlinə keçdiyini və bu gedişlə Rusiyanın ÖZÜNƏ QAYITDIĞINI BAŞA DÜŞDÜ. Bəli, məhz Rusiya FTX-sinin keçmiş rəhbəri, həm də cüdo ustası olan Vladimir Putin Rusiyanın geriləməsinin qarşısını aldı və Kreml yenidən dünya siyasətində hegemonluq etməyə başladı. Rusiya B.Yeltsinin Kremldən getməsi ilə özünün çöküş dövrünü və qapazaltı imicini üstündən atmağa başladı və indi Rusiya keçmiş SSRİ vaxtındakı mövqelərini geri qaytaramağa başlayıb. Ədəbiyyatçıların sözü olmasın, Rusiyanın yeni əsrdə dirçəlməsi məhz V.Putinin adı ilə bağlıdır. Rəsmi Moskvanın əlində bu iş üçün hərbi və siyasi vasitələrdən başqa ən tutarlı məqam, ilk növbədə, dünyanın enerji sahəsində keçirdiyi böyük böhran qarşılığında Şərqi Avropa ölkələrinə enerji "səxavəti" göstərməklə, onları ələ keçirmək və başqalarında olduğu kimi bu regionda da öz "bayrağını" sancmaqdır.
Düzdür, bunu etmək Moskva üçün çox, lap çox çətin olacaq. Çünki Şərqi Avropa ölkələri, Rumıniya, Bolqarıstan, Macarıstan və başqaları artıq Qərbə doğru inteqrasiya yolu tutub və bu işi dayandırmaq üçün Kreml çox can qoymalıdır. Amma fakt odur ki, Moskva buna nail ola bilər. Bunun üçünsə Rusiya geniş planlar həyata keçirməlidir. Həm də Şərqi Avropadakılar da anlayır ki, keçmiş vaxtlarda olduğu kimi, geninə-boluna qazla, istiliklə, iqtisadi yardımla təmin olunmaq hara, müstəqillik qazanandan sonrakı iqtisadi ac-yalavacalıq hara? Hər halda keçmiş sosialist ölkələri keçmişi unutmayıb ki, bu da Rusiyanın işinə möhkəmcə yarayır.
Elə Qafqazlarda da Rusiya kəskin mövqe sərgiləyir və NATO-nun Gürcüstanda keçirmək istədiyi hazırlıqlara ordusunu döyüş vəziyyətinə gətirməklə cavab verir. Bundan başqa Rusiya artıq başqa ölkələri də öz iqtisadi imperiyasına daxil etməyə çalışır və etiraf edilməlidir ki, bu, müəyyən qədər öz təsirini göstərməkdədir. Regiondakı enerji məsələlərində Moskvanın fəallaşması da bunu göstərir. Bir sözlə, Moskva çevrəsini genişləndirir. Elə Türkiyənin regionda vasitəçi olmaq üçün atdığı son addımlarına qarşı Kremlin çevik reaksiyası və hələ də özünün hakim qüvvə olduğunu ortaya qoyması çox məsələlərdən xəbər verir. Yəni, region mənimdir, heç kəs bura burnunu soxmasın. Yeri gəlmişkən, Türkiyənin Baş naziri ölkəmizdədir. Cənab Ərdoğan bizi inandırmağa çalışır ki, rəsmi Ankaranın son addımları mühüm məsələlərlə bağlıdır və Ermənistanla yaxınlaşma böyük və xeyirli işlərin əsasıdır. Yəni, nə biz ziyan çəkəcəyik, nə də Türkiyə. Həm də bu siyasət çox böyük məsələdir. Bilmirik, əgər yaşasaq görərik, amma burası da var ki, Türkiyənin son addımları onun nüfuzuna böyük həcmdə xələl gətirib. Bu nə ictimai diplomatiyadır, nə də ki başqa bir şey. Ermənistanla yaxınlaşmanın ardından Avropa Birliyi yenə Türkiyəyə "yox" dedi. Bəs nə oldu əfəndim? Angela Merkel bildirdi ki, Türkiyənin AB-də yeri yoxdur, vəssalam! Nə isə dünya qaynaşır, Allah axırını salamat eləsin!