Yadınıza gəlirsə, bir ay bundan əvvəl, ABŞ Konqresində "erməni soyqırımı" deyilən qondarma məsələnin gündəmə gəldiyi vaxt yazmışdım ki, ABŞ prezidenti Obama bu məsələni ermənilərin istədiyi formada, yəni 1915-ci ilin "soyqırımı" kimi gündəmə gətirməyəcək. Amma bundan vaz da keçməyəcək. Pis çıxmasın, hər şey bizim yazdığımız kimi alındı. Dünya mətbuatının Obamadan yeni "müqəddəs İnsan" və ya "xeyirxahlıq elçisi" düzəltmək istəyi göz qabağındaca puç oldu. Birincisi, ona görə ki, atasının üzünü belə görməyən qarabala AĞ Ev sahibi seçkilərdə erməni diasporunun kifayət qədər maliyyə və "xüsusi" dəstəyini hiss edib, həm də, ona görə ki, bu "dəstəyi" qulaqardına vurmaq Obama üçün heç mümkün də deyil. Əllərində ABŞ Konqresinin və Senatının "açarları" cəmləşən erməni diasporu, sadəcə, onu "yandırar". Qarabala bunu bilməmiş deyil. Azı yüz ilə yaxındır Vaşiqntonun adi küçələrindən tutmuş böyük maliyyə-hərbi BOSSLARI-na qədər hər yerdə özlərinə əməllicə YER edən erməni diasporu qarabalanın başına elə oyun gətirər ki, uşaqlıqda onu atıb gedən atası belə onu tanıya bilməz. Bu, birinci məsələ.
İkincisi isə, AĞ Ev-in yorğan döşəyində kim yatırsa yatsın, bağçasında kim gəzirsə gəzsin, heç bir ABŞ prezidenti bir əsrlik möhkəm müttəfiqliyə baxmayaraq, Türkiyəyə qarşı əllərindəki "erməni kozırı"nı qətiyyən əldən verməz, əfəndim, mister, tovariş! Çünki bu, bir ABŞ prinsipidir və heç kəs bunu dəyişdirə bilməz. Bu, o anlama gəlir ki, dünyada heç vaxt əbədi dostlar və əbədi düşmənlər YOXDUR. Yəni maraqlar var və bu maraqları təmin etmək üçün hər kəsə qarşı əlində bir kompromat silahının olması mütləq vacibdir.Yoxsa səni batırarlar. İndi bu prinsip açıq şəkildə ABŞ prezidentindən Türkiyəyə qarşı istifadə olunur. Demək olar ki, özünü "xeyirxah elçi" kimi Türkiyəyə təqdim edən və Ankaranı ziyarət edən Obama, üstündən heç bir həftə keçməmiş, bu vaxta qədər heç bir ABŞ prezidentinin dilinə gətirmədiyi ifadələr işlədərək, sanki ermənilərə " mən vədimə sadiqəm" mesajını verdi.
O bildirdi ki, 1915-ci illərdə baş verənlər "böyük faciə olub". Sayın Türkiyə "politikaçıları", alın bu da sizə bir hədiyyə! İndi bütün Türkiyə qəzetləri və televiziyaları bu məsələni qızğın müzakirəyə çevirərkən, Obama Türkiyəyə gələndə onu müsəlman əsilli "qəhrəman" kimi təqdim etdikləri, həmin anlarda nə qədər gülünc durumda olduqlarını anlayırlarmı, "ƏCƏBA"! Amma anlasalar da artıq bunun heç bir faydası yoxdur. Qarabala Türkiyəyə "bir qol" vurub getdi. Amma yaman bərk vurdu. Obama Türkiyəyə qarşı olan mənfi mövqeyini və ikibaşlı siyasətini erkən ortaya qoymaqla, həm də Şərq siyasəti ilə bağlı kozırlarını erkən açmış oldu. Bu isə Rusiyaya regionda ona qarşı güclü əks hücuma keçməyə güclü əsas verir. Obama Türkiyəni Moskvanın caynağından qurtarmaq üçün İstanbula gəlmişdisə, artıq Türkiyədəki siyasi çevrələr AKP-ni Obamanın tələsinə düşən balıq kimi gülüş hədəfinə çevirərək, Türkiyənin region üçün hazırkı siyasətində ciddi dəyişikliklər etməsini tələb edirlər. Hətta ana müxalifət sayılan CHP lideri Dəniz Baykal belə, AKP-nin gəldi-gedər olduğunu və bu partiyaya görə Türkiyənin etibar və nüfuzunun bir paralıq edilməsinə yol verməyəcəklərini bildirib.
Obama Türkiyəni əməlli-başlı aldatdı və ona "ATDI"! Bu qaçılmazdır. Obama ermənilərə elə ümid verdi ki, gələcək ABŞ prezidentləri üçün 1915-ci il hadisələrini "soyqırım" kimi təqdim etməyə bir pilləkən qalır. Bu isə, məhz özünü müsəlman əsilli xeyirxah kimi təqdim edən və Türkiyənin "bəh-bəhlə" qarşıladığı Obamanın sayəsində mümkün oldu. İndii Rusiyada da Obamanı artıq əvvəlki prezidentlərdən fərqli olaraq daha tez tanımağa başlayıblar. Yəni, Obama "kozırı" Kremldə daha asan açıldı. İndi Rusiya da regionda əməlli-başlı fəallaşıb və ciddi şəkildə xəbərdarlıq edir ki, kim Qərbin felinə uyub, keçənilki "avqust sindromu"nu təkrarlasa və buna azacıq da olsun cəhd etsə, işi yaman fırıq olacaq. Türkiyə isə sadəcə, ayaqdadır. Onun məsələsi, həqiqətən, əməlli-başlı düyünlü kələfə bənzəyir. Pentaqonda Türkiyə və ümumiyyətlə, dünya üçün nə hazırlandığını isə Obamadan başqa, çətin ki kimsə bilsin. Amma Obama qorxulu, lap çox qorxulu oyun oynayır. Dünya isə, hələ də, qabaqda onu nə gözlədiyindən bixəbər halda mışıldayır. Dünya obamaların əlində oyuncağa çevrilib, bax, əsil həqiqət budur!