PDF Oxu

Köşə

  • 18

Radikallar və konstruktivlər

Radikallar və konstruktivlər
Radikal müxalifət hər zaman bələdiyyə seçkilərinə qeyri-ciddi münasibət göstərmişlər. İndi isə radikallar bu ilin payızında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərinə qatılmaq üçün həmkar axtarışına çıxmışlar. Bələdiyyələrdə yer tutmaq artıq radikallara təhqiramiz təsir bağışlamır. Əlbəttə, onlar bələdiyyələrdən daha çox, parlamentdə kifayət qədər çox yer tutmaq istəyirlər. Radikalların maksimum planı bələdiyyə seçkilərində uğur qazanmaqdır. Yaxın 10 ildə bunun mümkün olmadığını dərk edən radikallar bələdiyyə seçkilərinə ciddi münasibət göstərməyə üstünlük vermişlər.
Bələdiyyə seçkilərindən bir il sonra, yəni 2010-cu ilin axırlarında parlament seçkiləri keçiriləcəkdir. Radikallar başa düşməyə başlamışlar ki, bələdiyyələrdə çoxlu yerlə təmsil olunmaq parlament seçkilərində qazanılacaq uğurun rəhnidir. İndiyədək Müsavat, AXCP (i), AMİP, ADP, "KAXCP" kimi partiyalardan ayrılıb konstruktiv cinahda möhkəmlənənlər ifrat radikalların mövqelərinə ciddi zərbələr endirmişlər.
Konstruktiv mövqelilər belə hesab edirlər ki, başlıca cəhət xalqın mənafeyi naminə çalışmaq və dövlətçiliyin sütunlarını möhkəmləndirməkdir. Bu cür düşünən funksionerlər get-gedə daha böyük dəstələrlə radikallardan uzaqlaşmaqdadırlar. Radikal mövqedən konstruktiv mövqeyə axın müvafiq partiyaların şəhər təşkilatlarında daha çox müşahidə edilir.
Radikal mövqe müdafiəçiləri təklənmək təhlükəsi ilə üzləşməkdədirlər. Bununla belə, ifratçılıq tamamilə aradan qaldırılmamışdır. Radikalların sayı nə qədər azalsa da, yaşamaqdadır. Bu cür yolla irəliləməyi özlərinə rəva bilənlər xalqı, millət yox, əsasən, özlərini düşünən siyasətbazlardır. Onların fikrincə, xaric maliyyə yardımı ayırırsa, nə səbəbə onu mənimsəməkdən imtina etməlidirlər?! Əlbəttə, radikallar bilməmiş deyillər ki, verilən pul müqabilində xalqa arxa çevirməli və dövlətçiliyə zərər vurmalıdırlar.
Ötən iki onillik ərzində radikalların ölkəyə vurduqları zərər az qala respublikanın parçalanması ilə nəticələnmişdi. Düzü, qaz vurub qazan doldurmaq radikallarımızın başlıca həyat prinsipləridir. Radikalları ölkə daxilində də dəstəkləyənlər kifayət qədərdir. Bu səbəbdən, ifratçılar başlarından aşağı səpələnən pullara qarşı biganəlik göstərmək fikrində deyillər. Xalqın və ictimaiyyətin ayrı-ayrı nümayəndələrinin nə deyəcəklərindən asılı olmayaraq, radikallar öz əməllərini bundan sonra da davam etdirmək fikrindədirlər. Ayrı-ayrı radikal partiya funksionerlərinin liderlərindən üz döndərmələrini onların daha az qazanc götürmələri ilə əlaqələndirirlər. Deməli, əlləri pulla oynayıb, daha çox qazanc götürənlər bir an da olsa radikallıqlarından dönmək niyyətində deyillər.
İfrat radikallar hazırda həm daxili, həm də xarici maliyyə təşkilatlarının başçıları ilə danışıqlar aparırlar. Xarici maliyyəçilər başlıca diqqətlərini daha münbit inqilabi şəraiti olan Tbilisiyə və Yerevana yönəldiblər. Çünki orada işləyib nəyəsə nail olmaq daha ağlabatdır. Bununla belə Azərbaycan radikalları ilə işləyən xarici ölkə maliyyəçisi kifayət qədərdir. Ancaq onlar pul müqabilində real iş tələb edirlər.
Xarici və ölkədaxili maliyyəçilər çox istərdilər ki, respublikada xaos və qarşıdurma baş alıb getsin. Radikallar isə pul müqabilində piket, küçə yürüşü, mitinq və digər kütləvi aksiyalar keçirməyə hazırlılar. Daha çox pul ayrılacağı təqdirdə, bizim radikallar hətta iğtişaş, üsyan, sui-qəsd kimi tədbirlərə də əl atmaqdan iyrənməyəcəklər. Təki gəlir mənbələrinə papaq tıxanmasın.
Bəzi radikal partiyalar konkret xarici qurumlarla əlaqə saxlayırlar. Məsələn, Müsavat partiyası Avropa liberalları ilə işbirliyi yaradıblar. Bu halda, maliyyəçi təşkilat İ.Qəmbərovdan seksual azlıqlara və milli azlıq təmsilçiləri olan kürd separatçılarına dəstək verməyi məsləhət verəcəkdir. İ.Qəmbərovun ağzı nədi əmri icra etməsin. Əks təqdirdə, dərhal maliyyə yardımından məhrum edilə bilər. İ.Qəmbərovun adını sözmisalı çəkdim. Onsuz da radikalların hamısı Müsavat başqanı kimi təpədən-dırnağadək çirkaba bulaşmışdır. Bu çirkabı heç Xəzərlə də yuyub təmizləmək mümkün deyil.

Digər xəbərlər