“MBH” ətrafında birləşmək cəhdi: ideyadan gerçəkliyə doğru
"Azadlıq" siyasi bloku da eyniadlı seçki bloku kimi öz fəaliyyətin müddətini başa çatdırmaqdadır. Qurumun tezliklə buraxılacağı ehtimal olunur. Bu fikri daha bir ehtimal gücləndirməkdədir. "Azadlıq" siyasi blokunun üzvləri "VİP", AXCP (i) və ALP sədrləri Əli Əliyev, Əli Kərimov və Əvəz Temirxan xeyli məsləhət-məşvərətdən sonra belə bir yekdil qərar qəbul etmişlər ki, Lalə Hacıyevanın "MBH"-sində birləşsinlər. Ə.Əliyev bu mövzuda müzakirələrin davam etdirildiyini bildirir.
Bəs nə səbəbə başqa liderin yox, istisnasız olaraq, Lalə Hacıyevanın "MBH"-si ətrafında birləşmək planlaşdırılır? Bu suala Ə.Əliyev belə cavab vermişdir ki, L.Hacıyeva, bütövlükdə götürdükdə İsa Qəmbərov, Əli Kərimov və Etibar Məmmədov kimi siyasətbazlara nisbətən daha az çirkaba batmışdır. Odur ki, onun ətrafında birləşməklə daha çox elektorat potensialı qazanmaq mümkündür.
Bu gün İ.Qəmbərov, Ə.Kərimov və E.Məmmədov pis lider kimi ad çıxarmışlar. Odur ki, onların ətrafına, uzun illər ərzində elektorat toplaşmır. Partiyadaxili parçalanmalar nəticəsində bu liderlər ən yaxın funksionerlərini itirə-itirə gedirlər. Belə bir mürəkkəb məqamda Ə.Kərimov və Ə.Əliyev ağıllarını başlarına yığıb Lalə Hacıyevanın sədrliyi altında fəaliyyət göstərməyi münasib hesab edirlər.
"MBH" yeni tərkibdə formalaşdıqdan sonra tərəflər 2010-cu il parlament seçkilərinə qərəzsiz siyasət yürüdən konstruktiv partiya kimi qatılmaq istəyirlər. Ə.Əliyev və Ə.Kərimov "MBH"-yə bir şərtlə qoşulmaq istəyirlər ki, qurumun parlament seçkiləri üzrə vahid siyahısında ilk yerlərdə təmsil olunsunlar. Bu məsələ aparılan müzakirələrdən sonra dəqiqləşdiriləcəkdir.
"MBH" ətrafında birləşməyin mümkün olduğu halda, Lalə Hacıyevanın liderlik bacarığına malik olub-olmaması müəyyənləşdiriləcəkdir. "MBH" bir partiya kimi fəaliyyətə başladıqdan sonra Lalə Hacıyeva lider adından imtina edib, qurumun sədri kimi işə başlayacaqdır. Əli Kərimov partiya daxilində yaradılacaq icra aparatının rəhbəri olacaqdır. Əli Əliyev "MBH"-nin Ali Məclisinin sədri postunu tutacaqdır. Əvəz Temirxan isə ALP-nin təşkilatlanması və üzvlərinin sayının artırılması məsələsi ilə məşğul olacaqdır. Bir daha təkrar edirik ki, "MBH" növbəti parlament seçkilərində radikal qurumların hamısını qabaqlamaq niyyətindədir. Son iki parlament və prezident seçkilərində radikallar uğursuzluqla üzləşmişlər.
Yeni "MBH" partiyası radikallıqdan imtina etmək və konstruktiv mövqedən çıxış etmək niyyətindədir. "MBH" bundan sonra heç bir gizli və açıq radikalizm mövqeyindən çıxış etməyəcəkdir. Məqsədli tərzdə atılan bu addım parlament seçkilərində tərəfdar toplamağa hesablanmışdır. "MBH" öz mübarizəsinin istiqamətini, müəyyən mənada, ifrat radikal mövqedən çıxış edənlərə qarşı yönəltmək niyyətindədir. Məqsəd məhz bu radikal qurumların insan potensialının diqqətini özünə cəlb etmişdir. Buna görə də, Müsavat, AMİP, "DUİ", "ANİF" və digər qurumlar Ə.Kərimov, Ə.Əliyev və L.Hacıyevanın "MBH"-nin ətrafında birləşmələrinə maneçilik törətməyə çalışırlar.
Ancaq Ə.Əliyev və Ə.Kərimov "MBH" ideyasının gerçəkləşəcəyinə inanırlar. Onların dediklərinə görə, ideyalarını gerçəkləşəcəyi təqdirdə, maliyyə vəziyyəti xeyli yaxşılaşacaqdır. Artıq bəzi xarici ölkələrin maliyyə qurumları "MBH"-nin maliyyə vəsaiti ilə təmin etməyə hazır olduqlarını bildirirlər. Parlament və prezident seçkiləri ərəfəsində maliyyə dəstəkçiləri "MBH"-yə hər ay 50 min dollar göndərməyə söz verirlər.
Ə.Kərimov belə hesab edir ki, "MBH"-nin maliyyə vəsaitinin həcmi kütləvi aksiyalar keçirmək üçün kifayət edəcəkdir. Görünür, Ə.Kərimov bundan sonra da, 10 il əvvəl olduğu kimi, mitinqdə iştirak edənlərə müəyyən məbləğdə pul ödəmək fikrindədir. Necə deyərlər, karın könlündəki... Xatırladırıq ki, "MBH" ətrafında birləşmək fikri ideya olaraq qalmaqdadır.