Radikallar çətin duruma düşdükdə həmişə kütləvi aksiyalara əl atmağı xoşlayırlar. İndi narıncı libaslar və çadırlar dəbdə olmasa da, radikallar küçə və meydanlarda yenidən cövlan etmək istərdilər. Onların başlıca məqsədləri kütləvi aksiyaların yönünü fasiləsiz mitinqlər istiqamətinə çevirməkdir. Radikallar bunun üçün əldən-dildən gedirlər.
Ötən həftə radikal mövqeli Müsavat, "Azadlıq" siyasi bloku və "DUİ" liderləri bir araya gəlib ermənilərin uydurma "soyqırımı" günü kimi qəbul etdikləri 24 apreldə mitinq keçirmək qərarına gəliblər. Nə səbəbə məhz aprelin 24-də, bu, müəmmalı olaraq qalmaqdadır. Belə güman etmək olar ki, bizim radikallar Azərbaycan iqtidarına erməni qiyafəsində müxalifətçilik etmək istəyirlər. Belə çıxır ki, erməni ilə bizim radikallar arasında ciddi bir fərq yoxdur.
Bəli, aprelin 24-də redikallar zırıltılı bir mitinq keçirib nəzər-diqqəti cəlb etmək istəyirlər. Bu mitinqdə radikallar nəyə nail olmaq istəyirlər? İlk növbədə, istəyirlər ki, payızda keçiriləcək bələdiyyə seçkilərində birgə iştirak edib, uğur qazansınlar. Daha sonra radikallar ümumi konfrans keçirib, müxalifətin koalisiyasını yaratmaq istəyirlər. Onlar bundan sonra eyni mövqedən çıxış etməyi planlaşdırır və müxalifətin inteqrasiyasına maneçilik törədənləri ifşa etməyi nəzərdə tuturlar.
Radikallar mitinqlərdə iqtidara qarşı təxribatlarının sayını artırmağı ön plana çəkməyi başlıca vəzifələri hesab edirlər. Təxribatlar iğtişaş və üsyanlardan başlayaraq, sui-qəsdlərə, qətllərə, qarətlərədək artacaq, son olaraq inqilabi dəyişikliyədək yüksələcəkdir. Radikallar aprelin 24-də 15 küçə və meydanda mitinq keçirməyi nəzərdə tuturlar. Bu məqsədə nail olunacağı təqdirdə, mitinq və küçə yürüşlərinin dairəsinin fasiləsiz mitinqlərədək genişləndiriləcəyi nəzərdə tutulur. Radikalların mitinqlərində "Soros" fondu nümayəndələrinin iştirakı da gözlənilir. Onlar mitinqə gələnlərə şəxsən özləri mükafat vermək niyyətindədilər. Bu hal xarici ölkələrin maliyyə təşkilatlarının radikal liderlərə etibar etməmələri ilə bağlıdır.
Aprelin 20-də yenidən görüşən Müsavat başqanı İ.Qəmbərov və AXCP (i) sədri Ə.Kərimov 24 aprel mitinqini maksimal dərəcədə qalmaqallı, hay-küylü keçirməyin vacibliyini müzakirə ediblər. Mitinqlər zamanı xüsusi pozucu qruplarının fəaliyyəti də nəzərdə tutulur. Mitinq zamanı 14 nəfərdən ibarət 15 qrup pozuculuq fəaliyyəti ilə məşğul olacaq, təbliğat və təşviqatlarını aparacaqlar. Bu qrupların hər birinə radikal partiyaların sədr müavinləri başçılıq edəcəkdir.
Hazırda 24 aprel mitinqinə ciddi hazırlıq gedir. Bizim radikallar ermənilərin səsinə səs verərək, öz etiraz aksiyalarını keçirəcəklər. Tədbirin məhz aprelin 24-də keçirilməsi bizim radikalların ermənilərlə həmrəylik nümayiş etdirməsinə dəlalət edir. Həmin gün ermənilər ABŞ prezidenti Barak Obamanın dilindən 1915-ci il "erməni soyqırımı" kəlməsini eşitmək niyyətindədirlər.
ABŞ-ın qırxdan çox ştatında ermənilərin soyqırıma məruz qalmaları ali yığıncaqlarda öz təsdiqini tapmışdır. Florida ştatının qubernatoru Arnold Şvartsnegger isə erməniləri bir neçə ildir ki, dəstəkləyir. O, 19-24 apreldə ştatda bu yöndə tədbirlər keçirilməsinə icazə vermişdir. Hətta B.Obama aprelin 24-də erməni "soyqırımı"nı dəstəkləsə də, bunun Türkiyə hökumətinə heç bir zərəri yoxdur. Qoy hansı xristian ölkə istəyir, ürəyi istədiyi qədər "erməni soyqırımı"nı dəstəkləsin. Bu, heç zaman həmin ölkələrin sərhədlərini aşıb qlobal xarakter daşımayacaqdır.
Bu yazımızda uydurma "erməni soyqırımı"nın xatırlanması bizim radikalların öz mitinqlərini məhz həmin gün keçirmələri ilə əlaqədardır. Bu, bir növ onların ermənilərlə həmrəy olmalarını sübut edir. Bəlkə də radikalları həmin günün "uğuru" həvəsləndirir. Nəsə, müəmmalı gedişdir. Radikallar sabitliyin baryerini dəf etmək üçün ağlasığmaz üsullara əl atırlar. Bu da onların növbəti düşünülmüş addımlarıdır. Ancaq bu dəfə də onların iddiaları gerçəkləşməyəcək və niyyətləri baş tutmayacaqdır.