İsa Qəmbərovun kürd separatçısı Xasay İbrahimoviçlə telefon əlaqəsi üzə çıxıb
İfrat radikallar öz yaşam tərzlərini dəyişməyi ağıllarına da gətirmirlər. Deyəsən, yəqin ki, bu cür həyat tərzi onlar üçün vərdişə çevrilib. Vərdişi tərgitməyin çətinliyi isə hər kəsə bəllidir. Atalarımız adətkar olmuş bir bədən üzvünün tövbə demək imkanına malik olmadığı haqda məsəl söyləmişlər. Ötən iyirmi il ərzində gördükləri onlarla qəlp işlərdən sonra hər dəfə büdrəyib yıxılmışlar. Ancaq hətta uğursuzluğa məruz qaldıqdan sonra da birtəhər ayağa qalxıb bədxah əməllərini davam etdirmişlər. Onlar bu gün də ifrat radikalizmlərindən geri çəkilmək istəmirlər. Başlıca məqsədləri xaricdən pul qırmaqdır. Radikal cinahda hər gün hər bədxah ağızdan min avaz eşidilməkdədir. Qoy oxucularımız narahat olmasın. Biz onların hamısını bir-bir danışıb, həm radikalizmin iç üzünü faş edəcək, həm də ifrat radikalların kimliyinə aydınlıq gətirəcəyik.
Son günlər Müsavat qərargahında elə bir qalmaqal yaranıb ki, it yiyəsini tanımır. Bir çoxları "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun gedişinə min cür yozum verirdilər. Ancaq bu gedişin səbəbi bizə məlum oldu. Müsavat funksionerləri belə bir faktı aşkarlamağa müvəffəq olmuşlar ki, referendum ərəfəsində İsa Qəmbərov Abdulla Ocalanın köməkçisi Xasay İbrahimoviçlə telefon əlaqəsi saxlayıb. Tərəflər hal-əhval tutduqdan sonra X.İbrahimoviç İ.Qəmbərova 1993-cü il mart görüşlərini xatırladıb. Telefon danışığı bununla başa çatmayıb.
Xatırladaq ki, X.İbrahimoviç varlı adamdır və onun Böyük Britaniyada böyük toxuculuq fabriki vardır. Referendumqabağı telefon əlaqəsi zamanı İ.Qəmbərov X.İbrahimoviçdən maliyyə yardımı istəmişdi. O vaxt kürd mücahidi Müsavat başqanına təxminən 300 min avro vermişdi. Araşdırma nəticəsində məlum olmuşdu ki, İ.Qəmbərov borc aldığı pulun 140 mininə özü üçün Novxanıdan ev almışdır. Bu məsələdən xəbər tutan Rauf Arifoğlu başqanın yanına gedib izahat istəmişdir. İ.Qəmbərov izahat əvəzinə baş redaktoru söyüb yamanlamışdır. R.Arifoğlunun Müsavatdan istefa verib "Neftçilər" metrostansiyasındakı ofisinə getmişdir. Hazırda o, "Yeni Müsavat" adlı köhnə partiyasını bərpa etmək istəyir.
Kürd terrorçuları ilə əlaqəsi haqqında xəbər İ.Qəmbərovun hansı siyasətlə pul qazandığını bir daha üzə çıxartdı. Azərbaycançı, türkçü, islamçı olduğu haqda bəyanatları ilə baş-qulaq aparan bir şəxsin xalqını sevdiyi haqda boğazdan yuxarı dediyi sözlərin yalan olduğunu bir daha konkret faktla sübut olunmuşdur. Ancaq İ.Qəmbərov bundan sonra da ifrat radikal mövqedə qalacağını bildirir. Güman ki, X.İbrahimoviç indi də Müsavat başqanına maliyyə dəstəyi verməkdədir. İ.Qəmbərov Avropa liberallarının da maliyyə dəstəyindən yararlanmaqdadır.
Ukrayna və Gürcüstanda "narıncı inqilab"lar baş verdikdə Müsavat başqanı Tbilisi və Kiyevə gedib, öz ürək sözlərini demişdi. Bakıya qayıtdıqdan sonra İ.Qəmbərov özü kimi radikalları başına yığıb "narıncı" adını rəsmi surətdə qəbul etdi. O vaxtdan radikallar "narıncı" rəngə bələndilər. Onların gül simvolu qərənfil oldu. Başlıca arzuları Bakının meydanlarını narıncı çadırlarla doldurmaq idi. Ancaq onlar öz narıncı arzularına çatmadılar.
Bu gün Gürcüstanda "narıncılar" əleyhinə başlanan kütləvi tətillər radikalların diqqətini cəlb etmişdir. İ.Qəmbərov da qulaqlarını şəkləyib, gözlərini Tbilisiyə dikmişdir. İ.Qəmbərov məqsədinin gerçəkləşməsi üçün narıncı libasını istənilən rəngli paltar simvolları ilə dəyişməyə hazırdır.
Atalarımız "niyyətin hara, mənzilin ora" demişlər. İ.Qəmbərov da əmin ola bilər ki, bu cür davam etməklə həmişə məğlubiyyətlə üzləşəcəkdir. Bir daha təkrar edirik ki, İ.Qəmbərov məğlubiyyəti qəbul edir. Çünki əsas məqsədi pul qırpmaqdır. Müsavat funksionerləri Qabil Hüseynli və Mehman Cavadoğlu İ.Qəmbərovun X.İbrahimoviçlə əlaqəsini qəbul edirlər. Ancaq istərdilər ki, Müsavat başqanı həmin puldan onlara müəyyən məbləğ ayırsın. İ.Qəmbərovun ifrat tərəfdarı Arif Hacıyev isə susmaqdadır.