Radikallar birgə konfrans keçirməkdə maraqlıdırlarmı?
Hazırda ölkə siyasi sabitlik və iqtisadi inkişaf mərhələsini yaşamaqdadır. Müxalifətin konstruktiv qanadı ölkənin iqtisadi-siyasi proseslərinin həllində ictimaiyyətə dəstək verməkdədirlər. Radikallar isə hər dəfə bir iş gördükdən sonra siyasi reytinqlərində enmələr müşahidə edilir. Bəlkə bundan sonra onlar ifrat radikallıqdan əl çəkəcəklər? Başında ağlı olan kəs iki səhv addımdan sonra, üçüncü səhvi təkrarlamağa cəhd etməz.
Radikallar öz hərəkətlərini ağılla yox, pulla ölçürlər. Xaric isə bizim "ağıllılarımız"a pul buraxmaqda davam edir. Bu halda, bizim radikallar həmin pulları mənimsəməyi hər hansı ağıllı addım atmaqdan üstün tuturlar. Artıq onlar o qədər boş dayanmışlar ki, boşluqdan "müdriklikləşib" elə ifadələr işlətməyə başlamışlar ki, hazırda həmin ifadələr zərbü-məsəl kimi səslənir. Məsələn, ağıllı addım atmaqla qrant qazanmaq olmaz, qaz vurmadan qrant qazanmaq, qaz vurub qazan doldurmaqdan asandır və s. Bu zərb-məsəllərin şərhi radikalların keçmiş həyatlarında öz sübutunu tapmışdır.
Deyilənlər ifrat radikalların bu günlə yox, keçmişlə nəfəs alıb yaşamalarının sübutudur. Bu da onların qabağa yox, dala hərəkət etmələrindən xəbər verməkdədir. Bu səbəbdən, onların çoxusu qəflət yuxusunda yatmaqdadır. Onların yeni təklifləri də ac toyuğun yuxuda darı görməsini xatırladır.
İlk təkliflə radikallara "KAXCP" sədri və "DUİ" təmsilçisi Mirmahmud Fəttayev müraciət etmişdir. O, bütün radikallara bir araya gələrək birgə konfrans keçirməyi təklif edir. O, konfransın başlıca mövzusu kimi, Gürcüstanın son hadisələrinin Azərbaycana transformasiya edilməsi üzərində düşünməyi və işləməyi nəzərdə tutur. M.Fəttayevin təklifini "Azadlıq" partiyasının üzvlərsiz lideri Əhməd Oruc və digər "DUİ" üzvləri dəstəkləyir. M.Fəttayev isə üzünü ifrat radikalların yuxarı dairələrinə çevirməyi lazım bilir.
AXCP (i) sədri Əli Kərimov M.Fəttayevin təklifini hiddətlə rədd etmişdir. Ə.Kərimov "KAXCP" sədrini oturduğu budağı kəsən və bu zaman yıxılmayacağını güman edən lətifə qəhrəmanına bənzədir. M.Fəttayevin, ilk olaraq, AXCP-ni parçalayaraq, Ə.Kərimovu tərk etməsi, yəqin ki, tələbkar oxucularımıza məlumdur. Həmin ayrılıqdan sonra M.Fəttayevlə Ə.Kərimovun yolları kəsişməmişdir. Keçmiş düşmənçiliyin xatırlanması üçün isə xırda bir addım atılması kifayətdir.
Ə.Kərimov M.Fəttayevin təklifini qəbul etməmək üçün çox inandırıcı bir arqument gətirmişdir. Onun dediyinə görə, referendumun gedişi ərzində "DUİ"-nin təşviqat qrupu radikalların qruplarının heç birinə kömək etməmişdir. "DUİ"-nin təklifi Müsavat, ADP, "ACP", "MBH" kimi qurumlar M.Fəttayevin təklifi ilə, hətta maraqlanmayıblar da.
Ə.Kərimov, öz növbəsində, "Azadlıq" bloku, Müsavat, AMİP, ADP və "ACP" üzvlərini "DUİ"-nin "birgə konfransı"ndan kənar ayrıca konfrans keçirməyə çağırmışdır. Bu konfransda başlıca diqqət kütləvi aksiyaların keçirilməsinə, hakimiyyəti ələ keçirmək üçün terror aktlarının təşkil edilməsinə və sui-qəsdlərin gerçəkləşməsinə yönəldiləcəkdir. Ə.Kərimov maliyyə dəstəyi kimi, pulu xaricdən alacağını bildirir. Güman ki, "Soros" fondu bu dəfə də Ə.Kərimova əl tutacaqdır.
AMİP sədrini birgə konfrans keçirməyə çağıran Ə.Kərimov yaxın keçmişi nə tez unudub? Axı o, Etibar Məmmədovu "hakimiyyətə işləyən suka" kimi xarakterizə edirdi. O, E.Məmmədovun altı il əvvəl İ.Qəmbərovu "iğtişaş" törətməkdə ittiham etməsi ilə indi də barışa bilmir. Bu səbəbdən də, E.Məmmədov Ə.Kərimovun təklifini dəstəkləmək üçün cüzi bir addım da atmaq fikrində deyil. Müsavatda isə nə "DUİ"-nin, nə də AXCP (i) sədrinin təklifi müzakirə edilmir. Çünki tezliklə Müsavatın Rauf Arifoğlu qanadı müstəqil fəaliyyətə başlayacaqdır. İ.Qəmbərov daha çox bu problem üzərində düşünür. Digər partiyaların da düşünmək üçün kifayət qədər problemləri mövcuddur.