PDF Oxu

Köşə

  • 17

Rus çəkməsi yenə Tbilisiyə tuşlanıb

Rus çəkməsi yenə Tbilisiyə tuşlanıb
Adam bilmir nə yazsın, nədən yazsın. Bu dünyanın nə qədər qəribə və gözəl olduğu kimi,  o qədər də əcaib olduğunu deyən köhnə kişilər qətiyyən yanılmayıblar. Kişilərin başına gəlib ki, deyiblər də. Vallah, həqiqətən də, "başdan papaq alıb qaçan dünyadır". Bayaq xəbər portallarına baxıram, nələr yoxdur, nələr! ABŞ prezidenti Barak Obama təzə aldığı itlərini Ağ Evə gətirib, İtaliya mafiyası Avropaya saxta şampan  "sırıyır", İbrahim Tatlısəs sevgilisi üçün təzə villa alır (Ax İbo, İbo. Başqa vaxt ağlayırsan ki, pulum yoxdur. Amma onda günah yoxdur. Çünki müsəlmanınkı bir qadındır, bir də var-dövlət.) -Yuliya Timoşenko isə nazirini iclasdan qovur. Hərə bir cür yaşayır bu sərsəri dünyada.
Amma ən çətini Gürcüstan prezidentinin başına gəlib. Neçə gündür ki, müxalifət partiyaları Mixail Saakaşvilinin istefası tələbi ilə mitinqlər keçirir, hətta yerə yıxılıb ayağa qalxmırlar. Pah, guya "demokrat" Mişa buna reaksiya verəcək. Yerə yıxılan da sənsən, hətta ciyərləri su çəkən də, Mişaya bundan nə? Bu gürcülər də qəribə millətdirlər e. Bir yandan rus çəkmələri yenə Tbilisiyə tuşlanıb, bir yandan da Mişanın "qızılgülü" bu yandan solub gedir, bunlar da hakimiyyət harayındadırlar. Eh Mişacan, bu E.Şevardnadze deyil ki, parlamentə girib o boyda KİŞİNİN başına külqabı tullayasan və hakimiyyəti ələ keçirəsən.  Bizdə deyərlər ki, " Nə tökərsən aşına, o da çıxar qaşığına". Bəs o boyda ağsaqqala hörmətsizlik edib hakmiyyəti ələ alanda, bilmirdin ki, bu dünayda həm də bir HAQQ-HESAB MƏSƏLƏSİ var. Heç Corc Soros qoyarmı ki, Qərbin kürəkəni hakimiyyətdən getsin? Tut gəldi! Düzdür, Kreml var qüvvəsi ilə çalışır ki, bu "siyasi iqra"da özü qazansın və Eduard Şevardnadzedən sonra tamamilə itirdiyi və nəzarətsiz qalan Gürcüstanı ələ keçirsin. Amma bu məsələ bir az qəlizdir, axı. Çünki hazırda Gürcüstan Qərb üçün sonuncu tutacaqdır. Keçən il rus çəkmələri Tibilisinin içərilərinə qədər gəlib çıxmışdı, amma arvadı gözəl Nikola Sarkozi özünü balacaboy Dmitri Medvedevin ayaqlarına nə təhər atdısa, məsələ "xətm" olundu. (Görünür, fransız madamı Kreml şefinin ürəyini oxşaya bilib də. Balacaboy Dima da özünə görə deyil ha!) Amma müvəqqəti. Çünki Rusiya xarici işlər naziri Sergey Lavrov deyir ki, əgər Gürcüstan NATO-ya daxil olunsa, yox-yox, hətta o, buna cəhd etsə  keçən ilki "rus şilləsi" daha bərk təkrarlanacaq. Pahoo, bu Lavrov da məzəkeşdir e. Kişi hakimiyyət hayındadır, bu da deyir ki, cınqırını çıxarsan, Tbilisini qana boyayaram.
 Adama deyərlər, a Lavrov yoldaş, "duxun" var, get Ağ Evin həyətini bombala da, indi Obama öz təzə aldığı iti ilə oralarda istirahət edir. Elə gərək bu başıbəlalı Qafqaza, Gürcüstanın qonşusu olan Məmmədhəsən əminin tövləsinin yaxınlığına bomba atasan? Yox, deyəsən, Kreml bu məsələdə əməlli-başlı ciddidir və bu il də yeni Qafqaz savaşının iyi gəlir. Bəs vəziyyət necə olacaq? Birincisi, yuxarıda yazdığımız kimi, Gürcüstandakı "qızılgül inqilabı"nın artıq solan vaxtlarıdır və yerli gürcülər M.Saakaşvili hakimiyyətinə qarşı etimadsızlıq göstərirlər. Elə son bir neçə gün ərzində onun keçmiş tərfdarları, xüsusilə, "qızılgül inqilabı"nın "qızıl üçlüyü"ndən biri olan Nino Burcanadze də ona qarşı  baş qaldırıb və keçirilən miitinqlərdə xüsusi fəallıq göstərir. Bu isə, onu göstərir ki, Kreml Ukraynada Yuliya Timoşenkonu ələ aldığı kimi, burada da N.Burcanadzeni siyasi fiqur kimi önə çıxarmaq istəyir. Həm də Ninocan Mişa haqqında çox şey bilir, axı. Keçmiş baş nazir, Burcanadzenin və Saakaşvinin yaxın dostları olmuş və "qızıl üçlüy"ə daxil olan Jvaniyanın ölümü ətrafındakı məsələlər də az əhəmiyyət deyil, axı. İndi Kreml Tbilisidəki vəziyyəti gərginləşdirməklə mövqelərini gücləndirməyə, Qərb isə Mişanı qorumağa çalışacaq. Amma Mişanın "qızılgülü" sürətlə solur.

Digər xəbərlər