PDF Oxu

Köşə

  • 12

Rauf Arifoğlu siyasi arenaya çıxmaq istəyir

Rauf Arifoğlu siyasi arenaya çıxmaq istəyir
İfrat radikallar, əsasən, "Azadlıq" siyasi blokunda, "DUİ"-də və Müsavat daxilində cəmləşmişlər. "DUİ" kimi əks-həmlə qurumu yaratmaq həmişə "KAXCP" sədri Mirmahmud Fəttayevin yadına düşür. M.Fəttayev daim onu öz sıralarına qoşulmağa qoymayan nisbətən böyük qurumların əleyhinə kökləmək üçün yaradır. O, bir növ böyük radikalları parçalayıb-dağıtmaq məqsədi güdür.
"Azadlıq" əvvəl seçki bloku kimi yaradılmışdı və üzvlərinin sayı üç idi: Müsavat, AXCP (i) və ADP. Ancaq siyasi proseslərin gedişi zamanı Müsavat bloku tərk etməli oldu. Tezliklə Müsavatın yerini "MBH" tutdu. AXCP (i), ADP və "MBH" AMİP-dən qopub ayrılmış "VİP"-i öz sıralarına qoşdu. Bu tərkibdə olan "Azadlıq" seçki bloku adından imtina edib, siyasi blok olduğunu bəyan etdi.
ADP-nin baş katibi Sərdar Cəlaloğlu partiya sədri haqda bəzi məxfi məlumatları açıqladığı üçün Ə.Kərimov və Lalə Hacıyevanın birgə qərarı ilə blokdan kənarlaşdırıldı. "Azadlıq" siyasi blokunda AXCP (i), "MBH" və "VİP" "üçlüy"ü qaldı. "Azadlıq" bir o qədər güclü blok olmasa da, "DUİ"-nin hədəfi olaraq qalmaqdadır. M.Fəttayev həm də Müsavatı və AMİP-i tənqid hədəfində saxlamaqdadır.
AMİP siyasi mövqeyini itirib, müxalifətin arxivə tullanmasına çevrilməkdədir. Digər radikal partiya daxilində isə parçalanma dərinləşməkdədir. Yeri gəlmişkən, "Lent.az" saytında belə bir məlumata rast gəldik ki Rauf Arifoğlu xaricdən 2 milyon məbləğində avro alıb və bu pulların köməyi ilə yaratmaq istədiyi "Yeni Müsavat" partiyasının rayon təşkilatlarını möhkəmləndirəcək, qarşıdan gədən bələdiyyə və parlament seçkilərində partiya namizədlərini səfərbərliyə alacaqdır.
Hazırda R.Arifoğlu "Neftçilər" metrostansiyası yaxınlığında ofis alıb və "Yeni Müsavat" qəzetinin nəşrində sistematikliyi təmin edib. O, ofisin önünə asdığı lövhədə həmin məkanı "Yeni Müsavat" partiyasının qərargahı kimi göstərmişdir. R.Arifoğlu gələcək fəaliyyətində yalnız Fazil Qəzənfəroğlunun "BQP"-si, Qüdrət Həsənquliyevin "BAXCP"-si, Fəzail Ağamalının "AVP"-si, Xanhüseyn Kazımlının SRP-si və digər konstruktiv partiyalarla işbirliyi yaradacağını, əməkdaşlıq edəcəyini bildirmişdir.
R.Arifoğlu radikal mövqeyindən çıxış etməklə nəyəsə nail olmağı qeyri-mümkün hesab edir. Onun fikrincə, bu yolla ancaq İ.Qəmbərov, Ə.Kərimov, E.Məmmədovun "qazandıqlarını" əldə etmək mümkündür. Adıçəkilən şəxslərin qazandıqları isə siyasi iflasları və uğursuzluqları olmuşdur. R.Arifoğlu həmin yolun təkrarçısı olmaqdan imtina edir və müxalifətin fəaliyyət istiqamətini dövlətçiliyin möhkəmləndirilməsi ilə bağlayır. Axırda da, "öldü var, döndü yox" şüarı səsləndirməyi lazım bilir. Vaxtilə bu şüarlar onun çox dadına çatmışdı.
İ.Qəmbərov isə Müsavat funksionerlərinin dağılışmalarına dərin təəssüf hissi ilə yanaşır. AXCP (i) sədri Ə.Kərimova gəldikdə, o, Müsavatın parçalanmasını öz nəzarəti altında saxlayır. AXCP (i)-dən qopub ayrılanların ağrı-acısı Ə.Kərimovu o qədər çuğlamışdır ki, indi o, İ.Qəmbərovun da öz gününə düşməsini arzulayır. Ə.Kərimovun İ.Qəmbərovdan fərqli xüsusiyyəti ondan ibarətdir ki, R.Arifoğlu ilə partiyasının xeyrinə işbirliyi qursun.
Bayaq qeyd etmişdik ki, R.Arifoğlu öz fəaliyyətini konstruktiv yönlü partiya və birliklərlə əlaqələndirəcəkdir. Odur ki, onun Ə.Kərimovun toruna düşəcəyi istisna edilir. "MBH" lideri isə əvvəllər radikal mövqedən çıxış etmirdi. Bir qədər sonra mövqeyini dəyişib sərt radikal mövqe nümayiş etdirməyə başladı. Bir müddət sonra L.Hacıyeva ALP-nin sükanını buraxıb, "MBH" liderliyinə yüksəldi. 2003-cü il 15 oktyabr prezident seçkilərində müstəqil namizəd kimi təmsil olunan L.Hacıyeva uğursuzluqla üzləşdi.
L.Hacıyeva 2005-ci il 6 noyabr parlament seçkilərində seçicilərinin etimadını doğruldub mandat qazanmışdı. Ancaq o, mandatlarından dördəlli yapışan həmkarlarından fərqli olaraq, öz mandatından imtina etdi. Hazırda o öz "MBH"-sinin qanadlarında ALP-dən çox-çox yüksəklərdə uçmaqdadır. Əvəz Temirxanın əli öz liderinin, hətta ətəklərinə də çatmır. "VİP" sədri Əli Əliyevə gəldikdə, o, "Azadlıq" siyasi blokunda ən aşağı vəzifə daşıyıcısıdır. Bir çox müxalifət politoloqları Ə.Əliyevi Ə.Kərimov və L.Hacıyevanın mətbuat katibi kimi xarakterizə edirlər. Deyəsən, bu ad Ə.Əliyevi qane edir.
Biz hazırda kimin harada olması haqda oxuculara məlumat verdik. Qalır Ə.Kərimov və İ.Qəmbərov. Onlar da müvafiq olaraq, ayaqları yerdə, əlləri göydə olan pis siyasətçilərdir. Pis isə pislik və mənfurluq doğurur. Belələrinin müxalifət tarixindən silinməsi labüd hal almaqdadır.

Digər xəbərlər