Simasızlar yenidən erməniyə dayı deməyə hazırlaşırlar
Bir çox radikal mövqeli partiyalar bu gün də milli maraqların müdafiəçiləri olduqlarını təkrar etməkdən yorulmurlar. Bir çoxları, hətta "milli" sözünü də təmsilçiləri olduqları qurumlara pərçim etməkdən çəkinməmişlər. Quru söz demək başqadır, mahiyyətə varmaq isə tamamilə başqa bir şeydir. Radikallar 1988-ci ildən bu yana mahiyyətə varmadan boş-boş danışmaqdadırlar. Real işə gəldikdə, onlar nala-mıxa vurmağa başlayırlar. Məlum olur ki, bunları geniş mənada milli maraqlar yox, dar mənada özlərinin şəxsi maraqları məşğul edir. Bu haqda təfərrüata varmayacağıq.
Xatırlatmaq istəyirik ki, Türkiyə hökuməti əl altdan ermənilərlə sərhədləri açmaq üçün düşmənlə danışıqlar aparır. Onlar atdıqları addımların təhlükəli olduğunu qəbul etmək istəmirlər. Azərbaycan torpaqlarında məskunlaşıb get-gedə daha çox ərazilərimizi özününküləşdirmək istəyən ermənilər heç vaxt öz cəfəng iddialarından əl çəkməyəcəklər. Onlar 70 milyon əhalisi olan Türkiyə hökumətinə "soyqırımı" iddialarını qəbul etdirib, sonradan təzminat almaq istəyirlər.
Türkiyə hökumətinə Avropa Birliyi ölkələri və ABŞ təzyiq göstərir. Türkiyənin Avropa Birliyinə qəbulu təqdirəlayiq haldır. Ancaq ermənilər qarşısında diz çökdürülürək bu yolu tutmaq istəkləri lüzumsuzdur və onlara heç bir fayda gətirməyəcəkdir. Ankarada rəsmi səfərdə olan ABŞ prezidenti Barak Obama Abdullah Gülə məsləhət görmüşdür ki, 1915-ci il erməni soyqırımı məsələsini rəsmi Yerevanla birgə müzakirədə həll etsin.
Ən doğru yol qardaş Türkiyəni, Azərbaycanın işğal olunmuş əraziləri qaytarmayınca, Ermənistanla sərhədləri açmaq niyyətindən döndərməkdir. Bununla əlaqədar aprelin 7-də Azərbaycanın iqtidar və müxalifət partiyalarının nümayəndələri Türkiyə hökumətinə rəsmi müraciət qəbul etmiş və onu Türkiyənin Azərbaycandakı səfirliyinə təqdim etmişlər. Başlıca məqsəd Türkiyənin indiki iqtidarını erməni məkrindən xilas etməkdir.
Gəlin görək, nə səbəbə radikal partiya liderlərinin bir çoxu bu kampaniyaya qoşulmaqdan imtina etdi? Müsavat, "Azadlıq" siyasi bloku, "DUİ" və digərləri ağızdolusu hansı milli birlikdən danışırlar? Bu ifrat radikalların bir çoxu belə hesab edir ki, Türkiyənin Ermənistanla işbirliyi qurmasında qəbahət axtarmaq səhvdir. Onlar deyirlər ki, Türkiyə müstəqil dövlətdir və əgər ermənilərlə sərhədlərini açmaq istəyirsə, yaxşı eləyib açır.
İfrat radikallar AKP hökumətinin bu addımının istər Azərbaycan, istərsə də Türkiyənin özü üçün hansısa fayda gətirməyəcəyinin heç fərqində də deyillər. Radikallar aprelin 10-da mitinq keçirmək və bu hərəkətləri ilə Gürcüstan və Ermənistan müxalifətinə dəstək vermək istəyirlər. Aprelin 9-da Tbilisi, 11-də isə Yerevan müxalifəti, müvafiq olaraq, Saakaşvili və Sarkisyan hökumətlərinə qarşı etiraz aksiyasına başlamaq niyyətindədir.
Müsavat və AXCP (i) liderləri Ermənistan müxalifətinin başında duran Levon Ter-Petrosyan və Stepan Dəmirçiyanla əlaqələrini bundan sonra da davam etdirəcəklərini bildirmişlər. AXC hakimiyyəti iki il davam etsəydi, İ.Qəmbərov hakimiyyəti Ə.Elçibəydən qəbul edib, ermənilərlə sosial-iqtisadi əlaqələr quracaq və işğal altında olan torpaqların təəssübünü çəkməyəcəkdi. İ.Qəmbərov mərkəzi qərargahı Parisdə yerləşən Avropa liberallarına verdiyi vədi gerçəkləşdirəcəyi təqdirdə, böyük maliyyə yardımı alacağını gözləyir. Bu, xristian ermənilərə ediləcək güzəştdir. Müsavatın mərkəzi aparatının rəhbəri Arif Hacıyevin Strasburqda yaşayan erməni lobbisinin rəhbəri Vardan Osipyanla əlaqəsini davam etdirməsinin səbəbi aydınlaşmaqdadır. İfrat radikalların erməni lobbisindən qazanc əldə etməsi onların çürük mahiyyətlərini üzə çıxarır. Onlar öz şəxsi mənafeləri naminə düşmən ermənilərə dayı deməyə hazırdırlar.