PDF Oxu

Köşə

  • 8

Türkiyə, kiminləsən?

Türkiyə, kiminləsən?
Cəhənnəmə ki, çəkir! Cəhənnəmə olması cəhənnəmlikdir, amma məsələ burasındadır ki, ABŞ-ın yeni planında əsas "rolu" Türkiyə ifa edəcək və bu planda bizimlə bağlı xoş olmayan məsələlərin iyi gəlir. Fateh Sultan Səlimin, Mustafa Kamal Atatürkün ideyaları ilə hazırkı Türkiyənin mövqeyi çox-çox uzaqlarda yerləşir. Çünki Türkiyə tamam BAŞQA YOLDADIR! Şərh verməyə də dilim gəlmir, amma həqiqət başqa məsələdir. Mənim özümü aldatmağımla deyil ki. Elə bu vaxta qədər bu cür özünü aldatmalarla bu günə gəlib çıxmışıq da. Bəli, heç ora-burası yoxdur, Türkiyə Ermənistanla sərhədləri açmaq üstündə baş sındırır. Bunun arxasında isə əsrlərə bərabər dəhşətli bir plan dayanır. Pah atonnan, qəti ağlabatan iş deyil, amma yenə deyirəm, ortada fakt deyilən məsələ var, axı. Hər şey bu Obamanın səfəri üstündə qurulub. Deyəsən, qarabala Obama Bonapart Napoleon olmaq fikrinə düşüb.
Təxminən Barak Obama prezidentliyə namizəd olandan bəri yazdıqlarımız, yekəxanalıq çıxmasın, əməlli-başlı öz təsdiqini tapır. Bu adamın prezidentliyə namizəd kimi verdiyi bəyanatlarından tutmuş son açıqlamalarına qədər nə təhər şərh vermişdiksə, günü bu gün də eləcənə gün kimi ortadadır. ABŞ prezidentinin Türkiyəyə səfər etməsi Anadolu türkləri üçün "prestij" sayılırsa da, bütün bu olanlar bizim üçün əməllicə əsəb gərginliyidir. Çünki Türkiyənin maraqları və Obamanın istəyi "ÇANAĞIMIZDA ÇARTLAYIR"! Bəli, B.Obama Türkiyə vasitəsilə müsəlman dövlətləri ilə əlaqələri möhkəmləndirməklə Yaxın Şərqdə "QƏRB KORİDORU" yaratmaq istəyir. Bununla da qanlarını axıtdığı iraqlıları, əfqanları, nə bilim, dinc fələstinliləri yeni oyuna cəlb etmək üçün dilə tutmaq istəyir. Həm də Corc Buş başı batmışın vaxtındakı səhvləri aradan qaldırmaqla mövqelərini möhkəmləndirmək istəyinə düşüb. Ortada da böyük bir kozır var, TÜRKİYƏ İLƏ ERMƏNİSTANIN SƏRHƏDLƏRİNİ AÇMAQ VƏ BU YOLLA ERMƏNİSTANI HAZIRKI "BOSSU" OLAN RUSİYANIN ƏLİNDƏN BİRDƏFƏLİK ALMAQ!
Hazırda Kremldə oturan Vladimir Putin və Dmitri Medvedev qarışıq bütün Rusiya siyasi elitası bu məsələni diqqətlə izləyirlər və bundan ötrü yaman gərginlik içindədirlər. Sözsüz ki, Ermənistanın Kremlin fosforluğundan çıxarılmasında ilk növbədə, Rusiyanın bu ölkədəki təsirindən cana doyan Qərbdəki erməni lobbisi can atır və bu məsələdə israrlıdır. Onlar bununla da pul-para içində saxladıqları Ermənistanı birdəfəlik öz əllərinə keçirmək və "böyük Ermənistan" planını Rusiyanın iştirakı olmadan reallaşdırmaq istəyirlər. Üstəlik, hazırkı oyuncaq prezident Serj Sarkisyandan və onun xarici işlər naziri Nalbandayandan canlarını qurtarmaq istəyirlər.
Düzdür, onlar buna keçən ilin martında Levon Ter-Petrosyanı hakimiyyətə gətirməklə qanlı bir cəhd etmişdilər, amma Kreml də Kremldir ha! Moskva bu cür "oyunların" qarşısını dərhal aldı və iradəsiz, qorxaq S.Sarkisyanı Qərbin və erməni lobbisinin acığına hakimiyyətdə saxladı. Bununla da sübut etdi ki, istənilən adamı istənilən situasiyada hakimiyyətə gətirə və iş başında saxlaya bilər. Yenə də deyirəm, Kremldə oturanlar bunu gözəlcə anlayırlar və Qərbə, onların aləti olan Daşnaksütyun lobbisinə "sürpriz hazırlayırlar". Ermənistan prezidentinin İstambul sammitinə qatılmaması da onun göstəricisi idi ki, Kreml Obamanın "İstanbul ziyafətinə" qatılmasına qarşıdır və bu oyunları ciddi şəkildə izləyir. Ola bilər ki, Moskva S.Sarkisyanı başqası ilə əvəzləsin, amma öz adamı ilə! İndi gözlər Ankarada və çıxarılacaq qərardadır. TÜRKİYƏ OLDUQCA TƏHLÜKƏLİ VƏ TARİXİ BİR OYUNA GİRİŞİB. Hətta nəticəsinin necə qurtaracağı belə çətin məlum olan bir oyuna! Bu oyunda kim udacaq, kim uduzacaq, Obama İstanbulda nə dedi, Türkiyə nə addım atacaq, bax, bu təxminən bir az sonra məlum olacaq. Amma Türkiyəyə sualım var: kiminləsən, Türkiyə?

Digər xəbərlər