PDF Oxu

Köşə

  • 13

Mübarizə dairəsində genişlənmə hiss olunmur

Mübarizə dairəsində genişlənmə hiss olunmur
Müxalifət referendum ərəfəsində iki təşviqat qrupu ilə təmsil olunsa da, əhalinin hətta az qisminin də dəstəyini qazana bilməmişdir. Hər iki təşviqat qrupunun başlıca məqsədi əhalini referenduma getməkdən çəkindirmək olmuşdur. Yerlərdən aldığımız məlumatlara görə, əhali əksər bölgələrdə müxalifət nümayəndələrinə qulaq asmamış və keçmiş yarıtmaz fəaliyyət göstərmələrini bir daha onlara xatırlatmalı olmuşdur.
Radikalların ifrat qanadının referendum əleyhinə siyasəti uğursuzluqla nəticələndi. Bu, belə də olmalı idi. Konstitusiyada vacib dəyişikliklər edilməsi Milli Məclisdə mütəxəssislər tərəfindən diqqətlə müzakirə edilərək əsaslandırılmışdı. Radikallar isə başlıca diqqəti 101-ci maddədə edilən dəyişikliyə yönəltməyə səy edirdilər. Əslində, müharibənin başa çatmadığı bir vaxtda vəzifəsini icra etməyə qadir olan ölkə başçısının seçilmək səlahiyyətinin məhdudlaşdırılması düzgün olmazdı.
Radikal müxalifət təmsilçiləri 1988-1993-cü illər arasında Kamran Bağırov, Əbdürrəhman Vəzirov, Ayaz Mütəllibov və Əbülfəz Elçibəy "dördlüy"ünün yürütdüyü səhv siyasət nəticəsində respublikamızın müsibətlərə sürükləndiyni, deyəsən, unudublar. Əslində, hadisələr onların gözləri önündə cərəyan etmişdir. Onlar bu gün də Azərbaycanın bünövrəsini laxlatmağa can atırlar. Ancaq əhali radikalların nə düşündüklərini və nə ilə nəfəs aldıqlarını yaxşı bilir. Çətin ki, bundan sonra radikal müxalifət kimisə öz ardınca apara bilsin.
Biz bir daha keçmişə qısa ekskurs etmək istəyirik ki, daxili düşmənlərimizin kimlərdən ibarət olduğunu heç vaxt unutmayaq. 1988-ci ilin fevralında Mixail Qorbaçovun ətrafında sıxlaşmış ermənilər öz akademikləri Aqanbeqyanın məqaləsini Paris nəşrlərindən birində dərc etdirməyə nail oldular. Sovetlərin çökümündən məharətlə istifadə edən Aqanbeqyan həyasızlıqla Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsini təklif edirdi. Qorbaçovun səyi ilə Moskva birtərəfli qaydada ermənilərə kömək etmək istəyirdi. Azərbaycanın Kommunist Partiyasının sonuncu birinci katibi Kamran Bağırov xalqını dəstəkləməmək naminə Qazax rayonu ərazisindən 400 hektaradək meşə sahəsini ermənilərə bağışladıqdan sonra vəzifəsindən istefa verib getməyə çalışırdı. Bakı əhalisi ayağa qalxıb Moskvadan tələb edirdi ki, erməniləri geri oturtsun.
Moskva K.Bağırovu istefaya göndərib yerinə Əbdürrəhman Vəzirovu Azərbaycan Kommunist Partiyasının birinci katibi təyin etdi. Paytaxt əhalisi isə üsyana qalxmışdı. İri müəssisələr, fabrik və zavodlar tətilə başlamışdı. Xalq Ə.Vəzirovun bambılı siyasətini qəbul etmirdi. 1988-ci ilin noyabrınadək Moskva bizi Ə.Vəzirovla əyləndirdi. Noyabrın 18-də başlanmış fasiləsiz mitinqlər 1988-ci il dekabrın 4-dən 5-nə keçən gecə Ə.Vəzirovun əli ilə dağıdıldı. Mitinq və tətillər 1990-cı ilin 20 yanvarınadək davam etdi. Ə.Vəzirovun dəvət etdiyi sovet ordusu 20 Yanvar faciəsini törətdi. Moskva Ə.Vəzirovu tutduğu vəzifədən uzaqlaşdırdı.
Ayaz Mütəllibov gəldi. O da mitinq və tətillərin qarşısını ala bilmədi. 1992-ci ilin 26 fevralında Xocalı soyqırımı törədildi. Mayın 8-də Şuşa, 18-də isə Laçın işğal edildi. 1992-ci il 15 mayda AXC-çilər A.Mütəllibovu hakimiyyətdən uzaqlaşdırdılar. Tezliklə Kəlbəcər işğal edildi. AXC iqtidarı ölkənin sütunlarını laxlatdıqdan sonra qaça-qaç başlandı. Vətəndaş qarşıdurması zəminində Ə.Elçibəy Kələkiyə qaçdı.
Azərbaycan bir neçə tərkib hissəsinə parçalanmaq təhlükəsi ilə üzləşdi. S.Hüseynov Gəncədə, Ə.Hümbətov Lənkəranda "qan-qan" deyirdi. Müdafiə naziri vəzifəsindən uzaqlaşdırılmış R.Qazıyev bu şəxslər arasında var-gəl edib suyu bulandırırdı. Fürsətdən istifadə edən ermənilər isə bir-birinin ardınca rayonlarımızı işğal edirdilər.
Nəhayət, ümummilli liderin gəlişi ilə sabitlik bərpa edildi, iqtisadi yüksəliş təmin edildi. Bu gün Azərbaycan qüdrətli respublikaya çevrilmişdir. Xalq iqtidarın yürütdüyü siyasəti dəstəkləyir. Radikallar isə suyu bulandırmaq üçün hər cür vasitədən istifadə etmək istəyir. Bununla da, onlar xırda təxribatlardan uzağa gedə bilməyəcəklər.

Digər xəbərlər