Bloklara qoşulanlar və qoşulmayanlar eyni acı taleyi yaşamaqdadırlar
"Azadlıq" siyasi bloku, "DUİ" və digər xırda-xuruş bloklar özlərini tox tutmağa cəhd edirlər. Blok funksionerlərinin dediklərinə görə bloklara qoşulmayan ayrı-ayrı partiyalar parçalanıb-dağılmaq təhlükəsindən sığortalanmaq iqtidarında deyillər. Sözçülər, əlbəttə, Əli Kərimov, Lalə Hacıyeva, Əli Əliyev, Mirmahmud Fəttayev, Əhməd Oruc və başqalarından ibarətdir. Onlar Müsavat başqanı İsa Qəmbərovun hələ də Avropa liberallarından yarımadığını bildirir və Müsavatın parçalanmasının qarşısına sipər çəkə bilmədiyini vurğulayırlar.
Atalarımız "dərd dərd üstə gəlməsə, bir dərdə nə var" demişlər. Bu ifadələr heç də gəlişigözəl sözlər deyil. Vaxtilə İ.Qəmbərov istəyirdi ki, bütün müxalifətin vahid lideri olub, onların sayəsində siyasi reytinqini artırsın. O vaxt 2003-cü il 15 oktyabr prezident seçkilərinə dörd ay qalırdı. "MKM" "doqquzluğ"u İ.Qəmbərovu get-gedə sıxmaqda idi. Müsavat başqanı indiyədək heç kəsin görüb tanımadığı elə bir radikal blok yaratmaq istəyirdi ki, həmkarlarının hər biri başına and içsin.
Londona çəkilmək təşəbbüsünə doqquz "MKM" üzvündən yalnız 4-ü qoşulmuşdu. Görüş gizli idi və "dördlər" onun nəticələri haqda danışmağa başladıqda, "MKM"-də qalan "beşlər" bu nəticələrdən yararlanacaqlarını düşünürdülər. Ancaq "Demokratik Sabitlik İttifaqı"nın London "dördlüy"ü tezliklə yekdillik nümayiş etdirmədiyini büruzə verdi. Münaqişə tərəfləri Müsavat başqanı İ.Qəmbərovdan və AMİP sədri E.Məmmədovdan ibarət idi. AXCP (i) sədri Ə.Kərimov və ADP sədri R.Quliyev Müsavat başqanı və AMİP sədrinin xeyrinə "DSİ"-nin vahid namizədliyindən imtina etsələr də, İ.Qəmbərovla E.Məmmədov bu posta yalnız özlərini layiq bilirdilər.
Prezident seçkisi ərəfəsində vahid namizədlik məsələsi, Londonda olduğu kimi, Bakıda da real həllini tapmadı. Bununla belə, İ.Qəmbərov seçkidən dərhal sonra ifrat radikallıq mövqeyindən çıxış etməyə üstünlük verdi. Məsələ iğtişaş dairəsini aşmadı. E.Məmmədov İ.Qəmbərov əleyhinə bəyanatla çıxış etdi. Bundan sonra isə ifrat radikalizmə ağır zərbə vuruldu. Həm İ.Qəmbərov, həm də E.Məmmədov partiyalarını dirçəltmək üçün yeni yollar axtarışına çıxdılar.
İ.Qəmbərov Avropa liberallarının dəstəyinə arxalansa da, ciddi uğur qazana bilmədi. Müsavat daxilindəki dəyişiklik isə parçalanmanın qarşısını ala bilmədi. Söhbət Sülhəddin Əkbərin Ali Məclis sədrliyinə, Arif Hacıyevin isə partiya icra aparatına gətirilmələrindən gedir. Referendum başa çatdıqdan sonra Rauf Arifoğlu "Yeni Müsavat" qəzeti ilə birgə İ.Qəmbərovun yanından getdi. Hazırda İ.Qəmbərovdan bir təpər görməyənlər hazırda R.Arifoğlunun ətrafına toplaşmaqdadırlar.
E.Məmmədov da öz AMİP-ini bir yana çıxara bilmədi. O, altı il əvvəlki iğtişaşdan sonra İ.Qəmbərovu tənqid etdi və söz verdi ki, heç vaxt radikal bloka qoşulmayacaq. E.Məmmədovu narahat edən ölkədə siyasi sabitliyin bərpa edilməsi idi. Bu şəraitdə o, kütlələrin ardınca sürünməyi özünə ar bilirdi. Xaos və dərəbəyliyin isə nə vaxt bərpa olunacağı onun üçün qaranlıq olaraq qalırdı. E.Məmmədov bu cür davam edəcəyi təqdirdə, sabitliyin davamlı tərzdə mövcudluğunu qoruyacağından ehtiyat edirdi.
İlk nümunə kimi, E.Məmmədov sədr postundan istefa verib, yerinə müavini Əli Əliyevi təyin etdi. AMİP-in bir hissəsini özü ilə "Azadlıq" siyasi blokuna qoşan Ə.Əliyev E.Məmmədovun müdaxiləsi ilə sədr postundan uzaqlaşdırılsa da, bir qrup AMİP-çini "VİP"-də saxladı. E.Məmmədovun təyin etdiyi Ayaz Rüstəmov da AMİP sədri postunda uzun müddət qala bilmədi. Hələlik, AMİP sədrsiz qalmaqdadır. E.Məmmədov isə AMİP-lə Müsavatın birləşməsi yönündə İ.Qəmbərovla danışıqlar aparır. AMİP həm də növbəti qurultayını keçirməyə hazırlaşır.
Bloklaşmış kimi görünən radikal partiyalar, əslində, AMİP və Müsavatdan da pis gündədir. "Azadlıq" siyasi blokunda təmsil olunan AXCP (i) və "MBH" o qədər də inamlı təsir bağışlamır. AXCP (i) sədri Əli Kərimov daxili parçalanmanın qarşısını almaqda acizdir. Hətta "Yurd"çular da Ə.Kərimovun siyasi səriştəsinə şübhə ilə yanaşmaqdadırlar. AXCP (i)-çilər axın-axın Qulamhüseyn Əliyevin "Aydınlar"ının sıralarına qoşulurlar. Ə.Kərimov isə sinəsini yalançı qürurla qabardaraq, boş-boş danışmaqla və bloklara qoşulmayanların kölgəsini qılınclamaqdadır.
"MBH" lideri Lalə Hacıyeva ALP-nin cilovunu buraxdıqdan sonra lider badəsini nuş etdi. ALP-nin sədr postunun müdafiəsində duran Əvəz Temirxan nədənsə L.Hacıyevanın qəzəbinə tuş gəlmişdir. 2005-ci il 6 noyabr parlament seçkilərində mandat qazanan L.Hacıyeva sonradan ondan imtina etmişdir. İndi kin-küdurətini müavininin üstünə tökməklə özünə təsəlli vermək istəyir. Ə.Temirxan isə indiyədək hətta evlənməyərək, L.Hacıyevanın xidmətində durduğu üçün özünü qınayır. "VİP"-ə və onun sədri Əli Əliyevə gəldikdə, heç nə vecinə deyil. O, AXCP (i) ilə "MBH" arasında var-gəl etməklə vəzifəsini başa çatmış hesab edir.