Rauf Arifoğlu “Yeni Müsavat” partiyasının bərpasına girişib
Əli Kərimovun AXCP (i)-si ağır durumla üzləşmişdir. Ondan yeni heç nə gözləməyən partiyadaşları kütləvi şəkildə Qulamhüseyn Əliyevin "Aydınlar"ının sıralarına axışmaqdadır. Etibar Məmmədov Müsavat və AMİP-in çökümünün qarşısını almaq üçün onların birləşdirilməsini və həmsədr institutunun yaradılmasını vacib hesab edir. Digər radikal partiyalar da çətin duruma düşmüşlər. Başlıca diqqətçəkən amil partiyadaxili çəkişmələrin qabarıq tərzdə müşahidə edilməsidir.
Rauf Arifoğlu İ.Qəmbərovun dözülməz məqsədyönlü siyasətindən təngə gəlib cana doyduqdan sonra "Yeni Müsavat" qəzetini də götürüb Müsavatın sıralarını tərk etmişdi. O, 2009-cu ilin oktyabrında keçiriləcək bələdiyyə və 2010-cu ildə keçiriləcəyi nəzərdə tutulan parlament seçkilərində öz partiyası ilə iştirak etmək istəyir. İ.Qəmbərovun idarəçiliyindən narazı olanlar R.Arifoğlunun çay qonaqlıqlarına təşrif gətirməkdədirlər.
Müsavatın bir çox tanınmış funksionerləri R.Arifoğlunun "Yeni Müsavat" qəzeti ətrafına toplaşaraq müəyyən fikir mübadilələri aparırlar. Onlar "Yeni Müsavat" adlanacaq yeni partiyanın İ.Qəmbərov Müsavatından daha təkmil qurum olacağına inanırlar. İ.Qəmbərov "Gedənlərə dur demərik" desə də, hər bir funksionerin gedişini ürək ağrısı ilə müşayiət etməkdədir. Artıq keçmiş "Yeni Müsavat"çı Nəsib Nəsibli, keçmiş DTK-çı İlham İsmayıl və keçmiş BQP-çi Şahvələd Çobanoğlu R.Arifoğlunun yanındadırlar. Fürsət düşən kimi Qabil Hüseynli də getməyi gözaltılamışdır. Digər funksionerlər isə getmək üçün münasib bəhanələr axtarmaqdadırlar.
R.Arifoğlu belə hesab edir ki, "Yeni Müsavat"ın yaranması İ.Qəmbərovun qeyri-işlək Müsavatını qabaqlayaraq, yeni güc mərkəzinə çevriləcəkdir. O, belə hesab edir ki, imicini artıran "Yeni Müsavat" həm bələdiyyə, həm də parlament seçkilərində İ.Qəmbərovun yuxusuna da girməyən mühüm irəliləyişlərə nail olacaqdır. R.Arifoğlu "Yeni Müsavat" qəzetinin də öz sözünü deməkdə olduğuna əmindir.
R.Arifoğlu belə hesab edir ki, "Yeni Müsavat" qəzeti Müsavatdan ayrıldıqdan sonra sıfır nöqtəsindən yuxarı qalxmışdır. O, bu təbliğatdan güc alan yeni partiyanın müxalifət partiyaları arxasında aparıcı qüvvəyə çevriləcəyinə inanır. R.Arifoğlu İ.Qəmbərovu vurub sıradan çıxartdıqdan sonra radikallar arasında yüksək nüfuz qazanacağına əmindir.
R.Arifoğlu başına toplaşan həmkarları ilə yeni partiya yaratmaq haqda razılığa gəlib. Aprelin 1-də "Yeni Müsavat"çılar qapalı yığıncaq keçirmişlər. Əldə etdiyimiz məlumata görə, yığıncaqda artıq bizə məlum olan məsələlər müzakirə edilmişdir. "Yeni Müsavat" partiyasının başqanı R.Arifoğlu olacaqdır. Deyilənə görə, həmkarları R.Arifoğlunun sədrliyini qəbul etmişlər.
Məlum olduğu kimi, İ.Qəmbərov 1992-ci ildə Ali Sovetin sədri olarkən, "Yeni Müsavat" partiyasının liderləri Nəsib Nəsibli və Rauf Arifoğlunu qəbul edib, partiyalarının açarını əllərindən almağa nail olmuşdu. Bəs adları çəkilən şəxslər nə əcəb İ.Qəmbərovun tələsinə düşüblər? Deyilənə görə, İ.Qəmbərov onların hər ikisini özünün gələcək perspektivinə inandıra bilmişdir. Məlum olduğu kimi, İ.Qəmbərov AXC-nin idarə heyətinin üzvü idi. Ancaq o, növbəti seçkilərdə prezident olmağa can atırdı. Bunun üçün ona partiya lazım idi. O, N.Nəsibli və R.Arifoğluna vəd etmişdi ki, növbəti prezident seçkilərində Əbülfəz Elçibəyə qalib gəldikdən sonra, onları istədikləri posta təyin edəcəkdir.
R.Arifoğlu və N.Nəsibli Ali Sovetin sədri olan İ.Qəmbərova inanmış və partiyalarının sükanını ona həvalə etmişlər. Ancaq AXC iqtidarı cəmi bir il hakimiyyətdə duruş gətirdikdən sonra iflasa uğramışdır. Süqutun bir səbəbi də İ.Qəmbərovun yaxşı Ali Sovet sədri olmaması idi. Gərək ximət etdiyin dövlətin bünövrəsini möhkəmləndirmək qabiliyyətin ola ki, prezident seçkilərinə qatılarkən səni fitə basmayalar. 18 il gözləyən R.Arifoğlu hiss etmişdir ki, İ.Qəmbərovu yıxmasa, öz vəziyyətini normallaşdıra bilməyəcəkdir. Odur ki, gec də olsa, əks-fəaliyyətə keçməyi lazım bilmişdir.