AMİP və Müsavat birləşəcəkmi?
21 il ərzində sədr kürsüsündən dördəlli yapışan radikal liderlər kritik məqamlar yaşamaqdadırlar. Etibar Məmmədov ən tez yorulan, ancaq geriyə çəkilmək istəməyən radikal liderlərdəndir. O, 2003-cü il 15 oktyabr prezident seçkilərindən sonra "DSİ" daxilində Müsavat başqanı İsa Qəmbərova qoşulduğuna görə peşmançılıq keçirdiyini bildirmişdi. İ.Qəmbərovun başı isə 15-16 oktyabr iğtişaşları zamanı müstəntiqlər qarşısında cavab verən "yeddilər"ə qarışmışdı.
Hətta o vaxt da AXCP (i) sədri Əli Kərimov və ADP Ali Məclisinin sədri Nurəddin Məmmədli yeni radikal blok yaratmaq istəklərini gerçəkləşdirməyə cəhd edirdilər. Onlar başlıca diqqəti AMİP sədri E.Məmmədov və Müsavat başqanı İsa Qəmbərovla danışıqlara yönəlmişdir. Nəticə Ə.Kərimov və N.Məmmədli üçün acınacaqlı olmuşdur. Çünki nə Ə.Kərimov İ.Qəmbərovun nə də N.Məmmədli E.Məmmədovun saqqızını oğurlaya bilməmişdir. Bundan sonra radikal blok oyunu bir müddət dayandırılmışdır.
2005-ci il 6 noyabr parlament seçkilərindən sonra Müsavat, AXCP (i) və ADP "Azadlıq" seçki blokunda bir araya gəlmişdir. E.Məmmədov isə hər hansı bir bloka girmək ideyasını heç vaxt qəbul etməyəcəyini bildirmişdir. Sonralar o, sədr postunu müavini Əli Əliyevə həvalə edib, görünməz lider olmağa üstünlük vermişdir. Ə.Əliyevin AXCP (i) ADP və "MBH"-yə qoşularaq "Azadlıq" siyasi blokuna üzv olması E.Məmmədovu radikal addımlar atmağa məcbur etmişdir. O, Ə.Əliyevi AMİP sədrliyindən azad edib, əvəzinə Ayaz Rüstəmovu təyin etmişdir. Ə.Əliyev isə E.Məmmədovdan ayrılmış AMİP-çilərlə "VİP" yaradıb, "Azadlıq" siyasi blokunda yerini möhkəmləndirmişdir. Təxminən il yarım sonra A.Rüstəmov səhhəti ilə əlaqədar AMİP sədri postundan imtina etmişdir.
AMİP indiyədək sədrsiz qalmaqdadır. E.Məmmədov isə real iş görməkdən çox xülyalara qapılmışdır. Referendum ərəfəsində onun yaratdığı "Milli İstiqlal" təşviqat qrupunun uğur qazanmadığı üçün siyasətdən yorulduğunu bildirən E.Məmmədov mübarizəsini dayandıracağını bildirmişdi. Ancaq tezliklə onun mətbuata sızdırdığı məlumata görə, iqtidar partiyasına qoşulub, baş nazirin müavini postunu tutacaqdır. Nazirliyin mətbuat xidməti E.Məmmədovun şayiələr yaydığını, onun təşkilatçılıq bacarığının və siyasi səriştəsinin sıfır həddində olduğunu bildirmişdir.
Tezliklə AMİP-dən mətbuata belə bir məlumat daxil olmuşdur ki, partiyanın Mərkəzi Şurası aprelin 14-də iclas keçirib, AMİP-in fəaliyyətini dayandırmaq haqda məsələnin müzakirəsinə başlamaq qərarı qəbul edilmişdir. Hələlik, bu yöndə mətbuata bir-birindən fərqli dumanlı məlumatlar ötürülməkdədir. AMİP-çilərin dediklərinə görə, Böyük Britaniyanın "Vestministr" fondu E.Məmmədovu bu fikrindən döndərməyə çalışır. Milli istiqlalçılar fondun AMİP-ə maliyyə yardımı göstərməyə hazır olduğunu bildirirlər. Deyilənə görə, ingilis fondu AMİP-ə ilkin xərc kimi 200 min dollar göndərmək istəyir.
Son vaxtlar E.Məmmədovun AMİP-ə kimisə sədr seçmək istəmədiyini bildirirlər. AMİP-çilər E.Məmmədovun böhrandan çıxış yolunu Müsavatla birləşməkdə gördüyünü söyləyirlər. Bəs Müsavat başqanı İsa Qəmbərovun E.Məmmədovun təklifinə münasibəti necədir? Müsavatda deyirlər ki, 1910-cu ildə İ.Qəmbərovun başqanlıq səlahiyyətinin müddəti başa çatacaq. Bundan sonra İ.Qəmbərov sədr postunu tərk etməyi planlaşdırır.
E.Məmmədov isə bu fikirdədir ki, İ.Qəmbərov istefaya getməsin və onlar Müsavatla AMİP-i birləşdirib, həmsədrlik institutu yaratsınlar. E.Məmmədov belə hesab edir ki, bu zaman arzu edən hər iki partiya funksionerinə vəzifə kürsüsü düşə bilər. İ.Qəmbərov və E.Məmmədov isə həmsədr postunu bölüşə bilərlər.