PDF Oxu

Köşə

  • 14

Ronaldo və biz

Ronaldo və biz
Bu dəfə nə Obamadan yazacağam, nə Hillaridən nə də Medvedevdən. Bizi təngə gətirən futbolçularımızdan yazacağam. O uşaqlardan ki, ürəyimizin içi qədər onları sevirik, dəstəkləyirik, onlar üçün Allaha dua edirik, amma hər dəfə millimiz oyuna çıxanda əksər futbolsevərləri əsəb və stressə salır. Neçə illərdir ki, bu futbol məsələsi əməlli-başlı başımıza bəla olub. Açıq danışıram və sizi ərklə "topa tutacam". Sual verirəm, qardaşım niyə futbol oynamırsınız?, nəyiniz əskikdir ki?! Cənab Prezident İlham Əliyev idmana, xüsusilə futbola qayğı göstərir? Bəli, göstərir. Futbolun inkişafı üçün Dövlət Proqramı hazırlanıb? Əlbəttə.
Siz futbolçular Avropa futbolçuları səviyyəsində pul alırsınız, "Prado"larda, "Rance Rover"lərdə gəzirsiniz, ən bahalı əyləncə mərkəzlərində istirahət edirsiniz,-yalan deyirəm? Qətiyyən. Nə bilim, öz biznesinizi-filanınızı qurusunuz. Allah xeyir versin. Amma uşaqlar, bütün bunları cənab Prezidentimizin, dövlətimizin, xalqımızın sizə olan qayğısı ilə qazanırsınız. Vallah, sizə sizin bu bir qəpiklik oyununuzla lap Banqladeşin özündə də bir manat qiymət verməzlər. Niyə xarici ölkə klublarına getmirsiniz, ona görə ki, siz bu "oyununuzla" heç kimə lazım deyilsiniz! Siz millidəki oyununuzla ancaq və ancaq bizim yerli klublarda, məsələn, "Qəbələ", "Simurq", "Turan" kimi klublarda oynaya bilərsiniz. Qardaşlarım, vallah, yalan demirəm.
Sizin Kriştyano Ronaldodan, Etoodan, Messidən, Semihdən, Nihat Kahveçidən, Volkandan, Arşavindən nəyiniz əskikdir ki? Heç nəyiniz. K.Ronaldo Türkiyənin aparıcı futbol saytlarından birinə verdiyi müsahibədə anasının onu min bir əziyyətlə, yoxsulluqla böyütdüyünü deyərək, həmin günləri unutmadığını və o günləri xatırlayanda, dərhal futbol topuna sarıldığını deyir. Yəni ki, məni bu cür şöhrətə bu top gətirib. Bərəkallah, bax, bu K.Ronaldo daima çörək yiyəsi olacaq. Bəs bizimkilər? Tam əminliklə deyə bilərəm ki, bizim futbolçuların ən azı yetmiş-səksən faizi K.Ronaldonun çəkdiyi zülmün iki faizini də çəkməyiblər. ONA GÖRƏ DƏ ONLARA BAHALI MAŞINLAR, KÜLLİ MİQDARDA PULLAR BƏXŞ EDƏN FUTBOLUN QƏDRİNİ BİLMİRLƏR!
Uşaqlar, cibinizdə Rusiya, Türkiyə çempionatında çıxış edən futbolçuların aldıqları qədər pullar xışıldayır, amma oyununuz heç nə! Nə olub, niyə oynaya bilmirik? Bax bu dəhşətli müəmma olaraq qalır. Qardaşım, millinin baş məşqçisi postuna dünya şöhrətli braziliyalı dünya çempionu Alberto Torresi də, 1996-cı ildə Almaniyanı Avropa çempionu edən Berti Foqsu da gətirdik, yenə xeyri olmadı ki, olmadı. Yazıq Şahin Diniyev, ümumiyyətlə, başını itirmişdi. Niyə? Çünki oynatmağa, meydana çıxarmağa bir nəfər də olsun düz-əməlli futbolçu yoxdur.
İstəyirsiniz məni öldürün, bu, həqiqətdir ki, BİZDƏ ƏSİL MƏŞQÇİ YOXDUR VƏ BU ÜZDƏN DƏ HEÇ KİM ƏSİL FUTBOLÇU OLMAQ İSTƏMİR! BAX SƏBƏB BUDUR. Bu vaxta qədər istər yığma komandaya, istərsə də klublarımıza başçılıq edən yerli məşqçilərimiz ən yaxşı halda 10-0, 8-0-dan başlamış aşağıya qədər uduzmaqla tarixə düşüblər. Yalan deyirəmsə, gözüm çıxsın! Əsil futbolçu və ya əsil məşqçi səhərdən axşama qədər klubun bazasında məşq edir, əsil məşqçi və ciddi klub öz futbolçusunun hətta şəxsi həyatına da ciddi şəkildə nəzarət edir. Futbolçunun ağzı nədir ki, müqavilə bağladığı klubun qaydalarından kənara çıxsın, məşq zamanı "lodurluq" etsin, nə bilim, gününü "aftoşluqda", gecə klublarında keçirsin. "Qalatasaray" kimi nəhəng bir klub, Avropanın ən ulduz futbolçularından olan Linkolnu, icazəsiz anasına dəymək məqsədilə Braziliyaya getdiyi üçün yüz min avroya qədər cərimələdi və indi də, ümumiyyətlə, onunla yollarını ayırmaq qərarı verib. Bu da sənə nizam-intizam.
Bizim klublar və məşqçilər isə futbolçuların harada olmalarından xəbərləri yoxdur. Təsəvvür edin ki, Azərbaycan klublarında oynayan futbolçuların tam əksəriyyəti meydandakı doxsan dəqiqəlik oyununun cəmi otuz dəqiqəsini oynaya bilirlər. Niyə? Çünki güclü məşq etmir və ya spirtli içkilər, siqaret və başqa qadağan olunan mayelər qəbul edirlər. Bax, niyə həmişə biz uduzmalıyıq, çünki biz hələ futbola ciddi şəkildə yanaşmırıq. Niyə stadionlara azərkeş gəlmir, çünki OYUN yoxdur qardaşım, oyun. Bizim futbol fəlsəfəmiz dəyişməsə, heç nə. Ümidimiz yeni yetişən uşaqlaradır. Onun üçünsə hamımız futbola marağımımızı gücləndirməliyik. Gəlin meydanlara axışaq, gənclərimizi dəstəkləyək. Bizdə futbol da alınacaq, oyun da. Bizdə K.Ronaldonu da, Droqbanı da, Semihi də, elə Arşavini də kölgədə qoyacaq uşaqlar var və yetişirlər.
Bir həftə sonra əsil Azərbaycan derbisi başlanır. Əzəli rəqiblər, "Xəzər-Lənkəran"- "Neftçi" oyunu aprelin 12-də başlanır. Biz stadionlara axışmaqla bütün dünyaya "Lujniki"dəki qədər aciz olmadığımızı sübut etməliyik. Haydı uşaqlar!

Digər xəbərlər