PDF Oxu

Köşə

  • 14

İsa Qəmbərov Rəsul Quliyevi məhkəməyə verəcək

İsa Qəmbərov Rəsul Quliyevi məhkəməyə verəcək
Radikal partiyalar arasında münasibətlər get-gedə pisləşməkdə davam edir. Ən adi mənfi reaksiya radikalların bir-birilərindən daha da uzaqlaşmalarına səbəb olur. Son günlər belə bir fakt "ACP" və Müsavat partiyaları arasında qeydə alınmışdır.Nyu-Yorkdan ekstradisiya edildikdən sonra "ACP"-nin lideri Rəsul Quliyev Avstriyada məskunlaşmışdır. Partiya üzvləri ilə daim əlaqə saxlayan R.Quliyev radikallar daxilində baş verən hadisələrdən xəbərdar olduğunu bildirir. O, ifrat radikalların bir çoxunun hakimiyyət uğrunda mübarizəsinə müsbət yanaşdığını vurğulayır. "ACP" lideri belə hesab edir ki, hakimiyyət uğrunda mübarizə aparanlar hər xırda faktı şişirtmək yolu tutub, öz niyyətini gerçəkləşdirməyə cəhd etməlidir. R.Quliyev özünü bu cür "mübarizlər"in ön cərgəsində hesab edir.
"ACP" ilə Müsavat partiyaları arasında qalmaqalın yaşanmasından bəhs edərkən R.Quliyevdən danışmağımızın səbəbi heç də təsadüfi deyildir. Yəni hərəkətimizlə yaranmış qalmaqalın başında R.Quliyevin durduğunu göstərmək istəmişik. Müsavat başqanı İsa Qəmbərov tabeçiliyi altında olan "Respublikaçı" referendum üzrə Təşəbbüs Qrupunun işindən narazı qalsa da, özünü razı kimi göstərir. Onun bu etinasız hərəkəti "ACP" lideri R.Quliyevin cızdağını çıxarır. Yəni lideri yandırıb-yaxır.
R.Quliyev İ.Qəmbərovun adını "sədr" kimi hallandırıb, onu liderliyə layiq bilmir. Müsavat başqanı, həqiqətən də, Müsavatın lideri hesab edilmir. Artıq hamının yaxşı bildiyi kimi, uzun illərin müsavatçısı Rauf Arifoğlu rəhbərliyi altında çıxan "Yeni Müsavat" qəzetini də götürüb, partiyanın sıralarını tərk etmişdir. Müsavatda İ.Qəmbərovun kursunu bəyənməyən bir çox funksionerlər axın-axın olmasa da, beşbir-üçbir R.Arifoğlunun çay süfrəsi ətrafına toplaşıb, başqanın kürəyinə o ki var döşəyirlər. Çoxları belə hesab edir ki, gec-tez İ.Qəmbərov bu zərbələrə dözməyib, sədr kürsüsündən xoşluqla istefa verib gedəcəkdir.
Deyir qoy narazı müsavatçılar saydıqlarını saysınlar, görək İ.Qəmbərov nə sayır?! İ.Qəmbərov partiyadan gedənlərə ürəkdən "xoş getdin" deməsə də, onların gedişlərini ürək ağrısı ilə müşayiət edir. Ancaq o, R.Arifoğlunun gedişindən hətta cüzi narahatlıq belə keçirmədi. Ürəyinin ən dərin guşəsində hətta bir sevindi də. Onu öz yöndəmsiz yazıları ilə yıxsa, elə R.Arifoğlu yıxacaqdı. Şükür Allaha, öz xoşluğu ilə başından açılıb getdi. İ.Qəmbərov yaxın 5-6 ildə başqanlıq postunu tərk etməyi heç ağlına da gətirmir. O, sədr kürsüsündə tək qalsa da, radikal cinahda öz mübarizəsini davam etdirəcəkdir. O, 1988-ci il meydan hərəkatının üzvü olub və orada yüksək "turbinadan" deyilən "öldü var, döndü yox" ifadəsinə ömrü boyu sadiq olacaqdır. İ.Qəmbərovun başlıca fikri ifrat radikallığı daha da möhkəmləndirib, onu bərkimiş poladdan da möhkəm etməkdir. O, bunu etməyə bacaracaqmı? Əlbəttə, bacaracaqdı. Əgər yaman dillər olmasaydı...
Deyir yüz yeyənin olsun, bir deyənin olmasın. Avropanın mərkəzində oturub, Azərbaycanda saman içi eşələyən R.Quliyev İ.Qəmbərova kömək etmək əvəzinə, mane olmağa başlayıb. "ACP" lideri belə hesab edir ki, Müsavat başqanı radikallığın sütunlarını laxlatmaqdadır. O, qorxur ki, belə davam edəcəyi təqdirdə, İ.Qəmbərov tezliklə ifratçılığın axırına çıxacaqdır. Odur ki, etməyib tənbəllik, İ.Qəmbərova Avstriyadan yağlı bir söyüş göndərdi. Dedi ki, İ.Qəmbərov üzdə əl altdan bünövrəsini laxlatdığı radikal müxalifətin qabının dibini yalayandır.
Bu təhqiramiz sözlər İ.Qəmbərovun qəlbinə şeşpər kimi batdı. Ancaq türklər demişkən, səbr edib bəkləməyi və "ACP"-nin rəsmi mövqeyini öyrənməyi lazım bildi. Bir neçə gün keçsə də, "ACP" R.Quliyevin söyüşünə təkzib vermədi. İ.Qəmbərov elə bilirdi ki, "ACP" sədri Akif Şahbazov öz nümayəndəsini göndərib, üzrxahlıq edəcəkdir. Ancaq belə olmadı. O, "qab dibi yalamağın" nə demək olduğunu yaxşı başa düşürdü. Ancaq deyəsən, A.Şahbazov ismarıc göndərən liderinin etdiyi qəbahətin yükünün ağırlığını dərk etmək istəmirdi.
İ.Qəmbərov "qızım, sənə deyirəm, gəlinim, sən eşit" misalının hikmətindən yararlanmaq istədi. Həmkar partiyaların qəzetlərindən birində belə bir şayiə buraxdı ki, guya Rəsul Quliyev müəyyən dairələrə pul ödədikdən sonra Azərbaycana qayıtmaq üçün danışıqlar aparır. Bu yazını oxuyan "ACP" sədri A.Şahbazov rəsmi surətdə bəyan edib ki, R.Quliyevin Azərbaycana qayıdacağı təqdirdə, o, sədr postundan istefa verəcəkdir. Çox güman ki, A.Şahbazov R.Quliyevin vətənə qayıtmasını qətiyyən istəmir.
Deyir Yerin də qulağı var və bu xəbər gedib Avstriyada R.Quliyevə çatdı. R.Quliyevin qəzəbinin istiqaməti 180 dərəcə bucaq altında dönərək, Bakıda tabeçiliyi altında fəaliyyət göstərən A.Şahbazovun üzərinə yönəldi. A.Şahbazov isə liderinə məktub yazıb izah etdi ki, mən bu ifadəni sədrliyi sənə təqdim etmək mənasında işlətmişəm. R.Quliyev isə lider qalmağa daha çox üstünlük verdiyindən, A.Şahbazovla razılaşmadı. Beləliklə, "ACP" daxilində münaqişə toxumu cücərməyə başladı. İ.Qəmbərov, üstəlik, Əzizbəyov rayon məhkəməsinə şikayət etmək fikrindədir.

Digər xəbərlər