PDF Oxu

Köşə

  • 5

Obama Türkiyə yolunda, yaxud Hillarinin Şərq hekayəti haqqında

Obama Türkiyə yolunda, yaxud Hillarinin Şərq hekayəti haqqında
Yekəxanalıq olmasın, bir müddət əvvəl ABŞ-Türkiyə münasibətləri barəsində yazdıqlarımız açıq şəkildə özünü doğrultmaqdadır. Məsələ burasındadır ki, ABŞ dövlət katibi Hillari Klintonun bir neçə gün bundan əvvəl Yaxın Şərq turnesinə çıxmasının və Türkiyə rəhbərliyi ilə danışıqlar aparmasının Şimal küləyinin Qərb küləyini üstələdiyi Ankarada çətin olağını xəbər vermişdik.
Amma ABŞ dövlət katibinin Ankara səfərində ən yaddaqalan məqam onun Türkiyənin tanınmış qadın proqramında çıxış edərək, əslində, nə qədər səmimi olduğunu və çətin həyat yolu keçdiyini bütün Şərq qadınlarına anlatması oldu. Sanki ABŞ incik saldığı Şərqdəki dostlarını səmimiyyətinə inandırmaq üçün Ağ Evin "dəmir ledisi"ni elçi kimi yollamışdı. Yazıq B.Obama Corc Buşun səhvlərini aradan qaldırmaq üçün əllərini əməllicə çırmayıb. H.Klinton isə Türkiyədəki qadınlarla söhbətində bir daha göstərdi ki, güclü və iradəli qadın, prinsipial insan necə qələbə qazanar. H.Klinton heç bir adın, vəzifənin həyat mübarizəsində önəm kəsb etmədiyini və bir qadının öz ailəsi və şərəfi uğrunda necə mübarizə aparmalı olduğunu dramatik həyat hekayəsi ilə bir daha bütün ömrü mübarizələrdə keçən Şərq qadınına anlatdı. O qadınlar ki, həmişə Qərbdəki qadınların nə qədər azad və gözəl həyat yaşadıqlarını onlara həsəd aparıb ah çəkməklə dilə gətirirlər. Amma bu dəfə ABŞ-ın keçmiş birinci ledisi və hazırkı dövlət katibi, həyatının nə qədər dramatik olduğunu açıqca ortaya qoydu. Xüsusilə əri, keçmiş prezident Bill Klintonun Monika Levinski ilə yaşadığı eşq macərasına və bunun öhdəsindən necə gəldiyinə dair sualı cavablandıran Hillari xanım, yalnız güclü məhəbbəti və ailə sevgisi naminə mübarizə aparması ilə bu məsələnin öhdəsindən gəldiyini açıqladı və həmin an onun gözlərindəki duyğular, mən əminəm ki, milyonlarla insanın ürəyini əməllicə kövrəltdi. Bəli, xanım Hillari necə mübarizə aparmağın və məqsədə doğru hansı əzablı yollarla addımlamağın vacib olduğunu bütün Şərq qadınlarına əyani şəkildə göstərmiş oldu. Bu, faktdır. Deməli, istər qadın, istər kişi fərq etməz, hər bir insan yalnız və yalnız möhkəm iradə və mübarizə ilə nəticə qazana bilər və bu fakt dünyanın harasında olursansa ol, öz qüvvəsini saxlayır. Hillari xanımın Ankara səfərində ən böyük uğuru Türkiyə hökumətini sürətlə Moskva ilə yaxınlaşmağı dayandırmağa nail olması, Türkiyə prezidentini İsrailə səfərə getməyə razı salması və ən nəhayət, ABŞ-ın əsas müttəfiqlərindən biri olan Türkiyəni Kremlin pəncəsindən almağa çalışmasıdır. Düzdür, Vaşinqton bir az gecikib, amma yenə də olsun. Çünki rəsmi Ankara onunla hesablaşmayan və belə deyək də, Türkiyənin onu İsrailin ayağına verməkdə ittiham etdiyi ABŞ-ın danışıq təklifini ciddi şəkildə qarşılamadı və ABŞ dövlət katibi Hillari Klinton Türkiyəli həmkarı Əli Babacanla danışıqlar apardığı vaxt, Türkiyə prezidenti Abdullah Gül Kremldə Dmitri Medvedevlə gülə-gülə Rusiya-Türkiyə əlaqələrini müzakirə edirdi. Türkiyə bu addımı ilə demək istəyirdi ki, yəni mən sənə möhtac deyiləm və istədiyim vaxt siyasəti dəyişə bilərəm. Əslində, ABŞ-a qarşı bu mövqeni tutmaqda Türkiyənin haqqı var. Çünki daima ABŞ rəsmiləri rəsmi Ankaranın müdaifəsinə qalxmaq lazım olanda ancaq və ancaq Ağ Evin sözçüsünü qabağa verərək, bir iki kəlmə diplomatik ifadələrlə işini bitmiş hesab etdilər. Amma Davos Forumunuda Türkiyənin baş naziri ilə İsrail prezidenti arasındakı söz davasından sonra Ağ Ev açıq şəkildə Türkiyəyə qarşı kəskin mövqe sərgildi və dərhal bunun acısını da dadmalı oldu. ABŞ rəhbərliyi Türkiyənin müsəlman dünyasının hamisi kimi çıxış etməsini həzm edə bilmədi. İndi aprelin əvvələrində ABŞ prezidentinin Türkiyəyə gələcəyi gözlənilir və bu səfər, açıqca demək lazımdır ki, rəsmi Ankaranın Qərb üzərindəki ciddi qələbəsidir. Artıq Türkiyə regionda fəallaşmaqla, həmçinin, siyasi proseslərdə və iri iqtisadi layihələrdə iştirak etməklə özünün gücünü və hesab məsələsini Qərbdəki müttəfiqlərinə başa salmış oldu. Biz bu qənaətdəyik ki, Barak Obamanın Türkiyəyə səfəri, xələfi Corc Buş vaxtında buraxılan səhvləri aradan qaldırmaqda ona çətin ki, kömək olsun. Düzdür, ABŞ-ın yeni prezidenti Yaxın Şərq və müsəlman dünyası ilə bağlı siyasətdə ciddi dəyişikliklər etməyə və ABŞ-dan narazı ölkələri yumşaltmağa çalışır. Amma çətin işdir. Sanki Obama uzun müddət C.Buşun səhvlərini aradan qaldırmaqla məşğul olacaq. Başqa çarəsi də yoxdur. ABŞ indi çox romantik məna alıb. Özünü doğrultmaq üçün dövlət katibi dramatik həyatını danışır, prezident isə sələfinin "Oşibka"larını aradan qaldırmaq üçün başqalarına dil tökür. Amma ABŞ-ın qatarı, deyəsən, bir az da gecikib axı. ABŞ Şərqdə elə səhvlər edib ki, indi onları düzəltmək çətin işdir. "Axırıncı Aşırım" filmində Kərbəlayının dediyi kimi, "İman, sən çox günahlar eləmisən, lap çox!"

Digər xəbərlər