Pənah Hüseynov “DUİ”-də İsa Qəmbərovun missiyasını yerinə yetirir
Ümumxalq referendumunun keçirilməsinə iki həftədən az vaxt qalır. Müxalifətçilər özlərinin iki təşviqat qrupunun köməyi ilə heç bir ciddi iş görə bilməmişdir. Onların başlıca çətinlikləri əhalinin etimadını qazana bilmələridir. Əhali şəraitin yaxşılaşdırılmasını, yaşayış və istirahət obyektlərinin abadlaşdırılmasını, yeni iş yerlərinin açılmasını, əmək haqqının artırılmasını və digər müsbət irəliləyişləri qoyub, kimlərinsə nisyə vədlərinə aldana bilməz. Buna görə heç kəsi qınamağa da dəyməz.
Sözümüzün bu yerində oxucuya çatdırman istədiyimiz əhvalatın referenduma birbaşa aidiyyatı vardır. Demək istəyirik ki, son günlər "KAXCP" sədri Mirmahmud Fəttayevlə AXP sədri Pənah Hüsynovun arasında anlaşılmazlıq və narazılıq yaranmışdır. Bayaq dediyimiz kimi, bu mübahisənin referendumla birbaşa əlaqəsi özünü qabarıq tərzdə büruzə verir.
Gəlin, tələsmədən hər bir şeyi aydınlaşdırmağa çalışaq.AXP sədri P.Hüseynov Müsavatın deputat qrupunun rəhbəri vəzifəsindən uzaqlaşdırıldığı vaxt kim onu himayəsinə götürdü? Əlbəttə, M.Fəttayev. Hamı yaxşı bilir ki, M.Fəttayev P.Hüseynovu yaradıcısı olduğu "Demokratiya Uğrunda İttifaq"a ("DUİ-yə") üzv etmiş və üstəlik, onu "DUİ"-nin Milli Məclis təmsilçiliyinə zəmin yaratmışdır. Bu "dabro"dan sonra P.Hüseynov Milli Məclisdə "DUİ"-nin parlament müxbiri vəzifəsini icra edirdi. Heç kəs də onun fəaliyyətinə maneçilik törətmək istəmir.
Deyəsən, P.Hüseynov çörəyi dizinin üstündə olan adamdır. Yəni o, "DUİ"-də otura-otura ittifaqın digər üzvləri ilə hesablaşmaq istəmir. Yəni o, bu və digər yerlərdəki rəsmi və qeyri-rəsmi çıxışlarında "DUİ"-nin problemlərini bir kənara qoyub, Müsavat başqanı İsa Qəmbərovu və onun yaratdığı "Respublikaçılar" təşviqat qrupunun fəaliyyətini təbliğ edir. P.Hüseynovun fikrincə, hazırda müxalif daxilində ən yaxşı lider İ.Qəmbərov, ən yaxşı təşviqat qrupu isə "Respublikaçılar"dır.
M.Fəttayevin bir işarəsi ilə "DUİ"-çilər dərhal bir yerə toplaşdılar və P.Hüseynovun fəaliyyətinə qiymət verməyi lazım bildilər. M.Fəttayev təklif etdi ki, P.Hüseynov qənbər daşlarını ətəyindən töksün. P.Hüseynov İ.Qəmbərova münasibətinin heç vaxt dəyişilməyəcəyini bildirdi. "DUİ"-çilər dedilər ki, biz 18 mart referendumunu boykot edəcəyik. P.Hüseynov isə dedi ki, mən İ.Qəmbərovun ideoloji konsepsiyasına riayət edib, "DUİ"-nin taktiki gedişinin səhv olduğunu bəyan edəcəm. Onun məqsəd və məramını soruşdular. P.Hüseynov dedi ki,İ.Qəmbərov ona "KAXCP"-ni dağıtmağı tapşırıb və mən öz missiyamı yerinə yetirməmiş "DUİ"-nin sıralarını tərk etməyəcəyəm.
P.Hüseynov belə hesab edir ki, "DUİ"-nin digər üzvləri onu dəstəkləməyə hazırdır. O, bu yolla M.Fəttayevi və onun "KAXCP"-sini "DUİ"-nin sıralarından kənarlaşdırmağa nail olacaqdır. P.Hüseynov ona kömək edəcək hər bir "DUİ" üzvünün İ.Qəmbərovla əlaqə yaratmasına yardımçı olacaqdır. Belə ehtimal olunur ki, İ.Qəmbərov P.Hüseynova kömək edən "DUİ"-çilərə Avropa liberal təşkilatlarının göndərdiyi vəsaitdən pay ayıracaqdır.
Bəs P.Hüseynov İ.Qəmbərovdan nə gözləyir? Tapşırığı yerinə yetirəcəyi təqdirə, Müsavat başqanı P.Hüseynovla aralarında olan keçmiş anlaşılmazlıqları unudub, Sülhəddin Əkbərin tutmuş olduğu Məclis sədri postunu ona həvalə edəcəkdir. Sözsüz ki, S.Əkbər istefaya göndəriləcəkdir. Vəssalam.
Göründüyü kimi, radikallar daxilində qarşıdurmalar yüksələn xətlə inkişaf etməkdədir. Qalmaqallar olmadıqda isə, fikirləşib onları yaratmaq lazım gəlir. P.Hüseynovla əlaqədar məsələ də süni surətdə yaradılmış problemlərdən biridir. Xatırlatmaq istərdik ki, İ.Qəmbərovla P.Hüseynov arasında narazılıqlar kifayət qədər çox olmuşdur. İ.Qəmbərov vaxtilə P.Hüseynovun kölgə kabinetindəki yerinə gah Rəsul Quliyevi, gah Etibar Məmmədovu, gah da başqa partiya liderini təyin etmişdi. Deyəsən, indi zamanın çarxı tərsinə dövran edir.