PDF Oxu

Köşə

  • 13

Mollalar və axirət günü

Mollalar və axirət günü
Bu yazını yazmağı çoxdan düşünürdüm. Məqsədim xeyir-şər məclislərində yaranan qeyri-normal vəziyyəti sizlərə izah etməkdir. İndi toylarımızı və xeyir-şər məclislərimizi elə vəziyyətə gətiriblər ki, adam xəcalətindən yerə girir. Dövlətimizin mənəvi dəyərlərimizin və dini inanclarımızın qorunması haqqında gördüyü işlər camaat tərəfindən yüksək qiymətləndirilir. Son illər dinimizə, adət-ənənələrimizə böyük diqqət var. Amma təəssüf ki, yenə bəzi adamlar, savadsız mollalar elə əməllərlə məşğuldurlar ki, əsil azərbaycanlı adət və ənənələrimizin bu kökə salınmasına ürək ağrısı ilə baxırıq. Bəzi xarici qüvvələr də bu savadsız mollalardan istifadə edib öz dini pozuculuqlarını yeritməyə çalışırlar.
İndi də "bərk gedən" mollalar barəsində və onların camaatın başına açdıqları min bir müsibət haqqında. Çünki bu məsələ hər kəsin ağrılı yeridir. Bu dünyanın əzəldən fani bir dünya olduğu, Allahın yaratdığı hər bir canlının bir gün haqq dünyasına qovuşacağını düşünəndə fikirləşirsən ki, ulu yaradanın dərgahına pak getmək qədər müqəddəs hiss ola bilməz. Amma əsil mərəkə rəhmətə gedən mərhumun yas mərasimində baş verir. Bizdə niyə yas mərasimləri bir növ mollaların "döyüş meydanına" və müsibətə çevrilir? Bax, onu indi deyəcəyəm.
Birincisi, bu gün həm Bakının özündə, həm də rayonlarda mollalıq edənlərin ən azı yetmiş faizdən çoxunun nə mollalıqdan, nə də müqəddəs islam dinindən xəbərləri yoxdur. Bunlar əsl azərbaycanlı dəyərlərini bir tərəfə qoyublar, başlayıblar pul qazanmaq üçün min cür əmələ baş vurmağa. Niyə belə edirlər? Çünki bu adamlar əməlli-başlı "sezonşiklərdir" və təsəvvürəgəlməz dərəcədə, Allaha acıq getməsin, yas məclisləri uğrunda müharibə aparırlar. Soruşursan ki, ay "molla" əmi, sən kimsən, sənə kim ixtiyar verib ki, islam dinini, dəfn qaydalarını, dini ayinləri bilmədiyin halda, yas məclislərini "yola verirsən"? Molla cavab verməsə də, sonda sənə məlum olur ki, bu adamların tam yarıdan çoxu keçmiş müfəttişlər, sürücülər, kassirlər, min bir əməllə camaatın başına bəla açmış "başkəsənlərdirlər". Birinci məsələ ondan başlayır ki, ölü yiyəsi bir babat molla tapmaq üçün bütün əlaqələrini işə salır. Təsəvvür edin ki, kişi bütün tanış-bilişi bir-birinə qatır, amma sonda molla tapmır. Çünki hamısı "zanitdir". Vay o gündən ki, həmin ölü yiyəsi kasıb ola, paho, heç bir molla ona yaxın durmaz. İndi molla araçılığı əməlli-başlı karlı bir biznesə çevrilib. ATƏT-in Minsk Qrupunun nə yeridir! Vasitəçilik elə, şələ-şələ pul qazan. (Deyirəm Allah çörək yetirəndə almanına, fransızına, amerikanlısına baxmır ki. Həmsədrlərin çörəyi isə onlardan qabaq gəlir. Təsəvvür elə ki, bir yandan Qarabağ məsələsi, bir yandan da molla araçılığı, qazan ki, qazan. Gedəndə də Parisə, Moskvaya, Vaşiqtona bir qazan müsəlman aş-qarası, lavaşı, üstündə də bir kilo halva apar. Yaşa, Brayza, yaşa!) Yazıq məclis yiyəsi iki dəfə ölüb dirilir. Başqalarından geri qalmamaq və "biyabır olmamaq" üçün borca-xərcə düşüb iki-üç toyun pulunu ərzağa verib süfrəyə düzür. Bu cür "süfrə məclisləri" bizim nə milli mentalitetimizə aiddir, nə də rəhmətə gedənin savabına yazılır. Təsəvvür elə ki, kişi rəhmətə gedib, süfrənin üstündə min bir naz-nemət, bahalı konfetlər, təbii içkilər. Sanki ölü ölməyib, kef-kəfalətdir. Hərə öz söhbətində, gülməyində. Ən dəhşətlisi odur ki, ölü yiyəsi dərdini çəkmək əvəzinə, gələn qonaqları qarşılamağa çalışır. Elə bil, restorana gəliblər. Ölü yazıq bir yanda qalıb, başda molla olmaqla hərə öz məsələsini danışır, siyasətdən dəm vurur. Bir dənə adam tapmazsan ki, dindən-imandan, Allahdan axirətdən danışsın. Təsəvvür elə ki, məclisdə Barak Obamanın arvadından tutmuş Şimon Presin Hillari Klintonu öpməsinə qədər hər şeydən danışırlar. Kimi neçə müddətdir ki, qəbuluna düşə bilmədiyi vəzifəli adamı qırağa çəkib öz işini müzakirə edir, kimisi də azı on ildir ki, üzünü görmədiyi qohum-qardaşını qucaqlayıb kef-əhval soruşur. Fısdırıqdır e, vallah. Paho, hələ gör molla əmi nə edir? Oturub məclisin başında, inflyasiyadan və avronun məzənnəsindən dəm vurur. Ayə, molla əmi, bu Davos Forumu deyil e, sən yasin oxu, insanları inanca çağır, islamın gözəlliklərini cavanlara başa sal. Kimə deyirsən? Həm də yazıq nə bilir ki, nə də danışsın. Onu ona görə bura gətiriblər ki, qoy desinlər ki, məclisdə molla var. Keçmişin sürücüsü, xəzinədarı, nə bilim kolxoz sədri nə qanır ki, məclisdəkilərə də öyrətsin. Bir az da acıqlı danışanda, onu qayda-qanuna dəvət edəndə hirslənib məclisi tərk etməklə hədələyir. Əşi, gedirsən cəhənnəmə get, bir daş da dalınca. Bizim Dəvəçi rayonunda bir dənə əməlli molla tapmaq olmaz. Mən qəti şəkildə buna əminəm. Orada mollalar tanıyıram ki, kasıbın xeyir-şərinə bir addım da olsun yaxın durmurlar. Rəhmətlik Yusif kişi var idi biz tərəflərdə. Kişi imkan vermirdi ki, kasıb-kusub pərt olsun, əziyyət çəksin. Yaşı doxsanı haqlasa da çalışırdı ki, nizam-tərəzi pozulmasın. İndi hanı o kişilər? Elə mollalar var ki, onları bu məclisdən qovurlar, gedib başqa yerə soxulurlar. Varlı məclisinə düşmək üçün əməlli-başlı qırğına çıxırlar. Hətta "yağlı məclis" çıxanda kasıb məclisini yarımçıq qoyub qaçırlar. Günü bu gün bizim kəndimizdə, Allah eləməsin, biri yıxılıb Allahın rəhmətinə getsin, o boyda kənddə bir dənə də olsun molla tapa bilməzsən. Cavanlar öyrənmirlər, "bazar mollaları" da soyğunçuluqla məşğuldurlar. Hər yerdə belədir. Artıq vaxtı çatıb ki, mollalar haqqında bir nizam-intizam qaydası yaradılsın. Onlar mütləq xüsusi testdən keçirilsinlər və sonra fəaliyyətlərinə icazə verilsin. Yoxsa, hərə bir dəftər alıb əlinə, düşüb məclislərin canına. Savadsız mollalar, bütün dini xurafata çevirib gözdən salırlar. Nə ürf qoyublar, nə adət. Belə olmaz a kişilər, öz mənəvi dəyərlərimizi, azərbaycanlı adətlərimizi qorumalıyıq. Gəlin dədə-babalarımızın yüz illərdən bəri ötüb gələn adətlərini yaşadaq. Biz buyuq. Biz müsəlman ölkəsiyik. Azərbaycan dövlətinin öz dövlət modeli, din siyasəti var. Ay camaat, gəlin öz dədə-baba adətlərimizi qoruyaq, bax, o zaman daha yüksəkdə duracağıq. Çünki kökünə bağlı olan daima çörək və hörmət yiyəsi olur. Mollalar, siz də AXİRƏTİ yaddan çıxarmayın ha, o, UZAQDA deyil!

Digər xəbərlər