PDF Oxu

Köşə

  • 11

Hillari Türkiyə ilə İsraili barışdırır?

Hillari Türkiyə ilə İsraili barışdırır?
Budur e, gün kimi, gül kimi gözəl Hillari xanım Klinton Yaxın Şərqə çıxıb, ardından da Türkiyəyə gəlir. ABŞ-ın dövlət katibi Rusiyanın regiondakı təsirini azaltmaq və əldən çıxmaqda olan Türkiyəni Moskvanın caynağından qoparmaq üçün Yaxın Şərqə çıxıb. Belə görünür ki, madam Klinton həm də İsraillə Türkiyəni barışdırmaq üçün gəlir. Özü də gəlir, nə gəlir. Əsil "bomba" kimi gəlir! İlk səfər turnesinə çıxdığı İsraildə prezident Şimon Pereslə mehriban qucaqlaşması, bütün Şərq qəzetlərinin baş manşetinə çıxarılıb. Şərq də ki, yaman yerdir də. Təsəvvür elə ki, Ərəbistandan başlamış Fələstinə qədər dörd-beş arvad saxlayan müsəlman kişiləri üçün bu mövzu elə "aktualdır" ki.
Bəli, bu gözəl xanımın Yaxın Şərqə səfərinin arxasında gözəllik nümayişi yox, ABŞ-ın maraqları durur. Tarix boyu həmişə hökmdarlarla görüşə gözəlləri göndərərdilər. Amma bir iş də var ki, rəsmi Ankaranın əməlli-başlı gərginlik içinə olduğu ABŞ-ın son addımlarını Hillari Klintonun gözəlliyi ilə yoluna qoymaq çox çətin işdir. Xüsusilə, nəzərə alanda ki, son günlər ABŞ Konqresində "erməni soyqırımı" məsələsinin apreldə yenidən gündəmə çıxmaq təhlükəsi günü-gündən çoxalır, hələ, üstəlik, bəzi ABŞ yetkililərinin Türkiyəyə yönəlmiş sərt ifadələri, açıq şəkildə, onsuz da pis vəziyyətdə olan Türkiyə-ABŞ münasibətlərinin üstünə benzin tökmüş oldu. Nə olub? Niyə ABŞ və Türkiyə ən azı yarım əsrdən çox müttəfiqlik münasibətlərinin üstündən belə qarşıdurmaya gəldilər. Diplomatik ifadələri bir yana qoyub, açıq şəkildə prosesləri ən incə məqamlarına qədər qiymətləndirmək lazımdır.
Ağ Ev sahibi Barak Obamanın Rusiya prezidenti Dmitri Medvedyevə yolladığı gizli məktubun faş olması, Kreml sahibinin onun şərti qəbul etməməsi də Vaşinqtonu əməllicə hərəkətə gətirib. Mister Obama deyirdi ki, sən regionda fəallaşmaqdan və İrana dəstək göstərməkdən əl çək, mən də Şərqi Avropada raketdən müdafiə sistemləri yerləşdirməkdən imtina edim. Heç D.Medvedev bunu edə bilərmi? Özü də Rusiyanın regionda fəallaşdığı və SSRİ kimi bir blok formalaşdırmağa girişdiyi ərəfədə. Rusiya prezidenti İspaniyada açıq şəkildə qeyd etdi ki, belə məsələ heç müzakirə mövzusu da ola bilməz. Deməli, rəsmi Moskva öz genişlənmə siyasətini sürətlə davam etdirməyə və təsir dairələrini genişləndirməyə qəti şəkildə qərarlıdır. Keçən əsrdəki kimi Şərqi Avropadakı və Yaxın Şərqdəki mövqelərini geri qaytarmağa çalışan Rusiya regionda Türkiyə ilə sıx əməkdaşlıq quraraq, onun vasitəsilə Yaxın Şərqdə əl-ayaq açmaq istəyir. Bir sözlə, Rusiya açıqca hücuma keçib və bir addım da olsun geri çəkilməyi ağlına da gətirmir. Üstəlik, Türkiyənin Moskva ilə yaxınlaşmağı və hazırda İstanbulda Şimal küləyinin Qərb küləyini sürətlə əvəz etməsi, Hillari Klintonun Ankarada ciddi problemlərlə üz-üzə qalacağını göstərir. Deməli, İsraillə Türkiyəni barışdırmaq və Ankaranı Moskvanın təsiri altından çıxarmaq məqsədi Hillari xanım üçün çətindən də çətin işdir.

Digər xəbərlər