Dünən erməni müxalifətinin lideri Levon Ter-Petrosyan mitinqdə dedi ki, indiki Ermənistan Zimbabve və Mozambiklə müqayisə oluna bilər. Müxalifət lideri, erməni rəhbərlərini başını quma gömmüş dəvəquşuna oxşadıb. O deyir ki, belə getsə, Ermənistanda kütləvi anarxiya və aclıq baş qaldıracaq. Sonradan da Levon qayıdıb ki, bəs bu cür aclıq və özbaşınalıqdan sonra Yerevanda yaxın vaxtlarda adam qalmayacaq. Elə bu yerdə yadıma məşhur "İrəvanda xal qalmadı" mahnısı düşdü. Allah Cabbar Qaryağdıoğluna min dəfə rəhmət eləsin. Musiqişünas alim Firudin Şuşinskinin 1985-ci ildə çap olunan "Azərbaycan musiqiçiləri" kitabında Cabbar Qaryağdıoğlu barəsində geniş məlumat verilir.
Orada "İrəvanda xal qalmadı" mahnısının tarixinə dair maraqlı əhvalat yazılıb. Sən demə, rəhmətlik xanəndə keçən əsrin əvvəllərində o vaxtkı İrəvanda toyda imiş. Nə isə toyun ortalarında deyirlər ki, xanəndə gəlini tərif etsin. Cabbar əmi də qayıdır bəs, gəlini ortaya gətirsinlər, o da baxıb tərif eləsin. Bu söz toy sahiblərini elə qəzəbləndirir ki, gəl görəsən. Vəziyyətin qəliz olduğunu görən Cabbar Qaryağdıoğlu hamını sakitləşdirib deyir ki, heç olmasa gəlinin bir nişanəsini desinlər ki, o da tərif etsin. Deyirlər ki, bəs gəlinin üzündə xalı var. Paho, elə bu bəs edir ki, Cabbar Qaryağdıoğlu məşhur "İrəvanda xal qalmadı" mahnısını dilə gətirsin. Bu gözəl mahnı toy sahiblərini elə cuşa gətirir ki, Cabbar əminin üstünə qızıl onluqlar yağış kimi yağdırılır.
İndi Yerevanda it yiyəsini tanımır. Neçə gündür ki, Ermənistan müxalifəti hazırkı prezident Serj Sarkisyanı hədəfləyən bəyanatlarla çıxış edir və bu azmış kimi, Yerevan küçələrinə çıxaraq kəskin ittiham və şüarlar səsləndirirlər. Onsuz da elə köhnə prezident Levon da bunun tayı idi də. Bunların hamısı belədir və açıqca görünür ki, hələ neçə əsr bundan sonra da Ermənistanı faşist tipli ermənilər idarə edəcəklər. Bunun alternativi-filanı yoxdur ki. Amma ən maraqlısı odur ki, artıq açıq-aşkar həm Ermənistanın xaricdəki erməni lobbisi, həm də Ermənistanı öz siyasi vassalına çevirən Rusiya rəhbərliyi hazırkı prezident S.Sarkisyanla "haqq-hesabı" birdəfəlik çürütmək qərarına gəliblər. Bu, açıq-aşkar belədir və başqa alternativ məsələ yoxdur. Düzdür, biz iddia etmirik ki, Levonu yenidən prezident postuna qaytaracaqlar. Qətiyyən! Amma Sarkisyanla da yolları davam etməyəcək. Birincisi, erməni lobbisi Robert Köçəryandan sonra hakimiyyətə gətirdiyi Sarkisyana inamını tamamilə itirib və onun hökumətinə verilən beynəlxalq erməni dəstəyinin sıfıra enməsi də onu göstərir ki, erməni lobbisinin Sarkisyanı görməyə gözü də yoxdur. O, artıq gözdən düşmüş siyasi fiqurdur. Elə son Davos forumunda Ermənistan prezidenti ətrafında yaranan gülünc vəziyyət, onun aparıcı iqtisadi qurum rəhbərləri ilə görüşə bilməməsi və hətta erməni diasporasının nəzarətində olan televiziya və agentliklər tərəfindən saya salınmaması onunla yolların ayrılmaq üzrə olduğunu göstərir. Yeni siyasi dönəmdə erməni diasporuna yeni fiqur lazımdır və bu proses artıq start alıb. Digər bir yandan neçə əsrdir Ermənistanı özünün fosforu və qapazaltısı edən Rusiya da Yerevanda vəziyyəti öz xeyrinə dəyişməyə və Qərbin açıq şəkildə müdafiə etdiyi erməni diasporunun hakimiyyət məsələsində önə çıxmasını qabaqlamağa can atır.
İndi Kreml rəhbərlərinin əsas hədəfi Qafqazdakı bütün hərbi qüvvələrini cəmləşdirdiyi Ermənistanda hakimiyyəti tamamilə öz nəzarətinə keçirməkdir. Çünki Rusiya rəhbərliyi Qərblə münasibətlərin gərgin vaxtında Yerevanın qaranlıq küçələrinə nəzarət etməkdə israrlıdır və bunu açıqca ortaya qoyur. Məsələn, erməni diasporunun ciddi təzyiqlərinə baxmayaraq, S.Sarkisyan Dmitri Medvedevin bircə göz ağartması ilə MDB-nin yeni təhlükəsizlik paktına qoşuldu. Bu Avropadakı erməni diasporunu narahat etməyə bilməzdi və bu narahatçılıq hər dəqiqə artır. Amma bu məsələyə baxmayaraq, Kreml də Sarkisyana etibar etmir və onu hər an "əvəzləməyə" hazırlaşır. Belə görünür ki, həm Qərb, həm də Rusiya Ermənistanda hakimiyyət dəyişikliyi üçün gərgin mübarizəyə girişiblər. Deməli, Yerevan küçələrinin yenidən al qana boyanması və güllə uğultusu üçün böyük zəmin hazırlanır. Rusiya kimi, Qərb kimi seçəcək. Ola bilər Levonun özü, ola bilər keçmiş xarici işlər naziri Vadan Oskanyan və başqa birisi. Həm Moskva, həm də Qərb yenə seçəcəklər. Kimi, bax, onu hamımız görəcəyik!