PDF Oxu

Köşə

  • 18

Xocalı soyqırımını törədənlər cəzalandırılmalıdır

Xocalı soyqırımını törədənlər cəzalandırılmalıdır
Xocalı soyqırımının 17-ci ildönümü də astanamızı döydü. O vaxt siyasətbaz hökumət məmurlarının səhlənkarlığı və xalqdan çox istilaçılara xidmət etmələri 1992-ci il 26 fevral Xocalı soyqırımının gerçəkləşməsi ilə nəticələndi. Bu gün çoxları belə bir sual üzərində baş sındırırlar ki, nə səbəbə hakimiyyət orqanları qırğından dərhal sonra işğalçıları məhv etmək üçün hadisə yerinə ordu göndərmədilər? Bu sualın yeganə cavabı budur ki, nə fevralın 26-da, nə 27-də, nə də sonrakı günlər kömək göndərilməməli idi.
Çünki Xocalının məhv edilməsi o vaxt gundəlikdə dururdu. Rusiyanın barmağı ilə prezident seçilmiş Ayaz Mütəllibov Xocalının məhvinə və əhalinin kütləvi qırğınına fərman vermişdi. A.Mütəllibov qırğının dairəsinin genişləndiyindən xəbərdar idi. Ancaq reallıq o idi ki, A.Mütəllibov Moskvanın iradəsi əleyhinə gedib, rus və erməni hərbi birləşmələrin üzərinə ordu köndərməyə cəsarət etməzdi.
A.Mütəllibov Moskvanın buyuruq qulu idi. Onun cəbhə bölgələrinə ordu göndərməsi rəmzi xarakter daşıyırdı. O, bunu etməyə məcbur idi. Ancaq onun əsgər və zabitləri həmişə əmrini dinləyir, lüzumsuz yerə irəli-geri hərəkət edirdilər. A.Mütəllibov cəbhə bölgələrində onun əl-ayağına dolaşan AXC-çilərin silahlı dəstələrinə Xocalı soyqırımı vasitəsilə qulaqburması vermişdi.
A.Mütəllibov 26 fevral Xocalı soyqırımından sonra prezident kürsüsündə duruş gətirə bilmədi. Bu, Xocalı soyqırımına görə, xalqın ona doğru istaqamətləndirdiyi nifrət selinin gücü idi. İnersiya ilə bu gücə tabe olan A.Mütəllibov Moskvaya tərəf boylana-boylana prezident postunu tərk etdi. Heç Moskvadakı himayədarları da onu qaytara bilmədi. Azərbaycanın prezidenti səlahiyyəti avtomatik olaraq Ali Sovetin sədri Yaqub Məmmədova həvalə olundu. Ancaq o da uzun müddət prezident adını daşımaq qüdrətində olmadı. Üç ay sonra cəsarətə gələn A.Mütəllibov Ali Sovetin binasına qayıdıb postunu təhvil almaq istədi. 1992-ci ilin mayının ortaları idi. A.Mütəllibovun dönüşü ildırım sürəti ilə ölkəyə yayıldı. AXC-çilər böyük bir qrupla mayın 15-də Ali Sovetin binasını mühasirəyə aldılar.
A.Mütəllibov prezident postunu Hacı Əbdülün narkoman dəstəsinin köməyi ilə qaytarmaq xəyalına düşmüşdü. Ancaq AXC-çilərin hücumu A.Mütəllibovu müdafiə edənləri pərən-pərən salmışdı. Prezident postu A.Mütəllibova çatmadı. Y.Məmmədovun "siyasi peşka" əhvalatı isə zərb-məsələyə çevrildi. O vaxt A.Mütəllibova müxalif olan partiyaların hərbi dəstələri cəbhə bölgələrini tərk edib, paytaxta axışmağa başlamışdılar.
A.Mütəllibov Moskvaya qaçdı, AXC "bəylər"i isə hakimiyyəti ələ keçirdilər. Xocalı soyqırımına siyasi qiymət vermək nə A.Mütəllibovun, nə də Əbülfəz Elçibəy hökumətinin yadına düşməmişdi. Xocalı soyqırımına siyasi qiymət 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən verildi.
Hazırda dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları ermənilərin Xocalıda soyqırım törətmələri haqda fəaliyyətlərini genişləndirməkdədirlər. Hüquqşünasların beynəlxalq təşkilatlara və beynəlxalq məhkəmələrə təqdim etmək üçün hazırlamağa başladıqları sənədlər ermənilərin iç üzlərini açmağa kömək edəcəkdir.
Son vaxtlar Azərbaycan hökumətinin AŞPA-ya təqdim etdiyi rəsmi sənəd xüsusi əhəmiyyət kəsb etməkdədir. Bununla ermənilərin beynəlxalq qaydalara riayət etmədiyi bir daha öz təsdiqini tapdı. Azərbaycan isə sübut etmək istəyir ki, işğal olunmuş ərazilərimizi hərbi yolla qaytarmaq gücündədir. Bu, həlledici anlarda Azərbaycan Prezidentinin qətiyyətliliyindən xəbər verməkdədir. ATƏT-in Minsk Qrupu isə növbəti dəfə özünü gülünc vəziyyətə saldı.

Digər xəbərlər