19 fevral yığıncağının ibrət dərsləri
MSK-nın qeydiyyata götürdüyü "Respublikaçılar" və "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı" təşəbbüs qrupları fevralın 19-da öz məxfi yığıncaqlarını keçirmişlər. "Respublikaçılar" təşəbbüs qrupunun Müsavata məxsusluğu artıq oxucularımıza məlumdur. "Qarabağ və Respublika Uğrunda Vətəndaş Hərəkatı" təşəbbüs qrupu isə "Azadlıq" siyasi bloku üzvlərini, eləcə də, ADP, VHP, "Ümid" partiyalarını və "ANİF"-i öz ətrafında birləşdirmişdir.
Əldə etdiyimiz məlumata görə, Müsavat başqanı İsa Qəmbərov, AXCP (i) sədri Əli Kərimov, "MBH" lideri Lalə Hacıyeva, "VİP" sədri Əli Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, VHP sədri Sabir Rüstəmxanlı, "Ümid" partiyasının sədri İqbal Ağazadə və "ANİF" prezidenti Eldar Namazov, bayaq qeyd etdiyimiz kimi, fevralın 19-da Müsavat qərargahında məxfi görüş keçirib, təşviqat işlərinin keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparmışlar.
Yığıncaqda iştirak etmiş mənbəmizin məlumatına görə, təşkilatçılar ABŞ və Norveç səfirliklərinin nümayəndələrini yığıncaqlarına dəvət etmişlər. Mənbəmiz dəvət edilən nümayəndələrin yığıncaqda iştirakını təsdiq etmişdir. Görüş iştirakçılarının bir çoxunun ağlasığmaz təkliflərlə çıxış etmələri radikalların təxribat əməllərindən xəbər verməkdədir. Radikal liderlərin bəziləri ayrı-ayrı regionlarda əhalini referendum əleyhinə kökləməyin vacibliyini vurğulamışlar.
Xatırladırıq ki, MSK hər iki təşəbbüs qrupuna 23 min manat ayırmışdır. Həmin vəsait təşəbbüs qruplarının təşviqat xarakterli kampaniyalar aparmaları üçün verilmişdir. Göründüyü kimi, MSK-da qeydiyyatdan keçirilmiş 9 təşəbbüs qrupuna televiziyalarda eyni miqdarda pulsuz efir vaxtı ayrılmışdır. Hər bir qrup pulu ödəməklə istədiyi qədər efir vaxtı əldə edə bilər. ABŞ və Norveç səfirliklərinin nümayəndələrinin radikalların məxfi iclaslarında iştirakı təəccüb doğursa da, radikal ekspertlər bunu adi hal kimi qarşılayırlar. Biz isə sözgəlişi xatırlatmaq istəyirik ki, radikallar referendum ərəfəsində, əsasən, bölgələrdə təxribatlar törətmək üçün xarici ölkələrin maliyyə təşkilatları tərəfindən 250-300 min avro məbləğində pulla təchiz edilmişlər.
Xaricin barmağının görünməsi belə bir fikir söyləməyə əsas verir deyək ki, ABŞ və Norveç səfirliklərinin nümayəndələrinin radikalların məxfi iclaslarında iştirakının səbəbi xaricdən axan pulların hansı istiqamətdə xərclənməsinə nəzarət etməkdir. Ola bilər ki, bu iştirakın bizə məlum olmayan başqa səbəbləri də var. Nəsə, müəmmalı məsələdir. Deyəsən, radikalların bu məxfi yığıncaqlarının xəmiri hələ bundan sonra da çox su aparacaqdır.
Sızan digər məlumata görə, radikalların əksəriyyəti kütləvi aksiyaların start götürməsinin vaxtı olduğunu təkrar-təkrar vurğulamışlar. Məlum olduğu kimi, bu təşəbbüs qrupları fevralın 22-də paytaxtın mərkəzi meydanlarının birində, məsələn, Prezident Aparatının önündə mitinq keçirmək qərarına gəlmişlər. Müsavatda keçirilən yığıncaqda isə belə bir razılaşma əldə edilmişdir ki, mitinqin baş tutmayacağı təqdirdə, elə həmin yerdə kiçik də olsa bir piket keçirilsin.
Mitinqdən piketə eniş nə ilə əlaqədar ola bilər? Sabah radikalların opponentləri deyəndə ki, müxalifət kütləvi aksiya keçirə bilmədi, onlar piket keçirdiklərini və məqsədlərinə çatdıqlarını bildirməklə müəyyən tarazlıq yaratmaq istəyirlər. Məntiqə görə piket də mitinq kimi kütləvi aksiya hesab edilir. Bu ideya tərəfdarları bir neçə bu cür piket cəhdindən sonra mitinq və hətta küçə yürüşü də keçirəcəklərinin mümkünlüyünü vurğuladılar.
Bir neçə piketdən və bir neçə mitinq və küçə yürüşü keçirdikdən sonra isə lap fasiləsiz kütləvi aksiyalara da keçmək olar. Düzdür, bunlar nəzəri mülahizələrdir. Nə olsun ki, radikalların yeganə qüsurları əhalinin dəstəyini qazana bilməmələridir. Düzdür, bu qüsur yox, əsil faciədir. Neyləmək olar? Bu, radikalların tale nəsibidir.