Türkiyə oyun qaydalarını dəyişirmi?
Dedik dünya dəyişir, amma mən qətiyyən deməzdim ki, Türkiyə də "dəyişir". Azərbaycanın məşhur "Böyük dayaq" filmindəki kolxoz sədri Rüstəm kişinin, cəbhə dostu olan raykom katibinə dediyi "Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış" sözləri yadıma düşdü. Yox, mən demirəm ki, tarix boyu bizə həyan olan, əsil qardaş dəstəyi göstərən, bir an da olsun bizi yalqız buraxmayan Türkiyə bizdən üz çevirir. Allah eləməsin. İnanın ki, bu yazını ürəyimdən keçirib yazıram. Bu yazıda Türkiyənin regondakı son addımlarını şərh edəcəm, həm də "uman yerdən küsərlər" deyib qardaş ölkənin Ermənistan ilə sıcaq əlaqələr yaratmasına münasibət bildirəcəyəm. Biz bir başqa müsəlman ölkəsindən Türkiyədən umduğumuz qədər uma bilmirik. Başqalarından səndən incidiyimiz qədər inciyə, səni sevdiyimiz qədər onları SEVƏ BİLMƏRİK, ƏFƏNDİM! Hər bir Azərbaycan ailəsində sənin uğurların sevinc göz yaşına, kədərin kədər yaşına bürünür, TÜRKİYƏ! "Avro-2008"-də Türkiyə komandasının Çexiya, Xorvatiya üzərindəki qələbələrinə sevincindən uşaq kimi ağlayan 70 yaşlı azəri kişisi gördüm, abi. Sözsüz ki, Türkiyə böyük güc ölkəsidir, regionda öz maraqları, siyasəti var. Bilirik ki, Qərbdəkilər onu güclü dövlət kimi "həzm" edə bilmirlər, qorxularından Avropa Birliyinə qoymurlar, onu sıxışırmaq istəyirlər. Amma...
İndi qayıdaq Türkiyənin Rusiya ilə yaxınlaşmasına. Türkiyənin Prezidenti, qardaşımız Abdullah Gül özünü verib mərhum İvan Qroznının ilk əvvəl taxta-şalbandan düzəltdiyi, hazırda rəhmətlik Vladimir İliç Leninin uyuduğu Kreml dəhlizlərinə. (Lap kövrəldim. Məktəb vaxtı bu kişi haqqındakı şeirləri əzbər bilərdik və ad günündə iməcilik keçirdib yumurta-çörəyimizi süfrəyə düzərdik. İndi yüz faiz bilirəm ki, köhnənin kişiləri və o vaxtın uşaqları əməllicə kövrəldilər. Eh, "keçən günə gün çatmaz, calasan günü-günə".) A.Gül Kremldə Dmitri Medvedevlə elə görüş keçirdi ki, adamın özü-özünə yazığı gəlirdi. Cənab Gül, sənin başın haqqı alınmadı, qətiyyən alınmadı! İqtisadi əməkdaşlıq və regional ittifaq yaratmaq istəyi fonunda süni səmimilik elə süni görünürdü. Rusiya KİV-ləri xəbər verir ki, A.Gülün səfərində enerji məsələsi üstünlük təşkil edib. RİA "Novosti" bildirir ki, bu il Rusiya Türkiyəyə qaz ixracını 1,7 milyard kubmetr artıracaq. Ötən il Türkiyə Rusiyadan 23,8 milyard kubmetr təbii qaz alıb. Türkiyənin idxal etdiyi "mavi yanacağ"ın 63 faizi, neftin isə 1/3-i Rusiyanın payına düşür.
Aha, yenə "qaz məsələsi", yenə "döngələr" dəyişir. Yoxsa regiondakı passivlikdən təngə gələn Türkiyə, "arxasında güc olanla" yaxınlıq etmək istəyir? Mənim də çox xoşladığım məşhur "Kurtlar Vadisi Pusu" filmindəki İskəndər Böyüyün bir sözü heç vaxt yadımdan çıxmır və bu söz indiki situasiyada lap yerinə düşdü: "Güclü olana və arxasında güc durana sayğı duyarım". Bəlkə əziz qardaşlarımız "arxasında güc olanla" əməkdaşlıq etmək istəyir? Bilmirəm. Davosda cənab Ərdoğanın bütün müsəlman dünyasının müdafiəçisi rolunda çıxış etməsindən sonra, Çankaya köşkünün birdən-birə bizim regionda tamam başqa "oyun oynaması", üstəlik, İsrailinmi, yoxsa Barak Obamanın prezidenti olduğu ABŞ-ınmı acığına Rusiya ilə yaxınlaşması beyinləri yenidən qarışdırdı. Əcəba, rəsmi Ankara nə edir? Yoxsa regiondakı iqtisadi maraqlar üçün, Kremllə strateji maraqlara görə neçə illərdir ki, bütün körpüləri kəsdiyi Ermənistanla yenidən bir araya gəlir? Həmin Ermənistanla ki, bütün tarixi boyu Türkiyəyə, türk xalqına qarşı soyqırım iddiaları irəli sürüb, iftiralar atıb, Avropadakı türk diplomatlarını güllələyib, hazırda da Türkiyədən 1915-ci il hadisələri üçün üzrxahlıq tələb edir. Bəlkə uzunmüddətli müttəfiqi olan ABŞ-la hesablaşmadığı üçün və özünün regionun əsas güc mərkəzi olduğunu Davosdan sonra yenidən təsdiq etmək üçün Kremllə əməkdaşlıq yaradır və bu üzdən Azərbaycana qarşı "döngələri dəyişir". Yoxsa əziz qardaşımız regionda öz yerini dəqiqləşdirmək istəyir? Biz Türkiyə üçün xeyirli olanı arzu edirik. Amma Rusiyanın Türkiyəyə və vassalı olan Ermənistana hazırkı münasibəti dəyişməyəcək. Tarix boyu Rusiya ilə Türkiyə arasında böyük müharibələr və çəkişmələr yaşanıb. Həmişə Osmanlı hökmdarları ilə Rusiya Çarları yola getməyiblər.
İndi nə hökmdarlar var, nə də Çarlar. Amma deyəsən, Qərblə münasibətləri arzuolunmaz həddə olan Ankara, regionun və dünyanın digər güc mərkəzi olan Rusiya ilə yaxınlaşmağa qərar verib və mən bunu tam məsuliyyətimlə deyirəm. Niyə? Çünki bütün Avropanın enerji böhranı keçirdiyi vaxtda, bu məsələnin çarəsi məhz bizim regiondadır. Elə bütün dünyanın göz dikdiyi "NABUCCO" kəməri ətrafında yaranan qızğın müzakirələr buna sübutdur. Məsələn, niyə Rusiya və Türkiyə enerji qaynaqlarını region ölkələri ilə birlikdə birgə istismar etməsinlər və özlərinin enerji təminatını yaratmasınlar? Bu həm Türkiyənin həm də Rusiyanın bir sıra məsələlərdə Qərbdən asılılığını, demək olar ki, yarıdan çox miqdarda aradan qaldıra bilər və onların beynəlxalq mövqelərini hissediləcək dərəcədə artıra bilər. Türkiyədən fərqli olaraq Rusiyanın ABŞ-la, elə Avropa ölkələri ilə münasibətləri daha bərbad vəziyyətdədir. Kəsəsi, Mokva deyir ki, keçmiş SSRİ-nin vaxtında, ondan da qabaqlarda olduğu kimi, dünyanın yarısını mən idarə etməliyəm, heç kim də, məsələn, keçən il Gürcüstanda olduğu kimi, mənim "burnumun ucunda oyun oynamasın". Demişəm, yenə də deyirəm, qardaşım, Moskva İvan Qroznının vaxtından buraların "xozeynidir". Avropa və ABŞ bunu qəbul etmirlərsə, gərək bütün Rusiyanı silib yerində otursunlar. Ya da təzə bir Mixail Qorbaçov tapıb Rusiyanı öz içindən bölsünlər. Amma bir fakt var ki, Rusiya heç vaxt parçalanmaz. Buna Boris Yeltsinin vaxtında bəlkə bir az cəhd etmək olardı, amma indi Rusiyada OTURUŞMUŞ bir dövlət sistemi var. Həm də Pentaqondakılar və başqaları da gözəl bilirlər ki, ruslar incəliyi sevmirlər və müharibə onları özünə qaytarır. Biz isə inanırıq ki, cənab A.Gül, bizim maraqlarımızı Kremldə "iqraya" çevirməyəcək. Çünki bu Türkiyə üçün, çox, lap çox böyük tarixi bir səhv olar. Həm də, yenə deyirəm, A.Gülün səfəri ilə Rusiyanın nə QAFQAZA, nə də Türkiyəyə olan münasibəti dəyişmədi. Vallah, bundan sonra da DƏYİŞMƏYƏCƏK. Elə İvan Qroznıdan bəri olan siyasətdir və yüz illər sonra da davam edəcək. Təəssüf edirəm, amma bu, belədir. EHTİYATLI OL, cənab Gül!