Müsavat ətrafında bir şad və bir də bəd xəbər
Müsavatdan ayrılıb "DUİ"-nin sıralarına qoşulan AXP sədri Pənah Hüseynov gözlənilməz bəyanat vermişdir. Hamı yaxşı bilir ki, Müsavat xüsusi qərar qəbul edib, Avropa liberallarına qoşulduqdan sonra, P.Hüseynov İ.Qəmbərovu quru sərib, yaş yığışdırmışdı. Yəni o, özlərini millətçi adlandıran müsavatçıların liberalizmə yuvarlanmalarını heç təsəvvürünə də gətirmirdi. İ.Qəmbərov isə pul müqabilində bundan da alçaldıcı addım atmağa hazırdır. Necə deyərlər, İsanın pulunu ver, noxtala min boynuna, razılaşacaq.
P.Hüseynov müsavatçı olmasa da, radikal cinahda onlarla əməkdaşlıq edirdi. 2003-cü il 15 oktyabr prezident seçkilərində İ.Qəmbərov öz namizədliyini irəli sürməyəcəyini bəyan etdikdə, onun bu qərarı P.Hüseynovun xoşuna gəlmişdi. Əlbəttə, o, məmnuniyyətlə Müsavatdan özünün prezidentliyə namizədliyini irəli sürərdi. Ancaq bunu açıq surətdə deməyə utanırdı. Odur ki, dedi ki, Müsavatın prezidentliyə namizədləri Rauf Arifoğlu və Arif Hacıyev də ola bilər. P.Hüseynov istəyirdi ki, adlarını çəkdiyi bu iki şəxs insafa gəlib, onun prezidentliyə namizədliyini irəli sürsün.
P.Hüseynovun namizədliklə əlaqədar bəyanatı A.Hacıyevi bir o qədər məşğul etmirdi. O özünə lider gözü ilə baxa bilmirdi. Məqsədi partiyada münasib vəzifə kürsüsü tutmaq idi. R.Arifoğlu isə yüngülməcaz adam olduğundan, P.Hüseynovun təklifindən sonra şələ-küləsini yığıb, prezidentliyə namizədliyini irəli sürməyə hazırlaşırdı. Elə bilirdi ki, siyasətçi potensialı İ.Qəmbərovunkundan yüksəkdir və namizədliyini irəli sürəcəyi təqdirdə, seçicilər yekdilliklə onu prezident kürsüsünə oturdacaqdır.
Bir müddət sonra İ.Qəmbərov A.Hacıyevə Müsavatın icra aparatının rəhbəri vəzifəsini verdi. P.Hüseynovu isə Müsavatın deputat qrupunun başçısı seçdi. R.Arifoğlu isə qalan "Yeni Müsavat" qəzetinin baş redaktoru vəzifəsi oldu. Vəzifə bölgüsündən pay almayan R.Arifoğlunun İ.Qəmbərova nifrəti birə-beş artdı. Onun uzun illər ərzində tez-tez İ.Qəmbərova qarşı çıxması məhz bu kin-küdurətin əlaməti idi.
İ.Qəmbərovun heç vaxt deputat mandatı qazana bilməyəcəyi P.Hüseynovu bu uğursuz siyasətçidən ayrılmağa sövq etdi. Odur ki, o, Müsavatın deputat qrupunun başçısı vəzifəsindən imtina edib, Mirmahmud Fəttayevin yaratdığı "DUİ"-nin sıralarına qoşuldu. M.Fəttayev isə P.Hüseynova etimad göstərib, onu "DUİ"-nin MSK təmsilçisi etdi.
Atalarımız "Yaxşılığa yaxşılıq hər kişinin işidir, yamanlığa yaxşılıq nər kişinin işidir" demişlər. P.Hüseynov M.Fəttayevin ona etdiyi yaxşılığa pisliklə cavab verdi. O, MSK-nın son yığıncaqlarının birində İ.Qəmbərovu tərifləmək yolu tutdu. Görünür, Müsavat başqanına qarşı etdiyi yamanlığın təsirini yumşaltmaq istəmişdi. Onun bu hərəkəti M.Fəttayevi hiddətləndirir, İ.Qəmbərovun isə hədsiz sevincinə səbəb olurdu. Başqan böyük ruh yüksəkliyi ilə P.Hüseynovun obyektivliyini bəyəndiyini bildirdi.
İ.Qəmbərovun və bütövlükdə müsavatçıların başına gələn bəd xəbər R.Arifoğlunun "Yeni Müsavat" redaksiyasını da özü ilə götürərək, Müsavatın sıralarını tərk etməkdən ibarətdir. İ.Qəmbərov, eləcə də, bəzi Müsavat funksionerləri onun getməsinə ürəkdən sevindilər. Ancaq digər tərəfdən, bu gediş sürəkli xarakter daşıyıb, bəzi müsavatçıların da axışıb getməsinə səbəb ola bilərdi. Odur ki, bir çox müsavatçılar bunu pis xəbər kimi qarşıladı.
R.Arifoğlunun ilk reaksiyası müsavatçı tərəfdarlarını 8-ci kilometrdəki redaksiyasına çay içməyə dəvəti oldu. Əlbəttə, dəvəti qəbul edənlər çox olmasa da, az da olmadı. R.Arifoğlunun gedişi geniş axına səbəb olacaqmı? Bunu zaman göstərəcək. Radikalların çay içməkdən yaman xoşları gəlir, ha.