Soyuq müharibə yenidən QAYIDIR
Hələ 1985-ci ilin martında, Konstantin Çernenkonun qəbrə qoyulmasından sonra, Mixail Qorbaçovun hakimiyyətə gələrək "Yenidənqurma" elan etməsi ilə çoxları dünyada "soyuq müharibə"nin sona yetdiyini düşünsələr də, indi hər şey tərsinə cərəyan edir. Boris Yeltsinin vaxtında Qərbə qarşı mülayim mövqe var idisə, artıq bu, qətiyən belə deyil. Şübhəsiz ki, B.Yeltsinin Qərbə qarşı nisbətən yumşaq mövqeyinin öz səbəbləri var idi. Çünki 1991-ci ilin avqustunda tanklar üstündə M.Qorbaçovla didişən rəhmətlik Boris Nikolayeviç, məhz Qərbdəkilərin dəstəyi ilə Kremldəki Rusiya hökmdarlığını ələ keçirə bildi və ona yardım edənlərlə sonradan yumşaq davrandı. Qərbdəkilər isə SSRİ-nin dağıdılmasının memarlarından olan M.Qorbaçova bu cür münasibət göstərirdilər ki, artıq o öz missiyasını yerinə yetirmişdi və onlara Rusiyanı əldə saxlaya biləcək B.Yeltsin lazım idi. B.Yeltsinin mühafizə xidmətinin rəisi olmuş general Yuri Kerjakov özünün "Gündoğandan günbatana" kitabında yazırdı ki, keçmiş şefi, o zamanlar M.Qorbaçov ilə əməlli-başlı qırğın aparırdı və hətta bu proses "KQB"-nin iştirakı ilə müşayiət olunurdu.
Amma indi Rusiyada vəziyyət tamam başqadır. Nə həmin ruslar həmin ruslardır, nə də Moskva köhnə şəhərdir. Artıq Moskvada hakimiyyətdə keçmiş kommunistlər yox, keçmiş leninqradlılar, indiki Sankt-Peterburq cavanlarıdır. Vladimir Putinin vaxtında başlanan anti-Qərb kampaniyası, Dmitri Medvedevin Kremlə köçməsi ilə daha geniş xarakter alıb. D.Medvedevin ulduzu avropalılarla qətiyyən barışmır. Kişi keçən ay Qərbə qaz verməməklə onları soyuqdan dondurdu ki, bu da Qərb-Rusiya münasibətlərini kifayət qədər kəskinləşdirir. ABŞ isə Şərqi Avropa ölkələrində özünün raket sistemlərini və hərbi bazalarını yerləşdirməyi bəyan etməklə, "soyuq müharibə"ni qızışdırır. Əslində, bu, dünyada nüfuz dairələrinin yenidən bölüşdürülməsi deməkdir və heç kim bunu dana bilməz. Enerji müharibəsinə girişən dünya supergücləri, artıq dünyadakı sərvətləri bölüşdürməyə başlayıblar. Moskva artıq Ermənistan, Qazaxıstan və Belorusu ətrafına yığıb hərbi blok yaradıb. Deməli, keçmiş SSRİ regionunda Moskva yenidən dirilməyə çalışır. Rusiya, təxminən "Varşava Müqaviləsi Təşkilatı" kimi bir blok yaratmaq istəyir. Əslində, bütün parametrlərdə küncə sıxışdırılan Kremli başa düşmək olar. Dünyadakı nüfuz dairələrini itirən rəsmi Moskvanın artıq arxaya çəkiləsi yeri də qalmayıb. Özü də rəsmi Vaşinqtonun keçmiş SSRİ ərazilərində hərbi bazalar yaratmağa əl-qol açması, çox təhlükəli nəticələrə gətirib çıxaracaq. Xüsusilə, təbii sərvətləri və güclü enerji mənbələri olan ölkələrin bu prosesdən, yəni "soyuq müharibə"dən çəkəcəkləri çox, lap çox olacaq. Yenə iki cəbhə, yenə iqtisadi və hərbi poliqon. Yaxın Şərq, Əfqanıstan, Şərqi Avropa kimi geocoğrafi ərazilər və siyasi sistemlər əlindən çıxandan sonra, Rusiya YENİDƏN BAŞLAMAĞA MƏHKUMDUR. Deməli, soyuq müharibə yenidən qayıdır!