PDF Oxu

Köşə

  • 12

Qafqazdan müharibə iyi gəlir

Qafqazdan müharibə iyi gəlir
Bir gün Molla Nəsrəddin uşağı ilə bir dükanın yanından keçirmiş. Molla görür ki, iki nəfər dükanın qapısını sındırıb içəri keçir. Uşaq soruşur ki, ata onlar nə edirlər? Molla cavab verir ki, nağara çalırlar. Bəs səsləri niyə gəlmir? Molla deyir ki, darıxma sabah gələcək. Keçən il Gürcüstanla Rusiya arasındakı "razborka"nın səsi, deyəsən, bu il daha dəhşətli çıxacaq. Yenə müharibə, yenə Qafqaz. Qafqazı hərbi poliqona çevirmək istəyirlər.

Bütün müharibələr Qafqazın alnına yazılıb. Böyük rus şairi Puşkin yazırdı: "Qafqaz altımdadır, ən yüksək olan zirvədə mən". Qafqaz Puşkinin altında nə gəzir, şair onu niyə belə "görür", bunu rəhmətlik özü bilər. Amma deyəsən şair bu məsələdə ədəbiyyatdan yox, siyasətdən yazıb. Niyə? Çünki bizim Qafqaz neçə əsrlərdir ki, pis çıxmasın, BÖYÜK RUSİYA-nın altındadır və hələ də çapalayır ki, azadlığa çıxsın. Amma bu dəfə vəziyyət lap qəlizdir. Keçən ilin avqustunda Gürcüstan buna balaca bir cəhd edən kimi, Amerikanın əlindən zəncir çeynəyən Kreml dərhal Tbilisinin başının üstünü kəsdirdi. Rus əsgərləri Tbilisinin içərlərinə qədər gedərək, sanki 1945-ci ildəki Berlin əməliyyatını təkrarladılar.

Mən həmişə düzünü yazmışam, yenə də yazıram. Qardaşım, bu, Rusiyadır, neçə əsrlərdir ki, Qafqazın de- fakto yiyəsidir. Bununla siçan-pişik oynamağın nə mənası var ki? İndi bu dura-dura ABŞ, Fransa və digərləri gəlib Kremlin burnunun ucunda istədiyini edəndə nə olmalıdır ki? Biz istəsək də, istəməsək də Rusiya regionun söz sahibidir. Yox durub deyim ki, Moskvanın regionda heç izi də yoxdur. Adama gülməzlər? Əlbəttə, gülərlər. Mənim dərdim, təşvişim özümüzə görədir. Sabah rus raketləri başına ələnəndə nə edəcəksən? Durub Kremlə sapandla daş atmayacaqsan ki? Mən həqiqəti yazıram, qardaşlarım! Gürcüstanın hazırkı vəziyyəti və durumu bir az qarışıqdır. Düzdür, qonşumuz öz torpağını qorumaq və ərazi bütövlüyünü təmin etmək üçün can atır. Bu, əladır. Amma bu məsələdə istiqamət başqa cür götürülüb. Məsələ burasındadır ki, təzəliklə ABŞ Gürcüstanla hərbi əməkdaşlıq yaratmaq qərarına gəlib və ABŞ təyyarələri gürcü səmalarında "süzürlər". ABŞ dövlət katibinin köməkçisi Metyu Brayza da bunu Rusiyanın son hərəkətlərinə qarşı cavab addımı kimi qiymətləndirib. Cənab M.Brayza deyir ki, bəs bu addımlar, yəni, ABŞ-ın Gürcüstanla hərbi əməkdaşlığını genişləndirməsi və müttəfiqlik səviyyəsinə çatdırması, zəruri məsələdir. Tay bu M.Brayza orasını demir ki, ABŞ əsgərinin Qafqazlarda görünməsi, bir yandan sadə gürcülərin yenidən qırılmasına gətirib çıxaracaq, sonrası da bu birbaşa Kremlin maraqlarını diri-diri tapdamaqdır.

Siz iki nəhəngsiniz, harada istəyirsiniz gedin "razborkanızı çürüdün", amma bizlərdən uzaq olun. Sənin regionda maraqların var deyənə, SADƏ QAFQAZLILARI QIRDIRMALI DEYİLSƏN Kİ, cənab M.Brayza! Sizlər oturmusunuz Ağ Evin bağçasında, burdakıları qırğına verirsiniz. Keçən il Rusiya Gürcüstana girəndə, nə qədər çığır-bağır salsanız da, heç nə edə bilmədiniz. Kondoliza Raysdan başqa heç bir ABŞ yetkilisi buralara gəlmədi. Düzdür, Fransa, Latviya, Polşa prezidentləri, Almaniya kansleri və başqaları özlərini rus tanklarının qarşısına atıb "ətdən sipər" çəkmişdilər. Amma bu, heç nə demək deyildi. Müsyö Nikolay Sarkozi Kremldə balacboy Medvedevin ayağına düşüb uşaq kimi yalvarırdı. Maraqlısı odur ki, həmin ölkə rəhbərləri, eyni vəziyyət Azərbaycanın başına gəlsəydi, yerlərindən də tərpənməzdilər. Budur ədalətsiz dünya!

İndi Gürcüstanın hərbi toqquşma mərkəzinə çevrilməsi təhlükəsi reallaşır. Bu, o deməkdir ki, əsəbləri tarıma çəkilən rəsmi Moskva, daha keçənilki kimi heç kimi eşitməyəcək və Qafqazda növbəti dəfə böyük qanlar axacaq. Qafqazda tökülən qanlar, gələcək rus ədəbiyyatı və şairləri üçün yeni mövzular və qəhrəmanların yaranması deməkdir. Gələcəyin puşkinləri, lermantovları üçün əla mövzulardır. Biz istəsək də, istəməsək də!

Digər xəbərlər