Qarabağ münaqişəsinin uzanması
Əgər mən durub desəm ki, Dağlıq Qarabağ münaqişəsi, məsələn, ATƏT-in Minsk Qrupunun həmsədrləri üçün çörək ağacıdır, nəbadə siz mənə irad tutasınız. Axı, nəyimə irad tutacaqsınız ki? Fakt odur ki, bu qrupa daxil olan həmsədrlər var gücləri ilə çalışırlar ki, işləri uzansın və dolanışıqlarını davam etdirsinlər. Bəyəm Merzlyakovu, Brayzanı və Fasyeni belə öz ölkələrində adi diplomat kimi qəbul etmədikləri halda, kimdir onlara iş verən? Heç kim. (Bizdə "iş verən" başqa məsələdir. Amma bunlar da təxminən o cürdürlər də!). İnciməyin e, cənablar, olanı deyirəm. Siz bu gün arvad-uşağınıza çörək apardığınıza görə, məhz Dağlıq Qarabağ münaqişəsinə və Azərbaycanlılara minnətdar olmalısınız. Tarixin ironiyasına bir bax, əcnəbi diplomatlar bizim faciəmiz üzərində də "çörək qazanırlar". Biz tarix boyu həmişə bunların GÖZÜNƏ girmişik! Torpağımızı da zəbt ediblər, çörəyimizi də yeyiblər.
Amma görəsən, hər ayın başı bu "troyka" (Y.Merzlyakov, B.Fasye və M.Brayza)- evlərinə "paçka-paçka" pul aparanda, keçən il BMT-də Azərbaycanın ərazi bütövlüyünün əleyhinə səs verdiklərinə görə, azacıq da olsa xəcalət çəkirlərmi? Qətiyyən! Bunlar çalışırlar ki, bu münaqişə çox uzansın, Minsk Qrupu da mövcud olsun və öz uşaqlarını da Minsk Qrupuna işə düzəltsinlər ki, onların da gələcəkdə ÇÖRƏKLƏRİ olsun! Gəlirlər quzudan-filandan yeyib çıxıb gedirlər. Mən nəqd bilirəm ki, hər üç həmsədr Bakıya gələndə arvadlarının verdikləri siyahı üzrə "Təzə bazar"dan alış-veriş edib geri dönürlər. Başqa nə işləri var ki? Bunlar ölkəmizin yolunu su yoluna döndəriblər. 1992-ci ilin iyununda, Finlandiya paytaxtı Helsinkidə ATƏT-in müşavirəsi keçirilirdi. Həmin vaxt da bu gün bizi bezdirib özümüzdən çıxaran ATƏT-in Minsk Qrupu yaradıldı. O vaxt da bu qrupa italiyalı diplomat Mario Rafeello rəhbərlik edirdi. Yaman şorgöz gədəydi, orasıynan işim yox, bu "qoçaq" Ermənistana gedəndə, indi döşünə döyüb özünü "demokrat" kimi dünyaya sırımağa çalışan Levon Ter-Petrosyandan əməlli-başlı rüşvət alıb anti-Azərbaycan siyasəti yürüdürdü.
Kəsəsi, bu Minsk Qrupu həmin illərdən başımıza bəla olub ta indiyə qədər. Həm də bu qrupa rəhbərlik edənlər, Dağlıq Qarabağ münaqişəsinə özlərinin çörək ağacı kimi baxırlar. Artıq bunlar və bunların AĞALARI Azərbaycana olan münasibətlərini BMT Təhlükəsizlik Şurasında dəfələrlə ortaya qoyublar. Bizim bunlardan nəsə gözləməyimiz isə, sadəcə, mümkün deyil. İsrail o boyda Fransanı, Almaniyanı zadına da almadı, kimdir bunlara qulaq verən? Evdə arvadların eşitmədikləri həmsədrləri, ermənilər heç it yerinə də qoymurlarsa, biz bunlara niyə inanmalıyıq? Qardaşlarım, AT-ƏT-in Minsk Qrupu - filan, bunlar hamısı boş-boş şeylərdir! Hələ tarixdə qoluboy Avropa diplomatlarının işğal olunmuş torpaqları yiyəsinə qaytarmaq praktikası yoxdur. Odur e, fələstinlilər 40 ildir ki, qırılırlar, Əfqanıstan otuz ildir ki, qan içində boğulur, İraqda gündə bomba partlayışından ən azı 20-30 iraqlı həyatla vidalaşır, "Mədəni Qərb" isə öz işindədir. Qərbdəkilərə şərqdə silahlarını satmaq üçün yeni müharibələr, seksual və "elitar avropalı" maskaları təmin etmək üçün təbii sərvətlər lazımdır. Üz-gözünü saqqal basmış, çirkli paltar geyinən, Əfqanıstanın, Fələstinin kəndlərində XXI əsrdə televiziya üzü görməyən müsəlmanlar isə yenə BƏDBƏXTDİRLƏR! Odur ki, özümüz öz başımızın çarəsini görməliyik, qardaşlarım.