Radikallar güclərinə inanmır
İfrat radikal qruplaşmaların nümayəndələri fevralın 7-də Füzuli meydanında referendum əleyhinə mitinq keçirmək niyyətindədirlər. Yəni onlar ictimai rəylə hesablaşmayıb axına qarşı dayanaraq, öz yalanlarını gerçək kimi təqdim etmək istəyirlər. Onlar bu addımı atmaqla əhalinin nəzərində özlərinin neosiyasətçi obrazlarını yaradacaqlarına cəhd edirlər. Əlbəttə, onlar dar çərçivəli elektorata malikdirlər. Ancaq bu "potensial güc" vasitəsilə nə mitinq keçirmək, nə ictimai rəyə qarşı çıxmaq, nə də axına qarşı dayanmaq mümkündür.
Mitinq keçirmək hüququ Konstitusiya maddəsi vasitəsilə qorunmaqdadır. Hər bir partiya, ictimai və siyasi təşkilat kütləvi aksiya keçirə bilər. Ancaq bu zaman iki amili nəzərə almaq lazımdır: birincisi, ölkə ərazisində müharibə başa çatmayıb və düşmən həmişə fürsət axtarır ki, müəyyən boşluq tapıb, oradan yapışsın, ikincisi, hər bir partiya xalqa sədaqətlə xidmət etməli və dövlətçilik prinsipini qorumağa borcludurlar hər hansı bir tədbir keçirəndə, bu amillər nəzərə alınmalı, xalqını, dövlətini sevən partiya funksioneri, geniş anlamda yadların üstümüzə ayaq açmasına, dar dairədə isə, onların bizi məsxərəyə qoyub, rişxənd etmələrinə imkan verməməlidir.
Bizim müxalifətçilər AXC-dən əvvəl və AXC-dən sonra yaratdıqları qurum dairəsində yalnız öz şəxsi məqsədlərini ön plana çəkmişlər. "Çənlibel"dən sonrakı yarısiyasi qurumların bir çoxu DTK ilə sıx əlaqə saxlamışdı. Deməli, bu üzdəniraq qurumların fəaliyyəti dövründə ölkənin və xalqın taleyini tükdən asılı vəziyyətdə dayanmışdı. AXC bir təşkilat kimi açıq fəaliyyətə, ilk olaraq, 1988-ci il fasiləsiz mitinqlər zamanı start vermişdi. Ancaq hiss olunurdu ki, tribunada xalq qarşısında bir söz deyən AXC-çilər pərdə arxasında DTK ilə əməkdaşlıq əlaqəsi yaratmaqdadır.
AXC parçalandıqdan sonra yaranan yeni partiya və qurumlar casusluq fəaliyyətində AXC-ni geridə qoydular. Əvvəl xırda-xuruş vəsait hesabına DTK-ya quyruq bulayanlar, xarici ölkələrin maliyyə təşkilatlarından daha çox qrant qoparmağa cəhd edirdilər. Əvvəl heç bir siyasi qurum qrant aldığını boynuna almırdı. Sonralar bu addımı xidmət müqabilində yerinə yetirdiklərini bildirib, qrant almalarına haqq qazandırmağa başladılar. Məbləğ kəlləçarxa çıxanda, onlar hətta ağalarının da üzünə ağ olmaqdan çəkinmədilər.
Alıb-satan radikal mövqelilər olsa da, hərrəca qoyulan vətən torpağı idi. Siyasət sahəsində dayaz rolları ilə yadda qalan radikallar erməni dəyirmanına su tökməklə Yerevanın himayəçiləri ilə verə başladılar. Nəticədə Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal edildi. Müharibə bu gün də başa çatmayıb. Radikallar isə öz dediklərini yeritməyə cəhd edirlər. Bu gün radikallar mahnılarının alındığını və tükəndiklərini qəbul etmək istəmirlər.
Yeni Azərbaycan Partiyasının təşəbbüs qrupu fevralın 1-dək imzatoplama kampaniyasını davam etdirəcək. İndiyədək 42 minədək imza toplanmışdır. Bu, ictimaiyyətin martın 18-də referenduma "hə" dediyinə işarədir. Radikallar isə günün günorta çağı əllərində çıraq referenduma "yox" deyən adam axtarırlar. Kampaniya zamanı isə gah sovetlər dövründə batırılmış əmanətlərin qaytarılması, gah da başqa ad altında imza toplayırlar. Bu isə qanun pozuntusudur. Yerlərdə polis bu cür azğınlığın qarşısını alır.
Xalqın referenduma getmək istəyi iqtidarın siyasi fəaliyyətinin labüd nəticəsi kimi qəbul edilməmişdir. Əgər radikal bəylər bir vaxt hakimiyyəti cəmi bir il ərzində saxlaya bilmişdilərsə, 1993-cü ilin ikinci yarısında hakimiyyət kürsüsünü tutan iqtidar indiyədək xalqın güzəranını müsbətə doğru dəyişməyə nail olmuşdur. Ölkənin iqtisadi qüdrəti də günü-gündən yüksələn xətlə inkişaf etməkdədir.
Xalq iqtidarın hakimiyyət müddətinin uzadılmasını istəyir. Bunun üçün martın 18-də keçirilən referendumda iştirak edib, "hə" demək kifayətdir. Radikalların da gəlib "yox" demək imkanları var. Əgər özlərinə inanırlarsa, ara qarışdırmaqdansa, referendumda iştirak etsinlər. Əlbəttə, özlərinə inanmırlar.