PDF Oxu

Köşə

  • 17

28 yanvar görüşü radikallara heç nə vermədi

28 yanvar görüşü radikallara heç nə vermədi
18 martda keçirilməsi nəzərdə tutulan referendum vahid blok yaratmaqda çətinliklə üzləşən radikalları möhkəm silkələmişdir. Əks təqdirdə onlar div yuxusundan oyana bilməyəcəkdilər. Bu dəfə keçmiş "dördlük" eyforiyası yaşayan Əli Kərimov, Lalə Hacıyeva, İsa Qəmbərov və Etibar Məmmədov yanvarın 28-də görüşüb, son siyasi prosesləri müzakirə etmişlər.

Xatırlatmaq yerinə düşərdi ki, Ə.Kərimov və L.Hacıyeva "Azadlıq" blokunun üzvləridir və İ.Qəmbərov, E.Məmmədov və digər radikal mövqeli liderləri bloka cəlb etməyə cəhd edirlər. Ancaq nə Müsavat başqanı, nə AMİP lideri, nə də digər radikal partiya liderləri onların bu təkliflərini qəbul etməmişlər. Ancaq radikal qurumların hamısı referendum əleyhinə təşviqat aparmaq üçün öz məxsusi qurumlarını təsis etmişlər.

Radikallar yerlərdə imzatoplama kampaniyasını davam etdirən təşkilatlara mane olur və təxribatlar aparmaqla, əhaliyə təzyiq göstərir, onların referendumda iştirakına mane olmağa cəhd edirlər. Həmişə ayıq-sayıq olan asayiş keşikçiləri onların fəaliyyət dairələrinin genişləndirilməsinə yol vermirlər. Radikallar isə dərhal vay-şivən qopararaq, beynəlxalq təşkilatlara donoslar göndərməkdədirlər.

Yanvarın 28-də bir araya gələn İ.Qəmbərov, Ə.Kərimov, L.Hacıyeva və E.Məmmədov son hadisələri təhlil etməyə girişmişdir. Onlar referendum əleyhinə birgə fəaliyyət göstərmək üçün qüvvələrini cəmləşdirmək yönündə fikir mübadiləsi aparmışlar. "Dördlər"in fikrincə, yerlərdə təxribatlar aparmaqla əhalidə referendum əleyhinə qıcıq yaratmağın vacibliyini ön plana çəkmişlər.

Rayonlarda aparılan təxribat əməllərini davam etdirmək və tərəfdarlarında ruh yüksəkliyi yaratmaq üçün "dördlər" əvvəl bir neçə piket keçirmək, daha sonra mitinqlərə rəvac verməyi vacib cavab tədbiri hesab edirlər. Radikallar belə düşünürlər ki, bir neçə ardıcıl mitinq keçirməklə kütləvi aksiyaların dairəsini genişləndirmək mümkündür. Bundan sonra küçə yürüşləri mütəmadi hal alar və öz yerini fasiləsiz mitinqlərə verərdi.

Əlbəttə, "dördlər"in görüş keçirən məlum nümayəndələri belə hesab edirlər. Əsil gerçəklik isə başqa yöndə cərəyan etməkdədir. İqtisadi yüksəlişin qayıtmaz məcraya düşməsi siyasi sabitliyin yaxın on ildə öz yerini xaos və qarşıdurmaya verəcəyi radikalların xəstə təxəyyüllərinin fantastik məhsulu hesab edilə bilər. Xalqımız həmişə proses və hadisələrə real qiymət verməyi bacarmışdır. Bu gün də öz obyektiv sözünü deməkdə xalqımız heç bir çətinlik çəkmir. Yeganə məlum olan həqiqət odur ki, radikallar bu qalanı aşmağa nail olmayacaqdır.

Radikallar fevralın 7-də həmkarlarının keçirəcəyi mitinqdə iştirak etməyin vacibliyini vurğuladılar və ayrılıqda "dördlər"in öz mitinqlərini keçirəcəyinə əminlik ifadə etdirmişlər. Radikallar bu cür görüşlərlə nəyəsə nail olacaqlarına inanmırlar. Ancaq referendum zamanı xalqın əzmi və iradəsi onların yanlış yolda olduqlarını bir daha sübut edəcəkdir. Radikallar bunu bilsələr də, özlərini görməzliyə vururlar. Sonra isə beynəlxalq ictimaiyyətə başqa bayatı oxuyacaqlar.

Necə deyərlər, tarixin müxtəlif dönəmlərində bir radikal quyuya daş atır, yüzü quyu ətrafına toplaşsa da, onu necə çıxarmağın real yolunu tapmır. Daşı xalqını, dövlətçiliyini sevən adam yüz ölçüb-bir biçdikdən sonra çıxarıb kənara atır. Bu dəfə də belə olacaqdır. O vaxta qədər bu cür "dördlər", "beşlər" öz aralarında çox görüşlər keçirəcəklər. Vaqonu isə öz relsinə onlar yox, əsil xalq nümayəndələri qoyacaqdır. Odur ki, radikalların hərəkətlərindən təlaşlanmayıb, referendum gününü gözləməyi lazım bilirik.

Digər xəbərlər