PDF Oxu

Köşə

  • 14

Müxaliflər arasında siyasi varis yarış vasitəsilə müəyyənləşəcək

Müxaliflər arasında siyasi varis yarış vasitəsilə müəyyənləşəcək
Bu günlərdə İsa Qəmbərov, Əli Kərimov, Lalə Hacıyeva, Sərdar Cəlaloğlu, Eldar Namazov və digərləri bir araya gəlib cari problemlərin həlli məsələlərini müzakirə edirdilər. Başlıca məsələ yanvarın 31-də Novxanıda Məmmədəmin Rəsulzadənin qəbrini ziyarət etmək və orada mitinq keçirmək olmuşdur. Bu məsələdə ümumi razılıq əldə edildi. Ancaq bir məsələdə fikirlər haçalandı və bu mübahisə çözələnə-çözələnə bir neçə saat vaxt apardı.

Əli Kərimov öz çıxışında dedi ki, sədri olduğu AXCP (i) özünü M.Rəsulzadənin davamçısı hesab edir. Bu, o deməkdir ki, AXCP (i) M.Rəsulzadənin siyasi varisidir. İsa Qəmbərov söz alıb dedi ki, mən M.Rəsulzadənin siyasi varisi olmaq məqsədilə AXC-dən ayrılıb Müsavatı yaratdım. İ.Qəmbərov Müsavatın keçmiş Müsavat partiyasının siyasi varisi olmaqdan imtina etməyəcəyini bildirdi. Bu vaxt sinəsini qabağa verən "KAXCP" sədri Mirmahmud Fəttayev bildirdi ki, M.Rəsulzadənin yeganə siyasi varisi onun təmsilçisi olduğu partiyadır.

Arzu Səmədbəyli, Nəsib Nəsibli, Pənah Hüseynov və digərləri öz çıxış və replikalarında məhz özlərinin yeganə siyasi varis olduqlarını bəlağətli və fəsahətli sözlərlə sübut etməyə çalışırdılar. Nəticədə çoxlu vaxt sərf olundu və problem həllini tapmadı. Bir neçə saatlıq gərgin mübahisədən sonra radikallar yorulub əldən düşdülər. Bir qədər dincəldikdən sonra mübahisə yenidən qızışdı. Ancaq bu dəfə də nəticəsiz başa çatdı. Bu, bir neçə dəfə təkrar olundu.

Əvvəl istədilər öz aralarında püşk atıb işi bəxtəbəxtin öhdəsinə qoysunlar. Ancaq tezliklə bu fikirdən daşındılar. Bu vaxt "Evrika!" deyən radikalların "ideya generatoru" Pənah Hüseynov təkliflə çıxış etmək istədiyini bildirdi. Həmişəki kimi hamı susub ona qulaq kəsildi. P.Hüseynov min bir əda ilə qabağa çıxıb öz fikrini bildirdi. AXP sədri dedi ki, yanvarın 31-də özünü siyasi varis hesab edən hər bir maraqlı radikal bunu işdə sübuta yetirməlidir. İ.Qəmbərovun "Necə" sualına P.Hüseynov "Novxanıya birinci çatmaqla" cavabını verdi.

Radikallar xeyli götür-qoy etdikdən sonra bu qərara gəldilər ki, yanvarın 31-də konkret bir vaxtda hamı bir yerə toplaşıb öz maşınının sükanı arxasına keçir və hakimin işarəsindən sonra qazı basıb Novxanıya fitilləyir. Kim M.Rəsulzadənin qəbrinin yanına birinci çatsa, onun təmsilçisi olduğu partiya da siyasi varis elan olunur. Oxucularımızı əmin edirik ki, radikallar siyasi varislik məsələsini məhz bu cür yüngül yolla həll edəcəklər. Bundan sonra kimsə siyasi varislik titulunu ələ keçirmək istəsə, onu həmkarından avtomobil yarışı ilə ələ keçirə bilər. Bu, radikallara ümid verir ki, öz problemlərini, mütəmadi olaraq, belə asanlıqla həll etsinlər.

Haqqında söhbət gedən radikallar M.Rəsulzadənin qəbrini ziyarət etməyə gedərkən, həmişə mübahisə ediblər. Hər dəfə də mübahisələrini yarışı xatırladan bir formada həll etməyə nail olublar. Ötən il siyasi varislik məsələsi qəpik pulla müəyyən edildi. Tərəflər pulun bir üzünü seçib, bəxtlərini sınadılar və yarış hamı arasında getdikdən sonra üstünlük qazanan radikal həmkarlarını təbrik etdilər.

Sürət vasitəsilə siyasi varisliyə can atanlar bu zaman aralarında mübahisə yaranmamasına sevinir, bundan sonra bütün problemlərini bu yolla həll edəcəklərini bildirirlər. Hazırda haqqında söhbət gedən partiyaların hamısında qızğın iş gedir. Hər bir radikal lider və funksioner öz mühərrikinin gücünü artırmaq üçün üsullar axtarır. Kimin qalib gələcəyi isə yalnız yanvarın 31-də məlum olacaq. Bunu bildiyimiz üçün həmin tarixi günü gözləyirik. Radikalların zehni qabiliyyətinə isə şübhə yoxdur. Şükür qüdrətinə, ilahi!

Digər xəbərlər