PDF Oxu

Köşə

  • 11

Ərdoğanın və Peresin “QƏDƏR YAZISI”

Ərdoğanın və Peresin “QƏDƏR YAZISI”
Davosdan yazmaya bilməzdim. Çünki İsveçrənin qarlı-şaxtalı bir guşəsi olan Davos, dünyanın bütün hadisələrini ortaya qoydu. Keçən həftə bütün dünyanın gözü onda idi. Hətta ABŞ-ın yeni seçilmiş prezidenti mister Barak Obamanın Ağ Evə qapıdan yox, pəncərədən girməyə cəhd etməsi də, Davos iqtisadi forumuna kölgə salmadı. Hamı bildi ki, dünya ƏSƏB MÜHARİBƏSİNƏ çevrilib. Hər kəs əsəbidir!

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ilə İsrail prezidenti Şimon Peres arasındakı bütün dünyanı silkələyən "razborka" da, əsəb gərginliyinin "məhsulu" idi. Neçə illərdir ki, Şərqdə strateji müttəfiq olan iki ölkə, məhz Davosda bir-birinə "girdilər". Ş.Peres bu hadisəni bir "QƏDƏR YAZISI" adlandırsa da, bu məsələnin arxasında tamam başqa mətləblər dayanır. Bir sıra ekspertlər, bu olaydan sonra, Türkiyənin "başının bərk ağrıyacağını", erməni lobbisinin bundan istifadə edib yəhudi diasporu ilə birləşərək anti-Türkiyə kampaniyasına başlayacağını deyirlər. Amma qətiyyən belə olmayacaq! Dünyanın bütün mexanizmlərini idarə edən yəhudi gücləri, xırda olaya görə çoxillik müttəfiqliyi XƏRCLƏYƏ BİLƏCƏK qədər cılız deyil.

Üstəlik, Türkiyə, Yaxın Şərqdə üzük qaşı kimi əhatəyə alınan İsrail üçün mühüm önəm daşıyır. Türkiyə, sadəcə olaraq, bütün dünyaya mövqeyini bəyan etdi. Digər baxımdan, rəsmi Ankara, regionun lider dövləti olaraq onunla necə danışılması qaydalarını ən yaxın müttəfiqinə başa saldı. Sözün qısası, Türkiyə onunla hesablaşmağın vacibdən də vacib olduğunu və SUPERGÜC dövlət mövqeyini Davosda ortaya qoydu. Amma biz çox istərdik ki, bizim üçün dost olan İsraillə qardaş Türkiyənin münasibətləri yenə müttəfiqlik məcrasına dönsün. Bizə onların savaşı yox, əməkdaşlığı lazımdır. Davosdakı olay isə, həqiqətən, bir "qədər yazısı" və ya əsəb bombası idi. Ş.Peres də əsəbi idi, R.T. Ərdoğan da.

Davosda Rusiyanın baş naziri Vladimir Putinin ABŞ əleyhinə sərt ittihamlar yönləndirməsindən də göründü ki, dünya liderləri çıxış yolları aramaq əvəzinə, müttəhim-hakim obrazına girmişdi.

Amma ən kritik an, Azərbaycan Prezidenti, Türkiyənin baş naziri və İranın xarici işlər nazirinin iştirak etdikləri toplantıda baş verdi. Ermənistan prezidenti Serj Sarkisyan, sələfi Robert Köçəryan kimi, yenə QAÇDI! Özü də bütün dünyanın gözü qarşısında. S.Sarkisyan bununla onu ortaya qoydu ki, o, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hətta fikir söyləmək iqtidarında olmayan zavallı bir fiqurdur. Davosdakı qorxaq və yazıq görkəmi ilə erməni prezidenti, bütünlüklə dünyanı özünə güldürdü. Bu hadisə onu göstərdi ki, onun oturduğu "koltuk" onluq deyil. Xüsusilə, İsrail prezidenti ilə "razborkadan" qayıdan Türkiyə baş naziri ilə görüşərkən, bir küncə qısılan S.Sarkisyan lap yazıq təsiri bağışladı. O, qorxudan Ərdoğanın üzünə baxmağa da cəsarət etmirdi.

Ən maraqlı odur ki, erməni lobbisi S.Sarkisyanı açıq şəkildə "xərcləməyə" başlayıb. Nədir bu xərcləmə? İlk növbədə, erməni diasporu L.T.Petrosyanla ölkədaxili razborkada sınaqdan üzüqara çıxan S.Sarkisyanla yollarını ayırmaqda qərarlıdır. Çünki S.Sarkisyanın Davosa nə üçün gəldiyi, nə iş görməsi heç kimə məlum deyildi. Hətta bu proses onun simasından da məlum olurdu. Anadolu türkü demişkən, adam, sadəcə, çaşıb qalmışdı ki nə işlə məşğul olsun. Düzdür erməni lobbisinin S.Sarkisyanla vidalaşması üçün Kremlin də "dobrosu" lazım olacaq. Kreml açıq şəkildə özünün forpostuna çevirdiyi Ermənistanda kimi iş başına gətirəcəyini yüz dəfə götür-qoy etməlidir. Artıq Moskva o Moskva deyil ki, kiməsə güzəşt etsin və ya təzyiqlərin qarşısında baş əysin. Kreml artıq Boris Yeltsinin vaxtındakı deyil, cənablar! Keçən il rus əsgərinin Gürcüstanın içərilərinə qədər gedib çıxması da onunla bağlı idi ki, artıq mən də VARAM və heç kimə bir qara qəpik də olsun güzəşt etməyəcəm.

Böyük nəzarət imkanlarını itirən Rusiyanın daha geri çəkiləsi yeri də yoxdur və son proseslər onu gücləndirib. Elə son "qaz müharibəsi" zamanı Rusiyanın Avropanı soyuqdan dondurması və Avropa liderlərinə sözünü diqtə etməsi də bunu açıqca sübut edir. Amma görəsən, Kreml S.Sarkisyanın itirilməsi ilə razılaşacaqmı? Bax, bu, ciddi məsələdir. Həm qərbdəki erməni lobbisi, həm də Kreml başbilənləri S.Sarkisyanı dəyişməkdə maraqlı görünür. Ağzı pendir kəsməyən və istənilən an satılmaq "şansı olan" erməni prezidenti heç kimin maraqlarına cavab vermir. Şübhəsiz ki, Rusiyaya yeni dönəmdə yeni fiqur lazımdır. Elə seçkilər ərəfəsində Barak Obamanı dəstəkləyən və indi ondan verdiyi vədləri tələb edən erməni lobbisi də, yeni prezident axtarışındadır. S.Sarkisyan isə növbəti qurbanlıqdır!

Digər xəbərlər