PDF Oxu

Köşə

  • 11

“DUİ”-çilər başlarını radikal başlara qatmaq istəyir

“DUİ”-çilər başlarını radikal başlara qatmaq istəyir
Radikallar yeni qurum yaratmaq istəyəndə, müəyyən səbəbdən, onlardan narazı qalan "KAXCP" sədri Mirmahmud Fəttayev həmkarlarına maneçilik törətmək üçün özünə məxsusi qurumunu yaratdı. "Azadlıq" bloku iflas mərhələsinə qədəm qoyanda, radikallar "altılıq", "beşlik", "Müxalifətin Məşvərət Şurası" və bu kimi qurumlarda toplaşıb sanballı radikal bloku yaratmaq haqda məsləhətləşmələr aparanda, M.Fəttayev özünün "Demokratiya Uğrunda Hərəkatı"nı ("DUİ") yaratdı. Əlbəttə, dərhal bir neçə partiya "DUİ"-də "KAXCP" ətrafında toplaşdı. "DUİ"-çilər içərisində ən çox nəzərə çarpan "Azadlıq" partiyası, AXP və "AMDP" olmuşdur.

Atalarımız "taylı tayın tapmasa, pis keçər axır günü" demişlər. Özlərini bütün müxalifətin başçısı hesab edən İsa Qəmbərov, Əli Kərimov, Sərdar Cəlaloğlu, Rəsul Quliyev, Lalə Hacıyeva, Etibar Məmmədov kimilərindən narazı olan "DUİ"-çilər digər partiyaları da məlum liderlərdən ayırmaq üçün dəridən-qabıqdan çıxırlar.

Haqqında söhbət gedən radikallar isə "bineyi-qədimdən", "Uğur" və "Azadlıq" birlik və bloklarında heç də bütün radikalları qanadları altına çəkib, onlara qrant payı vermək istəmirdilər. Bu səbəbdən də, "cırtdanlar" ayrı-ayrı qurumlarda birləşib, qrant üstündə təklikdə oturmaq istəyənlərə meydan oxuyur, onları sancır və qıcıqlandırırdılar.

Son vaxtlar "DUİ" daxilində də canlanma hiss edilməkdədir. Başlıca məqsəd həm ölkədaxili, həm də xarici maliyyə dəstəkçilərinin diqqətini cəlb etməkdir. Bu cür maraqlı dairələr isə hələ ki, yalnız "hüquq-müdafiə" təşkilatlarını tanımaqdadır. Çünki həmin qurumun rəhbərləri yalnız donoslara inanırlar. Son vaxtlar "MƏM" radiklaları referendum əleyhinə kampaniya aparmaqdadırlar. Sözsüz ki, bu mövzuda beynəlxalq təşkilatlara şikayətlər edir, donoslar yazırlar. Deyirlər ki, rayon mərkəzində hüquq-mühafizə orqanı əməkdaşları onları işləməyə qoymur, demokratik prinsipləri pozur, insan hüquqlarına hörmətlə yanaşmırlar.

Maliyyə dəstəkçiləri radikalların hərəkətlərinə diqqət kəsilməyə başlayıblar. Görünür, bizim radikalların dediklərini yaddaşlarına həkk edib, hansısa beynəlxalq təşkilatda bizi Ermənistanın ayağına verəcəklər. Əllərindəki əsas bizim radikalların donoslarıdır. İndi bizə bir daha əyani tərzdə məlum olur ki, bizim radikallar öz bəd əməlləri ilə bu və ya digər dərəcədə radikalların dəyirmanına su tökürlər. Onsuz da radikalların ermənilərlə əlaqə yaradaraq, pul qazanmaq istəmələri sübuta ehtiyac olmayan riyazi bir hal, yəni aksiomadır. Radikallar ifratçılığa meyil etdikləri gündən oturduqları budaqları kəsəcəklərinə, yəni xalq və dövlətçilik əleyhinə mübarizə aparacaqlarına söz vermişlər. "DUİ"-də toplaşanlar da böyük radikalların sıralarına qoşulub, onları təqlid etmək yolu ilə qaz vurub qazan doldurmaq, yəni qrant qazanmaq istəyirlər. Bu arzularını yerinə yetirmək üçün onlar istənilən addımı atmağa hazırdırlar. Bu gün "DUİ" daxilində düşən mübahisə bir çoxlarını düşündürməyə məcbur edəcəkdir. "DUİ"-də təmsil olunan "Azadlıq" partiyasının sədri Əhməd Oruc, "KAXCP"-nin sədr müavinləri Zəlimxan Məmmədli, Mehriban Vəzir, AXP sədri Pənah Hüseynov, "ADMP"-nin sədr əvəzi Ramiz Tağıyev və köməkçisi Tufan Kərimov şövqlə təklif etmişlər ki, "MƏM"-çilərlə birlikdə "DUİ"-nin M.Rəsulzadənin siyasi varisi olduğunu müzakirə etsinlər. Mirmahmud Fəttayev cavab olaraq bu cür mübahisələri ittifaq daxilindən kənara çıxarmamağı məsləhət görmüşdür. Həmkarlarının yekdilliklə verdikləri "nə üçün" sualını "KAXCP" sədri bu cür cavablandırmışdır: "MƏM"-çilər bizi öz sıralarına buraxdılar ki, biz də hər hansı bir məsələni onlarla birlikdə müzakirə edək?" Onun bu cavabı, deyəsən, "DUİ"-çilərin başına girmir və qurdalaya-qurdalaya yeni mübahisə mövzuları üzə çıxarmağa cəhd edirlər. "Qurdalsan, qurdu çıxar!" deyən atalarımız isə bu yöndə fəaliyyət göstərməyi məsləhət görmürlər.

Bəs "DUİ"-çilər neyləyəcəklər? M.Fəttayevin cavabından ibrət dərsi götürəcəklərmi? Onlar "MƏM"-çilərlə işbirliyi qurmaq üçün öz fikirlərində israr edəcəkmi? Böyük Cəlil Məmmədquluzadə demişdir: "Sözünüzü o şəxslərə deyin ki, sizə qulaq asmırlar". "DUİ"-çilər də bu ifadələri hərfi mənada qəbul edib, onları eşitməyən radikallarla birgə layihələr hazırlamaq istəyirlər. Böyük demokrat isə məlum ifadəni işlədərkən sırf savadsızları nəzərdə tutmuşdu. Bir neçə onillikdən sonra onun bu ideyası gerçəkləşdi. O vaxt 20-ci əsrin birinci rübü idi. Hazırda 21-ci əsr onilliyini tamamlamaq üzrədir. Kompüter əsri hökm-fərma olmuşdur. Bu gün ifrat radiklalar kifayət qədər məlumatlıdır. Odur ki, onlara söz deməklə yerlərindən qımıldatmaq qeyri-mümkündür. O ki arada pul, qrant məsələsi ola! Radikallar çalışırlar ki, ünvanlarına gələn maliyyə vəsaitini təklikdə mənimsəsinlər. Belə bir vaxtda boğazortağı funksiyası daşıyan "DUİ"-çilərə yer qalırmı?

Digər xəbərlər