Axirətimiz və İsgəndərin NƏSİHƏTİ
Hər kəsin, hər bir yaradılanın ALLAH qarşısında hesab günü var. Hər kəs bu dünyada etdiyi əməllərinə görə, axirətdə cavab verməli olacaq. Allah təkdir, hesabı da təkdir! Allah biz insanları yaşamaq üçün, bizə bəxş etdiyi nemətlərdən bəhrələnmək üçün yaradıb. Dünya üzərindəki bütün nemətlər və canlılar onun kəraməti ilə yaradılıb. Bu yazımın konkret hədəfi, insanları mənəvi dəyərlərimizə və inanclarımıza qayıtmağa səsləməkdir. Təəssüf ki, adlarını "molla" qoyub dini inanclardan öz maraqları və alver predmeti kimi istifadə edənlər, dini də, mənəvi dəyərləri də gözdən salmaqla məşğuldurlar. Bu adamlar islam dinin, mənəvi dəyərlərin xalq arasında daha da geniş şəkildə təbliğ olunması əvəzinə, elə işlərlə məşğuldurlar ki, bu qəbuledilməzdir. Bu adamlar xeyir-şər məclislərini elə şəkilə salıblar ki, rəhmətə gedəndən daha çox, məclis yiyələri yüz dəfə "ölüb-dirilirlər". Bu barədə aşağıda geniş danışacağam.
Gəncləri, yeniyetmələri mənəvi zənginliyə, adət-ənənələrimizə səsləmək böyük savab, xeyirli işdir. Bilin ki, bir yetimin, fağırın əlindən tutub kömək edəndə, bunu Allah sizin axirət gününüzə yazacaq, savabınızın üstünə savab gələcək. Deməli, pisliyə qarşı ən böyük addım yaxşılıqdır. Hər bir əməlin axirət imtahanı var. Çalışın bacardıqca insanlara əl tutun. Heç kəsin əməli, etdiyi iş unudulmur. Elə yaxşılıq edin ki, sizdən sonra gələnlər, sizinlə qürur duysunlar. Makedoniyalı İskəndər son nəfəsində vəsiyyət edir ki, onu son mənzilə aparanda əllərini tabutdan çıxarıb, ovcuna bir biçim torpaq qoysunlar. Səbəbini soruşanda, dünyanın yarısına qədərini zəbt edən bu hökmdar deyir ki, qoy insanlar görsünlər ki, İskəndər bu dünyadan bir ovuc torpaqdan savayı heç nə aparmır. Bəli, bu dünyanın nə qədər fani olduğunu, qazandığın alqışla nifrətin, var-dövlətin bu dünyada qalacağını hər kəs bilməlidir və dərk etməlidir.
Son bir neçə il ərzində dövlət başçısı tərəfindən mənəvi dəyərlərimizin, dini inanclarımızın qorunması üçün çox böyük işlər görülüb. Məscidlərin yenidən qurulması və təmir olunması buna sübutdur. Biz bunu tərif üçün demirik. Onsuz da bunun tərifə-filana nə ehtayacı var ki. Görülən hər bir işin, edilən hər bir gözəl əməlin QİYMƏTİNİ GÖYDƏKİ ALLAH verəcək, biz kimik ki! Amma etiraf etmək lazımdır ki, hələ də mənəvi dəyərlərimizin, islam dininin gözəl nəsihətlərinin insanlara çatdırılması üçün maarifləndirmə işləri istənilən səviyyədə deyil. Mən sovet dövründəki quru sözdən və ibarələrdən ibarət olan səhifə-səhifəlik yazıları demirəm. Mən hər bir insana, xüsusilə, uşaqlara mənəvi dəyərlərimizin, islam dinimizin gözəl nəsihətlərini, məntiqini onların beyninə yata biləcək tərzdə öyrətməyi deyirəm. İndi bir sıra Qərb ideoloqlarının "terrorçu din" kimi təqdim etdikləri İSLAM DİNİ, müqəddəs "Qurani Kərim" dünya demokratiyası, insanlıq üçün ən böyük KONSTİTUTSİYADIR axı!
Bir məsələni deməsəm, heç cürə olmaz. Hər kəs bilir ki, indi mollalar, yağışdan sonra çoxalan göbələk kimi artıb. Bu hal xüsusilə rayonlarda daha kütləvi hal alıb. Kimin ki, iş-güclə arası yoxdur, kim ki, zəhmət çəkib alın təri ilə pul qazanmaq istəmir, yaşından asılı olmayaraq əlinə Azərbaycanca balaca kitabça götürüb mollalıqla məşğuldurlar. Keçmiş sürücülərdən, mühasiblərdən, sovet vaxtı min bir fırıldaqla "baş kəsənlərdən" ibarət mollalar dəstəsi, rayonlarda yaman "bərk gedirlər". Təsəvvür edin ki, indi rayonlarda, Allah eləməsin, kimin hüzürü düşsə, gərək çıraq götürüb əl-əl molla axtarsın. Çünki hamısı əvvəlcədən sifarişlidirlər və ya ancaq rayondakı "karlı adamların" yasını yola verirlər. Lap keçən əsrin əvvəllərində, Mirzə Ələkbər Sabirin yazdığı kimi. Bunların kiril əlifbası ilə oxuduqları surələrdən, onların mənasından belə xəbərləri yoxdur. Özü də bunlar ancaq varlı-karlı adamların "işinə yarıyırlar". Mən şəxsən Dəvəçi rayonunda elə mollalar tanıyıram ki, kasıbın hüzrünə yaxın durmurlar, ya da varlı bir "kliyent" çıxan kimi kasıb məclisini yarımçıq qoyub varlının arxasınca qaçırlar. Bu dəhşətdir. Bunlar yas məclislərində camaata ibrətli sözlər, axirəti anladan nəsihətlərdən söz açmaq əvəzinə, siyasətdən, ABŞ prezidentindən, şou-biznes müğənnilərindən danışırlar. Aş-qara yemək də öz yerində. Daha dəhşətlisi odur ki, son vaxtlar xeyir-şər məclisləri sanki yarış meydanına çevrilib. Yazıq kasıb dövlətlidən geri qalmamaq üçün, borc-xərcə girib iki-üç toyluq yemək-içmək düzəldir ki, dost-düşmən yanında üzüqara olmasın. Deməli, rəhmətə gedəndən sonra, onun varisləri də borc altında çapalamalı və rüsvay olmalıdırlar. Bəs niyə özlərini molla adlandıran adamlar, belə "yarışların" aradan qalxması və bu cür işlərin islam dininə, rəhmətə gedənin ruhuna təhqir olduğunu camaata başa salmırlar?. Çünki öz "qazanclarını" itirmək istəmirlər. Bu dünya fanidir, əzizlərim, əsas, AXİRƏT dünyasıdır!