PDF Oxu

Köşə

  • 12

10 aprel mitinqinin məqsəd və vəzifələri

10 aprel mitinqinin məqsəd və vəzifələri

Sonuncu yazımızda Rauf Arifoğlunun İ.Qəmbərovdan ayrıldıqdan sonra ətrafına toplaşmış bir qrup müsavatçının dəstəyi ilə keçmiş "Yeni Müsavat" partiyasını bərpa etmək istəyindən yazmışdıq. Sözsüz ki, hər hansı bir partiya və ya qurumun yaradılması üçün maliyyə dəstəyi lazımdır. R.Arifoğluna maliyyə dəstəyində keçmiş DTK əməkdaşı İlham İsmayıl yardımçı olacaqdır. O, yaxın və uzaq xaricdəki dostlarının köməyindən istifadə edəcəkdir. İ.İsmayıl bu cür dostlarının kifayət qədər çox olduğunu bildirir.

Radikal cinahda da maliyyə dəstəyi üstündə ölüm-dirim savaşı gedir. Müsavat, AMİP, "MBH" və AXCP (i) liderləri keçmiş nüfuzlarını bərpa etmək üçün ən çirkin oyunlara belə getməyə hazır olduqlarını nümayiş etdirirlər. Məlum olduğu kimi, Gürcüstan müxalifəti aprelin 9-da Tbilisinin mərkəzi meydanlarının birində mitinq keçirməyə hazırlaşır. Onlar Mixail Saakaşvilinin uğursuz siyasətindən narazılıqlarını ifadə etmək fikrindədirlər. Onlar Abxaziya və Cənubi Osetiyanın Gürcüstanın nəzarətindən çıxmasının məsuliyyət yükünü ölkə prezidentinin üzərinə yükləyir və M.Saakaşvilinin istefasını istəyirlər.

Serj Sarkisyanın ötən il prezident kürsüsünə 1 mart qırğını üzərindən keçib çıxması erməni müxalifətinin bir nömrəli problemi kimi ortaya çıxıb. Erməni müxalifətinin başında sabiq prezident Levon Ter-Petrosyan durur. O, Rusiya rəsmilərini qıcıqlandırmamaq üçün S.Sarkisyanın istefasını tələb etməyi lazım bilmir. Əksinə, çalışır ki, şəhər meri postunu tutmaqla mübarizəsini davam etdirsin. Aprelin 11-də Ermənistan müxalifəti Yerevanda növbəti mitinqini keçirmək istəyir.

Ermənistan Demokratik Qüvvələrin lideri Stepan Demirçiyan Azərbaycan müxalifətinin də Bakıda mitinq keçirməsini istəyir. Bu məsələ ilə əlaqədar o, AXCP (i) sədri Əli Kərimovla telefon söhbəti aparmışdır. O, azərbaycanlı həmkarını Cənubi Qafqazda təşkil edilən müxalifətin mitinqinə qoşulmağı təklif edir. E.Dəmirçiyan Ə.Kərimova xarici diaspora vasitəsilə maliyyə dəstəyi etməyə hazır olduğunu bildirib.

Ə.Kərimov erməni həmkarının təklifini dərhal İ.Qəmbərov, E.Məmmədov və L.Hacıyevaya çatdırmağı lazım bilmişdir. Dərhal yığıncaq keçirməyi lazım bilən Müsavat, AXCP (i), AMİP və "MBH" liderləri gürcü və erməni həmkarlarının səsinə vaxtında səs vermək üçün aprelin 10-da mitinq keçirmək təklifi ilə çıxış etmişlər. Haqqında söhbət gedən liderlər aprelin 10-da alababat bir mitinq keçirə biləcəkləri təqdirdə, gürcülərdən də olmasa, erməni həmkarlarından güclü maliyyə dəstəyi ala biləcəklərinə inanmağa başlamışlar.

Ə.Kərimov yaxşı başa düşür ki, maliyyə mənbəyinin haradan qaynaqlanmasına baxmayaraq, bir çox radikal mövqeli partiyadaşlarının ürəklərini ələ almağa müvəffəq olacaqdır. Radikalların yeganə düşməni erməni yox, ölkə iqtidarı olduğundan, Ə.Kərimovun nəzəri mülahizəsi özünü doğrulda bilər. Bir vaxt ermənilərlə casusluq əlaqəsinə girən Ruslan Bəşirlini coşqunluqla müdafiə edən Ə.Kərimov və həmkarları həmişə pul verən erməniyə xidmət etməyə hazırdırlar.

Müsavat başqanı İ.Qəmbərov 2006-cı ildə Parisdə olarkən, məmnuniyyətlə erməni diasporası nümayəndələri ilə görüşərək onlardan maliyyə yardımı istəmişdir. İndiki məqamda S.Demirçiyanın təklifi onun üçün göydəndüşmə olmuşdur. E.Məmmədov və L.Hacıyeva da cibiboş halda quru milli qürur hissi keçirməklə kifayətlənmək fikrində deyillər.

Onlar, nəyin bahasına olursa-olsun, aprelin 10-da Gürcüstan və Ermənistan müxalifətinə həmrəyliklərini nümayiş etdirmək məqsədilə Bakıda mitinq keçirmək istəyirlər. Mitinqin baş tutacağı təqdirdə, sonralar Tbilisi və Yerevanda keçirilən Cənubi Qafqaz müxalifətinin rəsmi yığıncaqlarında təmsil olunmağın qayğısına qalacaqlar. Onların fikrincə, radikalların mübarizəsi bundan sonra daha da güclənəcəkdir.

Digər xəbərlər