PDF Oxu

Köşə

  • 19

Qurban Məmmədovun şərtli üzrxahlıq təklifi

Qurban Məmmədovun şərtli üzrxahlıq təklifi

Qurban Məmmədov:

Əlini "xoruz"la məhv eyləmişəm,
"Yaramaz" deməklə səhv eyləmişəm,
Hər kobud sözünü əfv eyləmişəm,
Mənə Azər özü verəydi dəstək.

Azər Əhmədov:

Sağ olsun ki, Qurban məni aradı,
Məlum hadisədən əzam yaradı,
Əlinin yanında üzüm qaradı,
Barışdırmaq üçün olsa da istək.

Qurban Məmmədov:

Siz məni az boğun alın tərimdə,
Əlidə insaf da çoxdu, kərim də,
Xeyli azalardı qələtlərim də,
Mənim islah yerim olsaydı Güzdək.

Azər Əhmədov:

Əli də, İsa da məndən uludu,
Məni cəlb eyləyən bossun puludu,
Şuluqluq işində sinəm doludu,
Qələt eyləməkdə deyilsən heç tək.

Qurban Məmmədov:

Gərək bağışlana naqis də, səy də,
Bağışlayan olub Tanrı da göydə.
Məni bağışlamır heç Əli bəy də,
İçdən göynəyirəm mən azı diş tək.

Azər Əhmədov:

Qaldım arasında xeyirlə şərin,
Özüm də özümə dedim afərin,
Düzü, məhəbbətdə getmədim dərin,
Vallah, hər gözəldən aldım bir dişlək.

Qurban Məmmədov:

Əlini söyməkdə düzü çox pərtik,
Bağışla deməyə əzmkar, mərdik,
Birlikdə biz "İP"-də çox iş görərdik,
Əli əmr verən, mən isə işlək.

Azər Əhmədov:

Bassan qədəmini "Yurd" binəsinə,
Üzün yayılarsa yağ sinəsinə,
Min manat yatırsan xəzinəsinə,
Əfv etmək Əliyçün adi su içmək.

Qurban Məmmədov:

Heç zaman bu həddə çirk eyləmirdim,
Tamaşa göstərib, sirk eyləmirdim,
Düzü, heç əməlli dərk eyləmirdim,
Belə çətin imiş qüsurdan keçmək.

Azər Əhmədov:

Əvvəl ağızları sulandırıbsan,
"Yurd"u yeddi yerdən sən yandırıbsan,
Əlinin könlünü bulandırıbsan,
İnsaf hüdudunu çətindi deşmək.

Qurban Məmmədov:

Bosslar tərəfindən əsməkdə xoş meh,
Ancaq daxilində göl olmaqda şeh,
İsanın qalyanı, əlində təsbeh,
Əliyə verərdim gümüşü çeşmək.
Azər Əhmədov:

Artıq yol verilib nifrinə, şərə,
Bir cürə pul umur bosslardan hərə,
Məsləhət görmürəm heç bir liderə,
Vaxtından çox əvvəl bığını eşmək.

Qurban Məmmədov:

Cümlə liberallar key siyasətçi,
Qoqolda əcinnə Viy siyasətçi,
Sənin Əli bəyin çiy siyasətçi,
Ona çox lazımdı mənim tək bişmək.

Azər Əhmədov:

Çoxdu ifratlarda indi səy insan,
Pis siyasətçidi Əli, ey insan,
Barda qızlar ilə eyş-işrət asan,
Onun qəbuluna çətindi düşmək.

Qurban Məmmədov:

Onu qəbul etmir nə liman, nə port,
Hətta yaxın qoymur heç bir aeroport,
Əli alsa idi xarici pasport,
Çoxdan istərdi ki, xaricə köçmək.

Azər Əhmədov:

Sənə məqsəd güdmək gəlməsin asan,
Gərək bir dəlidən yararlanasan,
İstədim Əlidən yararlanasan,
Mümkünmü məhsulu əkmədən biçmək?
Qurban Məmmədov:

Əlinin işləri çürüdü, qoxdu,
Qurban başqa cürdü, gözləri toxdu,
Yaxşı ölçməyin də axırı yoxdu,
Pis olub həmişə, əşşi, pis ölçmək.

Azər Əhmədov:

İndi ingiliscə, ya "Yurd"ca konuş,
Əliyə xaric də, bosslar da tanış,
Sən gəl Əli haqda xoş sözlər danış,
Ürək bulandırar, sözsüz, hər milçək.

Qurban Məmmədov:

Radikaldan bezər Muğan da, Mil də,
Əlisi, İsası batıbdı gildə,
İfratlarda yoxdu dilçək də, dil də,
Dilin olmasa da, olmalı dilçək.

Azər Əhmədov:

Hər ayrı otaqda bəxtini sına,
Liderin bilsə də qəsd etmə cana,
Mənimçün hər otel bir xəlvətxana,
Məşuqə sevilməz əllərdə əlcək.

Qurban Məmmədov:

Bossdan əli çıxan ah-vayındadı,
Radikallar süqut harayındadı,
İsa da, Əli də öz hayındadı,
Gərək hər addımı biz düzgün ölçək.

Azər Əhmədov:

İsası natamam, Əli natamam,
Özüm kimisi var bir-ikisi tam,
Problem, çətin ki, həll olsun tamam,
Onlardan birini sıradan silcək.

Digər xəbərlər